Türkiyəli dövlət qulluqçuları Azərbaycanda səfərdədir

turkiyeli-dovlet-qulluqculari-azerbaycanda-seferdedir
Oxunma sayı: 633

“Qafqazinfo”nun məlumatına görə, nümayəndə heyətinə Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Ətraf Mühit və Şəhərsalma Nazirliyinin, Dövlət Kadrlar İdarəsinin, Dini İşlər İdarəsinin və Elmi-Texnoloji Araşdırma Qurumunun nümayəndələri daxildirlər.

Oktyabrın 31-də “Ambassador” otelinin konfrans zalında Türkiyəli dövlət qulluqçuları üçün Azərbaycan Respublikasının dövlət qulluğu sistemi barədə Komissiya əməkdaşlarının təqdimatları olmuşdur. Tədbirdən öncə qonaqları salamlayan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov iki qardaş ölkə arasında bütün sahələr üzrə, o cümlədən də dövlət qulluğu sahəsi üzrə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirmiş və 2010-cu ildən başlayaraq təcrübə mübadiləsi məqsədi ilə təşkil olunan qarşılıqlı səfərlərin bu əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyini vurğulamışdır.

Sonra Komissiyanın əməkdaşları “Azərbaycan Respublikasında dövlət idarəçilik sistemi”, “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya barədə ümumi məlumat” və “Azərbaycan Respublikasında dövlət qulluğuna E-qəbul” mövzularında təqdimatla çıxış etmişlər.

Türkiyəli dövlət qulluqçularının səfəri noyabr ayının 4-dək davam edəcək. Bu müddət ərzində qonaqlar Mədəniyyət və Turizm Nazirliyinin, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətlərini əks etdirən təqdimatlarla tanış olacaqlar. Bundan başqa qonaqlar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində olacaqlar.

Azərbaycan Respublikasının bir qrup dövlət qulluqçusunun Türkiyə Respublikasına qarşılıqlı səfəri cari ilin dekabr ayında olacaqdır.