Türkiyəli nazir Eldar Mahmudov haqda demişdi ki...

turkiyeli-nazir-eldar-mahmudov-haqda-demisdi-ki
Oxunma sayı: 10757

Seymur Verdizadə

Obyektivliyinə şübhə etmədiyim köhnə tanışlarımdan biri ötən gün küçədə qarşımı kəsib, salam-kəlamsız belə dedi: “Eldar Mahmudov haqda nə qədər yazmaq olar? Bu adam vəzifədə işləyəndə niyə bir dəfə onun adını çəkmirdiniz?”

Soyuq havada mübahisə etməyə həvəsim olmasa da, qısa izahat vermək məcburiyyətində qaldım: “Mətbuatın gündəmini ölkədə baş verən ən mühüm hadisələr təşkil edir. Eldar Mahmudov 11 il milli təhlükəsizlik naziri işləyib. Əgər o, öz xalqına xəyanət edirsə, bu barədə yazmaq jurnalistlərin vəzifəsidir”.

Tanışımın məzlum görkəm alıb, üzümə baxdığını görəndə, fikrimi bir qədər də qüvvətləndirməyə qərar verdim: “Əgər sabah Filippinin milli təhlükəsizlik naziri xain çıxsa, onun haqqında cəmi 3-4 cümlə yazacağıq. Qoy, bu mövzuda araşdırmanı filippinli jurnalistlər özləri aparsınlar”.

Ötən 11 ildə Eldar Mahmudov haqda az yazmağımızın əsas səbəbi odur ki, digər vətəndaşlar kimi, biz jurnalistlər də MTN-i ölkənin “onurğa sütunu” hesab etmişik. Vətənpərvər bir yazar kimi əsas olmadan ölkənin “onurğa sütunu”nu zədələməyi öz ləyaqətimə sığışdırmamışam. Mən, faktlarla işləməyi sevən jurnalistəm. Əgər indiyə kimi Eldar Mahmudov, ya da MTN-in hansısa əməkdaşının törətdiyi qanunsuzluqlar barədə əlimdə fakt olsaydı, bəlkə də yazardım. Necə ki, Eldar Mahmudovdan daha çox stajı olan Kəmaləddin Heydərov, Ziya Məmmədov, Hüseynqulu Bağırov kimi nazirlər haqda əldə etdiyim faktların üstünə bəzən beşini də qoyub yazıram. Digər məmurlar kimi Eldar Mahmudov da toxunulmaz deyildi. Sadəcə olaraq, reketlik edib pul qazanmağı, iş adamlarını soyub-talamağı biz ona yaraşdırmamışıq. Axı biz neyləyək ki, Eldar Mahmudov sıravi bir jurnalist qədər də öz ləyaqətini qoruya bilməyib. Məsələn, mən heç vaxt rüşvət almamışam. Ona görə yox ki, heç kim mənə rüşvət vermir. Ona görə ki, evimə haram tikə aparmağı ləyaqətimə sığışdırmıram. Hansı ki, mənim rüşvət alıb-almamağım çox şeyi dəyişmir. Azərbaycanda yüzlərlə “reket jurnalist” var ki, hər gün məmurları çapıb-talayırıar. Əgər sabah mən rüşvətə qurşansam, digər ləyaqətli həmkarlarım yenə jurnalistikanın şərəfini qoruyacaqlar. Yəni, Azərbaycanda mənim kimi minlərlə jurnalist var. Amma Eldar Mahmudov tək idi. O, ölkənin milli təhlükəsizliyini təmin etməyə borclu olan bir quruma rəhbərlik edirdi. Hətta məmur ordusunun 99 faizi yolundan azsa belə, Eldar müəllim nəfsinə hakim olmalıydı. Var-dövlət, mal-mülk naminə milli təhlükəsizlik orqanlarının imicini zədələdiyinə görə onu bağışlamaq olmaz.

Eldar Mahmudov haqda ilk mənfi rəyi Türkiyənin sabiq daxili işlər naziri Əfqan Aladan eşitmişəm. Bu ilin may ayında bir qrup həmkarımla bərabər Türkiyədə səfərdə olanda bu ölkənin keçmiş daxili işlər naziri Əfqan Ala bəylə görüşmüşdük. Söhbət əsnasında türkiyəli nazir belə demişdi: “Məndən Azərbaycanın daxili işlər naziri Ramil Usubova və milli təhlükə naziri Eldar Mahmudova salam deyərsiniz”.

Əfqan bəy fikrini tamamlamağa macal tapmamış həmkarlarımdan biri onun sözlərinə düzəliş etmişdi: “Eldar Mahmudov milli təhlükəsizlik naziridir”.

Sabiq nazir həmin jurnalisti qınayıcı nəzərlərlə süzüb, bir qədər əsəbi tonda cavab vermişdi: “Milli təhlükəlilik naziri”.

Sonra bu mövzuya qayıtmamışdıq. O vaxt hamımız elə bilmişdik ki, türkiyəli nazir bəzi həmvətənləri kimi təhlükəsizlik sözünü düzgün tələffüz edə bilmir.

Bakıya qayıdandan sonra “Hansı nazir mənimlə çay içər?” adlı məqalə yazıb, türkiyəli həmkarının salamını mətbuat vasitəsilə daxili işlər naziri Ramil Usubova çatdırmışdım. Amma həmin yazıda Eldar Mahmudovun adını çəkməmişdim. O vaxt elə bilirdim ki, Eldar müəllimin başı mühüm dövlət işlərinə qarışdığı üçün onun salam alıb-verməyə vaxtı yoxdur...