Türkmənə kim dəstək olsun?

turkmene-kim-destek-olsun
Oxunma sayı: 2498

Günel Türksoy


Hamı Türkiyə səmasında rus hərbi təyyarəsinin vurulmasından yazır. Aydın məsələdir ki, heç bir dövlət birdən- birə, ciddi əsas olmadan bu addımı atmaz. Mən də bu məsələdə bir çoxları kimi Türkiyənin haqlı olduğunu birmənalı olaraq qəbul edirəm. Elə təyyarəsi vurulan ölkənin məşhur aparıcısı Maksim Şevçenkonun da baş verən olaya münasibəti bütün həqiqəti özündə əks etdirir.

“Necə ki, Rusiyanın xaricdə yaşayan rusları müdafiə etmək haqqı var, eləcə də Türkiyənin xaricdəki türkləri qorumaq haqqı var! Türkmənlərin yaşadığı bölgədə İŞİD yoxdur, bizim təyyaralərin orada nə işi vardı?”- deyə Şevçenko soruşur.

Elə bu məqamda böyük Atatürkün də Cümhuriyyətin elanından sonra verdiyi bir ziyafətdə tam da bu hadisəylə səsləşən ifadəsini xatırlamaq da yerinə düşər. Ziyafət zamanı ingilis gizirlərindən biri Atatürkü nifrət dolu baxışlarla seyr edir. Atatürk yavərindən bunun səbəbini öyrənib ona deməsini xahiş edir. Yavər Atatürkə “Çanaqqalada atasını öldürmüsünüz”-deyə cavab verir .

Atatürkün ingilis gizirinə yolladığı cavab isə, nifrət dolu baxışların tamamən yanlış olduğunu sübut edir: “Get, ona de ki, atasının Çanaqqalada nə işi vardı?”.

Bu iki sual qarşısında əslində, haqsız danışan dillər susmalıdır. Eyni zamanda bilməliyik ki, dünyanın süpergüc dövlətlərinin məsul şəxslərindən yuxarıda qeyd olunan suallara türk millətinin haqq etdiyi cavabı almaq mümkün olmayacaq.

Ancaq məlumunuzdur ki, hər bir hadisənin baş vermə səbəbi olur. Niyə Türkiyə Rusiyaya məxsus olan hərbi təyyarəni vurmalı oldu? Yuxarıda ünvanladığım sualların cavabını ala bilməsək də, yazacaqlarımın sonunda bu sualın cavabını görmüş olacaqsınız.

Məqsədim Suriyanın Bayırbucaq bölgəsində yaşayan türkmən qardaşlarımızın indiki dəhşət dolu həyatlarını Azərbaycanın ictimai-siyasi təbəqəsinin diqqətinə bir daha çatdırmaqdır.

Əvvəla qeyd edim ki, Suriyanın Bayırbucaq bölgəsində yaşayan türkmənlər türk xalqları içərisində istər dil, istərsə də vaxtilə eyni dövlət ərazilərində yaşamaq baxımından ən çox Azərbaycan türklərinə yaxındır. Tarixə qısa nəzər salsaq, biz həmişə deyirik ki, Səfəvi, Ağqoyunlu, Qaraqoyunlu kimi dövlətləri yaratmışıq.

Türkmənlər də deyir ki, həmin dövlətləri onlar yaradıb. Bu onu göstərir ki, Azərbaycan türkləri tarixən İraq və Suriya türkmənləri ilə eyni dövlətin ərazilərində yaşayıblar.

Nəsiminin qəbrinin Hələb şəhərində olması da buna bir misaldır.

Buna görə, tarixən də sıx əlaqələrə malik olduğumuz üçün bu gün həmin ərazidə axan qanlara biganə qalmamalıyıq. Çünki hazırda zülmə məruz qalan insanlar bizim can qardaşlarımızdır. Bəziləri bunun irqçi yanaşma olduğunu iddia edə bilər. Elələrinin nəzərinə çatdırıram ki, öncə can, sonra canandır. Yəni əvvəl ailəm, sonra qohumlarım, qonşularım, daha sonra isə digərləridir. Eynilə gündəlik həyatda kimi. Belə məsələləri dibi görünməz quyulara, çıxışı mümkün olmayan labirintlərə salmağın mənası yoxdur. Çünki variantların hamısı bizi anlaşmazlığa aparar, qardaşların bir-biri ilə toqquşması ilə nəticələnər. Bu eyni zamanda ibtidai çəkişmələrə, geri qalmışlığa da gətirib çıxarar. Ona görə də bəzi vətənsiz- millətsiz solçular, kommunist bolşevik fikrinin daşıyıcıları, “hər şey olar, amma yerlidirsə, millidirsə olmaz” deyən bəzi liberallar yazdıqlarımı oxuyarsa, qətiyyən narahat olmasınlar.

Ən az onlar qədər mən də fərqindəyəm ki, kor görmür, kar eşitmir. Məsələ, sadəcə bununla da bitmir. Bilirsiniz ki, yer üzündə hər cür insan var. Bunlardan biri də coğrafiya ilə millətin, etnik qruplar ilə bu qrupların millətləşməsini, yer adı ilə millətin adını səhv salanlardır ki, bu cür düşünənlərə isə ümumiyyətlə sözüm yoxdur. Çünki bu quyudan çıxmaq müşkül məsələdir. Allah köməkləri olsun.

Sadəcə bayraq məsələsini tarixi reallıqlara uyğun və konkret olaraq açıqlasınlar, bəs edər. Bayrağın adının, simvollarının, rənglərinin mənası nədirsə, bunu tapın. Cavabı tapdınızsa, millətin də kim olduğunu biləcəksiniz. Əgər düz cavabı tapa bilmədinizsə, oturun, sıfır.

Hazırda ağlanacaq halımıza gülürük. Hamımız istəyirik ki, nə ağlanacaq vəziyyətdə olaq, nə də qardaşlarımızın ağlamasına göz yumaq. Necə ki, biz Qarabağda zülmə uğrayanda baş rolda Rusiya və erməni vandalizminin olduğunu fərqində idik. Bu gün yenə Türkmən elində rus himayədarlığı və onun əlaltısı olan Əsəd rejiminin olmasının fərqindəyik. Bu gün öz torpaqlarından vəhşi cinayətlər törədilərək atılmaq istəyən türk xalqı görürük. Bu gün yenə ömrü boyu bolşevik cinayətlərdə onun dəstəkçisi olmuş “müsəlman qardaşımız”, əslində özü də türkə qənim olan İran-fars rejimini görməkdəyik. Bundan əlavə, rus təyyarəsi, gəmisi, milisi görürük. Fars cəlladlarından Qasım Süleymanini, Hizbullahı görürük. Əsəd rejiminin qeyri-qanuni milisləri olan Şəbbihanı görürük. Yenə də Əsədin cəllad başı Mihrac Uralı görürük. Hələ tankları, topları, gəmiləri, əsgərləri, təyyarələri də var. Bəs, sadəcə bu qədərmi ? Xeyr. Hələ çoxları var.

Məsələn, İŞİD-lə PYD-YPG bölgədə bir-biri ilə vuruşur. Amma söhbət türkmən torpaqlarından gedirsə, hər ikisi də buralara sahib olmaq istəyir. Əsəd rejimi İŞİD-lə mübarizəni dayandırıb hər zaman Suriyanın bütövlüyündən yana olan türkmənləri vurur. Suriya içərisində özlərinə görə ayrı-ayrı dövlətciklər yaradan PYD-yə heç gözünün üstündə qaşın da var deyən yoxdur. Bunların yiyələri də hamının bildiyi “Bərzanistan” kölgə dövlətciyi və Amerikadır. Bərzaninin peşmərgələri qurudan, Amerikanın da təyyarələri havadan digər qruplara qarşı PYD-yə yardım edərək xeyli torpaq zəbt ediblər. Bunlara da kanton deyirlər. Hazırda bu kantonların sayı üçdür. Afrin, Kobani və Cizirə kantonları. Məqsədləri əvvəlcə bu üç kantonu birləşdirərək Suriyanın şimalını bütöv PYD dövləti etməkdir. Sonra isə “Bərzanistan” kölgə dövlətciyi ilə birləşdirib adını Kürdistan qoymaqdır. Türkmənlərin PYD tərəfindən vurulmasının səbəbi də nəzərdə tutulan dövlətciyin Aralıq dənizə açılan hissəsində türkmənlərin yaşamasıdır. Bu da özlərinə maneçilik törədir. İstəyirlər ki, həmin bölgədən türkmənləri sıxışdırıb çıxartsınlar. Digər tərəfdən Rusiya, İran, Əsəd blokunun da yenə türkmənləri öz torpaqlarından çıxartmaq istəməyinin səbəbi budur ki, Suriyanın bütövlüyünü təmin etmək demək olar ki, mümkünsüzləşib. Suriya bəlkə üç, bəlkə də dörd yerə bölünəcək. Bayırbucaq bölgəsi Lazkiyə şəhərinin şimalında yerləşir. Lazkiyə və cənuba doğru Aralıq dənizi sahillərində ələvi-nusayri xalqı yaşayır. Yəni, Əsədin arxasında duran kütlə də onlardır. Nə böyük təsadüfdür ki, Rusiyanın Suriyadakı hərbi bazası bu bölgənin Tartus şəhərində yerləşir. Qısa ifadə etsək, əgər Suriya bölünsə, Bəşər Əsəd liderliyində nusayri-ərəb dövləti məhz burada qurulmalıdır. Bayırbucaq türkmənləri isə, bu planların gerçəkləşməsinə əngəl törədir.

Göründüyü kimi, açıq olaraq hər bir tərəfdən hədəfə qoyulmuş türkmənlərin yalnız Türkiyə adlı kömək qapısı var. Bu gün Türkiyə hər mənada türkmənlərə yardım göstərir. Amma bu yardımlar təbii ki, yetərli olmur. Bu qədər qarışıq coğrafiyada, çətin situasiyada türkmənlərə təkcə Türkiyənin kömək etməsinin nə qədər effekt verəcəyini zamanla görəcəyik. Bizə düşən vəzifə isə, bənzər vəhşiliyi yaşamış, hər cür zülmü bədənində hiss etmiş xalq kimi qardaşlarımıza edilən bu zülmün ağrısını heç olmasa ürəyimizdə hiss etməkdir.

P.S. Yəqin ki, sualın cavabı sizə aydın oldu.