Birinci fakt:
Azərbaycanın müstəqillik qazandıqdan sonra qarşıda duran əsas suallardan biri də ixrac neft kəməri ilə bağlı idi.
Hələ Ayaz Mütəllibovun prezidentliyi dövründə “JP Kenny” (Ci-Pi Keyni) mühəndislik şirkətinə sifariş verilir ki, Bakı neftinin real ixrac marşrutlarının araşdırılmasına başlasın. Şirkət araşdırmalar aparır və mümkün variantları təklif edir.
Bakı-Ceyhan, Bakı- Poti, Bakı-Novorossiysk, Bakı-Fars körfəzi kimi marşrutlar nəzərdən keçirilir. Bu marşrutlar içərisində ən çoxvariantlısı Bakı-Ceyhan olur. Neftin Ceyhana çatdırılması üçün aşağıdakı marşrutlar nəzərdən keçirilir. İran üzərindən, Gürcüstan üzərindən və hətta Ermənistan üzərindən. İlkin mərhələdə ən cəlbedici marşrut kimi İran variantı üzərində müzakirələr aparılır. Çünki bu marşrut Naxçıvandan da keçməli idi. Bu marşrut baş tutacağı təqdirdə ən azı 30 il Naxçıvanın enerji təhlükəsizliyi təmin oluna bilərdi. Poti və Novorossiysk arzuolunan effekti verməyə bilərdi, çünki burada yüklənən tankerlərin Bosfor boğazından keçirmək problemi ortaya çıxa bilərdi.
İlk baxışda cəlbedici görsənən fars körfəzi marşrutunun da öz üstünlükləri və çatışmazlıqları var idi.
AXC hakimiyyətə gəldikdən sonra 1992-ci ilin yayında Azərbaycan Prezidenti Əbülfəz Türkiyəyə səfər edir. Səfər zamanı Azərbaycanın gələcəyinə hesablanmış bir çox məsələlər həll edilir.
Səfər müddətində Azərbaycan və Türkiyə prezidentlərinin qeyri-rəsmi görüşlər də keçirilir. Bəzən hətta bu söhbətlər gecədən xeyli keçmişə qədər davam edir.
Belə söhbətlərin birinə ARDNŞ, “Türkiyə Petrolları”, “Botaş” prezidentləri də dəvat olunur.
Gecədən xeyli keçmişə qədər ikilikdə söhbət edən Əbülfəz Elçibəy və Turqut Özal sonda, təxminə gecə saat 2 radələrində neft şirkətlərinin rəhbərlərinin və Türkiyənin baş naziri Süleyman Dəmirəlin də yuxusuna “haram qatıb” onlarıda söhbətə dəvət edirlər. Söhbət ixrac neft kəməri barədə olur. Prezidentlər dəvət etdikləri şəxsləri dinləyir və sonda öz qərarlarını elan edirlər: “Azərbaycan nefti Bakı-Tiflis-Ceyhan xətti ilə ixrac olunmalıdır”.
Həmin dövrdə də, sonralarda bu boru xəttinin səmərəliliyi ətrafinda çox müzakirələr və mübahisələr oldu. Amma istər həmin dövrdə, istərsə də sonra Heydər Əliyev və Süleyman Dəmirəl bu boru xəttinin reallaşmasında xüsusi əmək sərf etdilər. Məhz ATƏT-in İstanbul sammiti ərəfəsində və samitdə Heydər Əliyevin qurduğu çoxgedişli kombinasiya nəticəsində bu ideya reallaşdı. Amma yaddan çıxarmaq olmaz ki, bu ideyanın ilk müəlliflərindən biri Məhz mərhum Turqut Özal olmuşdu.
İkinci fakt:
Bu fakt daha çox Özalın Azərbaycanın taleyində oynaya biləcəyi rolla bağlıdır.
Turqut Özəlin ölüm xəbərini Azərbaycan Prezidentinə söyləyəndə Əbülfəz Elçibəy bir kəlmə deyir: “Evimiz yıxıldı”.