Tütünü yemək olar, çəkmək yox…

tutunu-yemek-olar-cekmek-yox
Oxunma sayı: 2544

Raminə Eyvazqızı

Yaşadığımız binanın liftinə bir neçə dəfə yapışdırdığımız tövsiyə xarakterli yazılı mesajdan xeyir tapmadıq. Bir neçə qonşumuz var ki, siqareti liftdə yandırıb çəkməsə, ürəyi dayanar sanki. Səhər o başdan liftə daxil olan, uşaq, yaşlı, qadın, elə hər hansı təmiz hava düşkünü insan kimi hələ də anlaya bilmirik ki, adam uzağı 1 dəqiqəlik getdiyi liftdə siqaretsiz qala bilməzmi? Bu qədərmi çətin işdir? Liftdə yazılı mesajları ünvanladığımız 4 ayaqlı insanı, görəsən başqa necə başa sala bilərik? 

Hər dəfə o mesajların cırılmış hissələrini görəndə başa düşdük ki, heç cürə insan mədəniyyəti zorla, qanunla formalaşa bilməz. Olsa, olsa cərimə yolu ilə, o da bizdə keçərli deyil.  

İndi "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanunun  təsdiq olunmasına sevinirik. Elə bilirik, vitrinə əlavə olunan qanun hər addımbaşı üzümüzə tüstüsünü ufürənlər üçün bir çarə olacaq. Küçədə ayağınıza yapışan ağız ifrazatları, tüpürcəklərlə yanaşı siqaret kötüyü azalaq. Gülməli odur ki, uzun zamandır qanunu xaricə baxıb hazırlamaq üçün əlləşirdilər. İndi də qanunun icra mexanizminə də bir neçə il sərf edərlər.  Görək, ictimai yerlərdə siqaret çəkənləri kim cəzalandıracaq, cəriməsi kimin hesabına yazılacaq? 

Məlum qanunun 10-cu maddəsində ictimai yerlər arasında iaşə, tibbi obyektlər, təhsil ocaqları və sairə yerlər nəzərdə tutulub. Belə çıxır ki, hardasa evdən çölə çıxıb girdiyimiz istənilən  obyektdə siqaret çəkənin yaxasına yapışıb nikotinə niftət etdiyimzii bağıra bilərik. Əvəzində yumruq yeməsək yaxşıdır. Misal üçün, bu günədək avtobus sürücüsü ilə dəfələrlə mübahisəm olub, uşaqlı adamlar da narazılıq etsə də, deyib " kefim belə istəyir". İndi belə çıxır ki, müxtəlif obyektlərdə işçilər üçün "siqaret dəqiqələri" adı ilə vaxt, "siqaret otağı" adlı məkan ayrılmalıdır. Bəlkə elə havalandırma sistemlərinə nəzarət gücləndirilsə yaxşıdır. Tütünün məhdudlaşdırlması siyasətinə kimin, hansı orqanın nəzarət edəcəyi isə hələ də bilinmir. 

Dünən TV-də çıxış edən bir deputat dedi ki, bunu da xaricdən öyrənəcəyik. Bəs bu deputatlar dəstə-dəstə xarici səfərlərə nəyə gedirlər? Brend qalstuk almağamı? Əgər bu qanun cəmiyyətin sağlamlığı və ətraf mühiti qorumaq məqsədi ilə edilirsə, vəziyyətə nəzarətdə ilk başda Səhiyyə nazirliyi, Ekologiya və təbii sərvətlər nazirliyinin müvafiq idarələri və onların təklifləri rol oynamalıdır. Ardınca rayon icra hakimiyyəti, vergi orqanları əlbir olmalıdırlar. Misal üçün, Nizami Rayon icra hakimiyyəti kimi orqanın bu məsələyə qayğısına heç əmin deyiləm. Ötən il ərazisində ticarət obyekti tiksin deyə qırdığı 100-lə ağaca biganə qalanlar, indi tütün tüstüsünün təhlükəsinin qeydinə qalacaqlar? Təbii oksigen qaynağı olan ağacı təmizlik adı ilə kəsən, istəsə bir siqaretlə meşə də yandırar, təki harasa beton tökdürsün.

Qayıdıram qanuna. Qanunun 10.1 maddəsində bütün obyektlərə " tütün çəkmək qadağandır" sözünün yazılması şərt kimi qeyd olunub . Necə yəni, təkcə tütünmü? Yəni,başqa nə istəsələr çəkmək olar? Bunun da məqsədi var. Çünki paytaxtı başını alıb getmiş qəlyan evləri bürüyüb. Qəlyana doğma münasibətin olması, onu tütündən zərərsiz hesab etdikləri üçün deyil. Baxmayaraq ki, qəlyan doğrudan da siqaretdən qat-qat zərərli vasitədir. Bunu tibb mütəxəsisləri deyirlər. Dolub boşalan qəlyan evləriylə, qəlyanı sümürən ərəbin əlindən alıb başqasına vermək kimi vərdişlərlə və bu boyda böyük ticarətlə bundan sonra qanun da savaşa bilməz. Necə ki, 2000-ci ildə qüvvədə olan "18 yaşına çatmayanlara siqaret satmaq olmaz" kimi maraqlı rəsmi qərar qısa müddətdə işbazlara sərf etmədi, ləğv olundu. İndi məktəb tualetlərində siqaret kötüyündən tərpənmək olmur, müəllimlər şıltaq oğlan tələbələrinə siqaret aldırmaqda davam edirlər. Cərimə məsələsinə gəlincə, İnzibati Xətalar məcəlləsində bu qanunu pozan, siqareti harda gəldi damağına qoyana cərimə nəzərdə tutulacaq. Yəni bu da bilinmir. Cərimə hara gedəcək? Nazirlər Kabinetinin qanunun tətbiqi ilə bağlı qərarını gözləyək. Bundan əvvəlsə, yaxşı olardı ki, siqaretin üzərindəki o primitiv cümlənin( siqaret çəkmək sizin sağlamlığınıza ziyan vurur) əvəzinə bir maraqlı sözdən, şəkildən düşünülərdi. Kreativ olun, cənablar! 

P.S. Sonuncu bal sərgisində olanda bir balçı "tütün balı"nı tərifləyirdi. Dedi, ən xeyirlisi tütün əkilən yerlərə yaxın  salınan arı evləridir. Bu tərəfdən tütünlə mübarizə aparırıq, o tərəfdən deyilənə görə tütün əkmək üçün azad zona ayrılır. Gözümüz aydın!