Üç tanınmış tenor Bakıda çıxış etdi - Fotolar

uc-taninmis-tenor-bakida-cixis-etdi
Oxunma sayı: 1763

Dünən Azərbaycanda Neftçilər günü və “Əsrin müqaviləsi”nin 25-ci ildönümü ilə bağlı Heydər Əliyev Mərkəzində konsert proqramı təqdim olunub. 

“Qafqazinfo” xəbər verir ki,  konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestrinin (dirijor Əyyub Quliyev) müşayiəti ilə Azərbaycan, Türkiyə və Gürcüstanın üç tanınmış tenoru çıxış edib. 

Gecədə üç ölkənin görkəmli bəstəkarlarının əsərləri səsləndirilib. Konsert Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” ilə başlayıb. Daha sonra “Koroğlu” operasından Koroğlunun ariyası (solist Samir Cəfərov), gürcü bəstəkarı Zaxar Paliaşvilinin “Daisi” operasından Malxazın ariyası (solist Georgi Davitadze), türk bəstəkarı Ali Rza bəy Kaptanzadənin “Efem” türküsü (solist Levent Gündüz) səsləndirilib.

Proqramda, həmçinin Polad Bülbüloğlunun “Eşq və ölüm” baletindən “Cəngi”, Tofiq Quliyevin “Sənə də qalmaz” (solistlər Samir Cəfərov və Levent Gündüz) mahnısı, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Əsgərin ariyası (Samir Cəfərov, Georgi Davitadze), italyan mahnılarından ibarət popurri (üç tenorun ifasında), Cakomo Puççininin “Turandot” operasından Kalafın ariyası (üç tenor), “Qranada” və “Xalq Heydər” (hər ikisi üç tenorun ifasında) mahnıları təqdim olunub.