Üç uşaq atası arvadını öldürərsə

uc-usaq-atasi-arvadini-oldurerse
Oxunma sayı: 1539

Qan Turalı

Ustad buyurur: "Sözü o kəslərə de ki, sənə qulaq verməsinlər".
Başlığın yazıya aiddiyyatı yoxdur.
Yazı indi başlayır.
"Ölüm adiləşib"

Bəli, elə bu cümlə də artıq klişeyə çevrilib.
Halbuki ölüm adiləşə bilməzdi.
Sovetin son günlərinə düşən uşaqlığımı xatırlayıram.
Binamızda kimsə vəfat edəndə hamıya bir hüzn hakim olardı.
Biz uşaqlara belə.
O illərdə televiziyalar kriminal xəbərlər verməzdi.
Sadəcə, "Günün ekranı"nın sonunda diktor təntənəli və qəmli bir səslə deyərdi: "Azərbaycan mədəniyyətinə ağır itki üz verib".
O zaman bilərdik ki, kimsə ölüb.
Qəzetlər də ölümdən yazmazdı.
Ölüm sanki yox idi.
Ya da az idi və biz ölümü bütün dəhşəti və soyuqluğu ilə dərk edirdik.
İndi isə ölüm adiləşib.
Yol qəzaları, cinayətlər...
Əsgər ölümləri...
Hər gün neçə-neçə ölüm xəbəri uduruq.
Və bütün bunlar ölümü bizim üçün adi bir hala çevirir.
Sadələşdirir.
Halbuki hər ölümün arxasında bir faciə uyuyur.
Ölüm xəbərin sosial mediada paylaşırıq.
Sonra isə gedirik mahnıya qulaq asmağa.
Növbətçi kədərlər, adamüzünə qəmlər...
Etiraf etməyə qorxuruq ki, adiləşib ölüm.
Bəzən düşünürəm ki, bu qədər xəbər oxumaq bizim nəyimizə gərəkdir?
Bunsuz yaşamaq olmazmı?
Həyatımızı niyə Tarantino filminə çeviririk?
Hisslərimizin təravətini niyə bu qədər soldururuq?
Dövrümüz istehlak dövrü.
Fast-food istehlakı, xəbər istehlakı...
Sanki dünyada nə varsa yeyib qurtarmaq istəyirik.
Və bu acgözlüyün ruhumuzdq sağalmaz yaralar açdığını görmürük.
Artıq heç nəyə heyrətlənə bilmirik.
Misal üçün, o uzaq uşaqlıq illərində insanlar nə zamansa baş vermiş cinayət haqda pıçıltıyla danışardılar.
Sanki utanardılar.
Və cinayətlər unudulmazdı.
İndi isə media daha böyük, daha görkəmli cinayətlər tələb edir. 
Telekanallar daha rəzil hadisələri efirə çıxarır.
Reytinq bundadır.
Kişinin qadını öldürməsi kimin vecinədir?
Kişi qadını və uşağı da öldürürsə başqa məsələ.
Yetərincə dəhşətli...
Heç kimi qınamıram. 
Nə tvləri...
Nə medianı...
Bu cinayətlər və bu dəhşətlər bizim ölkədə yaşanılır.
Ona baxan da bizlərik.
Ona reytinqi biz veririk.
O cinayətləri də biz törədirik.
Onları biz izləyiririk.
Və biz şahidlik edirik onlara.
Biz lənətləyir və biz alqışlayırıq.
Bu mənzərənin fonunda ölüm də adiləşir.
Bizi insan edən hər şey süniləşir, bayağılaşır, hisslərimiz korşalır.
Modern həyatın ən böyük təhlükəsi budur.