Üç yaşlı çadralı qız və biz

uc-yasli-cadrali-qiz-ve-biz
Oxunma sayı: 1468

Qan Turalı 

İndicə Facebookda bir şəkil gördüm və o şəklin sarsıntısı ilə bu sətirləri yazıram. Üç yaşlı bir qız uşağı üçün ianə toplanırdı amma mənim sarsıntımın səbəbi o qızın xəstəliyindən daha ağır idi. Bundan daha ağır bir şey ola bilərmi? Ola bilər! Üç yaşlı uşaq qara çarşaba bürünmüşdü. Üç yaşlı uşaq! Və təəssüf ki, faciə bununla da məhdudlaşmır. 

Bəs məsələni faciəviləşdirən nədir? Din üç yaşda uşağın örtünməsini əmr etmir. Bu yaşda uşaq hələ dünyanı təzə tanıyır, əşyaların adını indi öyrənir. Cümlə qurmağı bu yaşlarda bacarır. Ailəsi onu bu yaşda çadraya məhkum edib. Uşaq üçün isə bütün bunlar hələ oyuncaq kimi, nağıl kimi gəlir. Üç yaşlı uşaq nə bilsin çadra nədir, islam nədir, buddizm nədir. Uşağın iradəsinin qəsb olunması burdan başlayır. 

Sarsıdıcı olan isə bir xalq kimi iradəmizin qəsb edilməsidir. Qətiyyən şübhə etmirsən ki, o ianə elanında uşağın çadralı şəklindən istifadə etmək kimlərinsə dini duyğularına toxunmaq məqsədi daşıyır. Yəni dini inanclı insanlar o çadralı uşağa acıyıb ianə verəcəklər. O uşaq da sağalacaq. Bəs uşağın başı açıq olsaydı onda necə? Bu adamlar eyni qayğını göstərəcəkdilərmi? Bəlkə də göstərərdilər, şəkk eləməyək. Di gəl ki, ianə elanındakı o çadralı qız fotosunu unutmaq çətin deyil. 

Demək ki, artıq cəmiyyətimiz bölünüb. Bir var dindarlar, əxlaqlı, mənəviyyatlı olaraq ancaq özlərini görənlər. Başqaları ölə də bilərlər. Zatən biz bu qeyri-tolerantlığı, hətta daha dəqiq desək bu zalımlığı azmı görmüşük? Elə bu yaxınlarda, Bodrumda zəlzələ olduqda da bunu geologiya elmi ilə yox orda çox içki içilməsi, günah edilməsi ilə bağlayanlar olmadımı? 

Bir tərəfdən də namaz qılanları şizofren adlandıranların arasında yaşayırıq. Əslində bunlar əks qütbləri təmsil edən düşüncələrdir. İkisi də qarşı tərəfə qarşı mərhəmətsiz, onu anlamağa çalışmayan, onun ağrılarını-acılarını başa düşməyərək hücum edən içi puç insanların düşüncəsidir. Faşizmdən tutmuş dini fundamentalizmə qədər bəşəriyyət bu zidd qütblərin mübarizəsi nəticəsində bu qədər fəlakətlər yaşayıb. Onlar uzaq kimi görünsələr də əslində eyni medalyonun müxtəlif üzləridir. Cavid Əfəndi demişkən, ayrı olsaq da həqiqətdə birik.

Bəlkə də üç yaşlı qızın çadralı fotosunu qütbləşmə simvolu kimi xarakterizə etmək sizə bir az şişirdilmiş gəlir. Amma biz bu filmi ilk dəfədir görmürük. Nə qədər elanda xəstənin dindar olduğununun vurğulandığını görmüşük. Buna ehtiyac varmı? Olmasaydı yazmazdılar. Dindarlıq qeyd olunmaqla, bəlkə də gözə soxulmaqla bəzi insanların ürəyinə sirayət etmək mümkünmüş demək. Nə qədər daş ürək imiş bu. Bu daş ürəyi anasının başı açıq olan körpənin faciəsi ağrıtmırsa… Bu nədirsə bilmirəm, amma insanlıq deyil. 

Belə məqamlar üçün yazıb şair. 

...Sərt baxışla 
bir körpənin dodağından
gülüşünü silsələr;
bir möhtaca,
bir qəribə,
bir acizə gülsələr;
bütün dünya xoşbəxt olsa,
bahar olsa
bir səhər;
yer üzündə bircə insan acsa,
mənə toxunma.

Rəsul Rza: “Mənə toxunma”

Halbuki bütün dinlər də insanpərvərliyi təbliğ edir. Bütün ideyalar da insana xidmət edir. Amma belə mənzərələr yaranır. Bunlar təsadüfi löhvələr deyil. Bunlar elə bizim qorxulu gerçəkliyimizdir.

“Bəlkə yaşadığımız bu dünya başqa bir dünyanın cəhənnəmidir?”