Ucuz ətin markası

ucuz-etin-markasi
Oxunma sayı: 2059

Nadir Qocabəyli

Filoloqun iqtisadiyyatdan yazması, iqtisadçının poeziya haqqında fikir yürütməsi qədər gülməli ola bilər. Ancaq neftin ucuzlaşması, manatın devalvasiyası və qiymətlərin kəllə-çarxa vurması az qala hamımızı iqtisadçı edib. Amma mən yenə də mətləbə keçməzdən öncə bütün iqtisadçı dostlardan üzr istəyirəm. Səhvim olsa, lütfən, düzəldin...

Qoyun əti aldığım yadıma gəlmir. Xoşlamırıq. Həm də bahadır. Körpə quzulara yazığım gəldiyi üçün tanrı quzu kababını da tez-tez qismət eləmir. Xalqımızın əksər nümayəndələri kimi, biz də daha çox mal ətinə üstünlük veririk. Yəqin ki, daha bərəkətli, daha sağlam və daha ucuz olduğu üçün. Odur ki, ət və onun qiyməti ilə bağlı müşahidələrim də əsasən bu məhsulla bağlıdır.

Devalvasiyadan əvvəl mal ətinin kilosu bizim ərazidə 7 manat 50 qəpik idi. Bir gün gördüm ki, bir mağaza qiyməti 6 manat 50 qəpiyə endirib. Yaxınlaşıb maraqlandım. Ətin təzəliyinə və keyfiyyətinə söhbət yox idi. Cavan erkək dana və altı yarıma. Qəssab dananın birini də dükanın qənşərinə bağlamışdı və bir azdan kəsəcəkdi.

Doğrudur, belə şeylər aldadıcı da ola bilər, ancaq rayon yerində böyüməyim və otuz illik bazarlıq etmək təcrübəm bunlardan baş çıxarmağı mənə öyrədib. Ət yaxşı ət idi.

Bir az aralıda 5 manat 40 qəpiyə də ət var idi, amma baxan kimi keyfiyyətsiz olduğu bilinirdi. Bunu bilmək üçün heç böyük həyat təcrübəsinə də ehtiyac yoxdur.

Nə isə... Devalvasiya oldu, elə bildim ki, ətin qiyməti də qalxacaq. Amma qalxmadı. Yenə kimi yeddi yarıma, kimi altı yarıma, kimi də beş qırxa satırdı.

Hətta bu yaxında rayondan Bakıya gələrkən maşında sürücü ilə bir qəssabın söhbətinə şahid oldum. Sürücü qəssaba dedi ki, həyətində yaxşı bir erkək danası var, satmaq istəyir, ancaq ətin qiymətinin qalxmasını gözləyir. Qəssab da cavab verdi ki, iki həftəyə qalxacaq. Soruşdum nədən bilirsən? Cavab verdi ki, böyük təcrübəsi var, hər həftə mal bazarına çıxıb heyvan alır, qiymətin qalxmasının əlamətlərini bilir. Daha söhbəti uzatmadım.

Amma o söhbətdən bir ay keçsə də, əyin qiymətində artım yoxdur...

Əksinə, az öncə qəsəbəni dolaşıb bazarlıq edərkən gördüm ki, yeddi yarıma satanların hamısı qiyməti 1 manat endiriblər və hamısı dükanlarının qarşısına yazıblar: “6. 50” Keyfiyyətə də, az öncə dediyim kimi, qəti şübhə ola bilməz.

Düşündüm: əcəba, pulumuzun qiymətdən düşməsi, əksər zəruri ərzaq məhsullarının qalxması niyə ətin qiymətinə təsir etmir? Hətta bir çox xidmət sahələri də qiyməti qaldırıblar. Amma ət son ayda hətta ucuzlaşıb.

İqtisadçı olmasam da, özüm üçün analiz edib, belə qərara gəldim ki, bizim kənd camaatı tarixən heyvandarlıqla, maldarlıqla məşğul olduğundan bu sahəyə yaxşı bələddir. Odur ki, daim qapısında, həyətində az sayda olsa da heyvan saxlayır, kəsir və satır. Hətta ət satmağın qadağan olunduğu sovet dövründə belə, məsələn, biz heç vaxt “mağaza əti” almamışıq. Rayonda ümumiyyətlə mağazalarda ət olmurdu. Yalnız bayramlarda kilosu iki manata satırdılar, onu da çox adam bəyənib almırdı.

OBXSS-lər qəssabları nə qədər təqib etsələr də, onlar daim fəaliyyət göstərir, xalqı təzə ətlə təchiz edirdilər.

Bu məsələ indi də belədir. Yəni Azərbaycan xalqı öz-özünü öz gücünə ət məhsullarıyla təmin etmək gücünə sahibdir və edir. Hətta yol polisləri, sanepidstansiyalar, nə bilim, digər lüzumsuz və rüşvətxor qurumlar onlara nə qədər mane olsalar da, heyvandarlar və qəssablar bu işin öhdəsindən uğurla gəlirlər.

Eşitdiyimə görə, bu sahədə monopoliya da yoxdur. Səbəbi isə heç də inhisarçıların rəhmdilliyi deyil, ətin tək əldə cəmləşdirilməsinin mümkünsüzlüyüdür. Çünki kənd yerində hərə öz həyətində bir neçə baş mal-qara bəsləyə və ehtiyacı olanda bazara çıxarıb sata bilir.

Yenə eşitdiyimə görə, ölkəmizə xaricdən hansısa miqdarda ət idxal olunur. Ancaq xalqın əksəriyyəti bu ətləri bəynib almır. Onların istehlakçıları yalnız kolbasa-sosiska istehsal edənlər və şadlıq evləridir.
Sözümün canı: əgər rüşvətxor məmurlar xalqa mane olmasalar, dövlət kənd təsərrüfatına və heyvandarlığın inkişafına əngəl törədən amilləri aradan qaldırsa, ölkəmizin ərzaq təhlükəsizliyi tam olaraq təmin edilər. Bizim heç kəsin taxılına, ununa, yağına, pendirinə, qəndinə, çayına, kartof-soğanına, meyvə-tərəvəzinə ehtiyacımız olmaz.

Heç dövlətin yardımına, subsidiyasına-filanına da ehtiyac qalmaz. Çünki bunlar hamısı sadəcə korrupsiya mənbələridir və monopolistlərə xidmət edir.

Ölkəmizin ət və digər kənd təsərrüfatı məhsulları ixracatçısı olmaq potensialı da, məncə, böyükdür...

P. S. Bir məsələni unutmamaqda fayda var. Heyvanların küçədə insanların, uşaqların gözləri qarşısında kəsilməsi, əlbəttə, xoş deyil. Bunun gigiyenik fəsadları da ola bilər. Son zamanlar bunun yığışdırılacağı və ümumi kəsim yerlərinin fəaliyyətə başlayacağı haqda söhbətlər dolaşır. Ancaq sizi əmin edirəm ki, bizim məmurları gigiyena-filan, ya da uşaqlarımızın humanist ruhda tərbiyə olunması qətiyyən maraqlandırmır. Məqsəd ət bazarını monopoliyaya almaqdır.