UEFA-dan azərbaycanlı və erməni jurnalistlərə sürpriz

uefa-dan-azerbaycanli-ve-ermeni-jurnalistlere-surpriz
Oxunma sayı: 5012

Elsevər Məmmədov

Avropa futbolun beşiyidir. İdmanın şahı tacını məhz bu qitədə alıb. Şərqi və ya qərbi demədən hər yerdə topun ən çox oynanıldığı idmana olan sevginin çılğınlığını görməmək mümkün deyil. Dünya futbol klublarının ən nəhəngləri, ən böyükləri və onların yarışı da yaşadığımız qitədə keçirilir. 

UEFA Çempionlar Liqası bütün klub turnirlərinin bəzəyidir.  Bu dəfə möhtəşəm turnirin finalı Şərqi Avropanın ən çox haqqında danışılan şəhərlərindən olan Kiyevə qismət olmuşdu. Bütün dünyanın gözü Ronaldo və Mohammed Salah kimi ulduzları izləmək üçün Kiyev Olimpiya Stadionuna yönələcəkdi. 

11 ildir kubok arzusunda olan “Liverpul” fanatları artıq 2 gün öncədən Ukrayna paytaxtına təşrif buyurmuşdu. İngilis fanatların çılğınlığı Kiyevi ağuşuna almışdı. Restoranlarda, küçələrdə, hər yerdə qırmızı rəngə boyanmış formaları görmək mümkün idi.  Salaha görə müsəlman ölkələrindən də saysız-hesabsız insan finalı izləməyi hədəfləmişdi. Onlar  ulduz futbolçunun formalarını geymişdi. 

Şəhərin mərkəzində salınmış final şəhərciyində də iynə atsan, yerə düşməzdi. Dünyanın müxtəlif ölkələrindən gələn turistlər şəhərcikdə olan fan-şoplara baxır, konsertə tamaşa edirdilər. Maraqlıdır ki, fan-şopların birində “Qarabağ”ın sabiq üzvü Dino Ndlovunun da forması var idi.

Şəhərcikdə gəzərkən ən maraqlı məqam isə dünya futbolunun canlı əfsanələrindən olan braziliyalı dünya çempionu Kafunun kiçik meydançada uşaqlarla futbol oynaması idi. “Sambaçı” daha sonra fiziki qüsurlular arasında keçirilən oyunda da meydana  çıxdı. 

İngilis azarkeşlərin final öncəsi möhtəşəm ab-hava yaratmaq fikri isə davam edirdi. “Heineken” pivəsinin dadına baxa-baxa sərxoş olan ingilislər şəhərciyin kənarında özlərinə məskən qurub məşhur “You will never walk alone” mahnısını oxumağa davam edirdilər. 

Maraqlısı budur ki, əhali sayına görə dünyanın 7-ci ən böyük şəhərində “Real” azarkeşləri demək olar ki, gözə dəymirdi. Yaşlı nəslin nümayəndələrinə az-az rast gələ bilərdin ki, onlar da sakitcə final şərhərciyini gəzirdi. 

Oyuna bir gün qalmış akkreditasiyamızı almaq üçün media mərkəzinə yollandıq. Stadiondan bir az aralı yerləşən mərkəzdə böyük növbə yaranmışdı. 6 qitədən 1000-ə yaxın jurnalist möhtəşəm finalı izləmək üçün Kiyevə gəlmişdi. 

Lakin UEFA-nın yüksək təşkilatçılığı ilə yaranan növbə bir anda aradan qaldırıldı.  Çox səmimi davranışlarına görə qitə futbol qurumunun nümayəndələrinə sadəcə təşəkkür düşür. 

Akkreditasiyamızı aldıqdan sonra mətbuat konfranslarında iştirak etmək üçün Olimpiya Stadionuna yollandıq. Bu dəfə az qala təcrübəsizliyimizin qurbanı olub Klopp və Zidanın mətbuat konfranslarını izləyə bilməyəcəkdik. İlk dəfə qatıldığımız üçün mətbuat konfranslarına ayrıca qeydiyyatdan keçməli olduğumuzu bilmirdik. Daha sonra UEFA nümayəndələri boş qalan yerlərə keçməyimizə icazə verdi. İlk olaraq media önünə Yurgen Klopp çıxdı. Jurnalistlərlə bir xeyli zarafatlaşan məşqçinin mətbuat konfransında maraqlı anlar yadda qaldı. 

Zidan isə həmişəki kimi öz xarizmasını qoruyaraq çox az hallarda zarafat edirdi. Mətbuat konfransı başa çatdıqdan sonra isə jurnalistlər üçün ayrılmış otaqda işinizə davam edə bilərsiniz. 

Konfranslardan sonra keçirilən məşqdə maraqlı anlar yaşandı. Ronaldonun topa vurduğu zərbə fotoqraflardan birinin üzünə dəydi. Portuqaliyalı ulduz əynindəki köynəyini çıxarıb həmin fotoqrafa hədiyyə verməklə ona jest etdi.  

Oyun günü isə Kiyev öz mükəməlliyini göstərirdi. Azarkeşlərin çılğınlığına baxmayaraq polislər onlara yaxın getmir, sadəcə uzaqdan izləyirdi. Bu da Ukraynanın futbol ölkəsi olmasının göstəricisi idi. Asayiş keşikçiləri fanatların hər cür şıltaqlığına göz yumurdu. İçki içib küçələrdə şüarlar səsləndirməsini problemə çevirmirdilər. 

Buddistlərin möhtəşəm mahnı sədaları altında rəqsi də final gününə özəl rəng qatırdı. Qadınlı, kişi öz milli geyimlərində rəqs edənlər hamının diqqətini özünə cəlb edə bilmişdi. Hətta ingilis və ispan fanatlar da onlara qoşulub rəqs edirdi. 

Stadiona hələ uzun yol qalmış polis nəzarətində olan postlardan keçməli idin. Yolu bilmədikdə isə çox nəzakətli davranıb səni gedəcəyin yerə qədər aparırdılar. UEFA nümayəndələri də turniketlərin önündə dayanıb səmimi şəkildə hər kəsə yolu izah edirdilər. 

Qara bazar isə dünyanın hər yerində olduğu kimi Kiyevdə də tüğyan edirdi. Hətta İngiltərədən, İspaniyadan bu bazarın daimi alverçiləri bilet satmaq üçün final şəhərində gəlmişdilər. 150 avroya aldıqları bileti indi 750 avrodan baha qiymətlərlə satmaq niyyətində idilər. 

Qara bazarda satılan biletlər isə hər zaman orijinal olmaya bilərdi. Elə bunun təsdiqi kimi stadiona girməyə çalışan azarkeşin bileti saxta çıxdı və UEFA nümayəndəsi tərəfindən polisə təhvil verildi. 

Türklər isə hər yerdə geyim əşyalarına xüsusi diqqət ayırdıqlarını göstərməkdə bir nömrədirlər. Demək olar ki, final şəhərciyinin ətrafında finala xüsusi hazırlanmış şərflərin satışı Türkiyədən gələn alverçilərin əlində idi. 10 avrodan başlayan qiymətlər ingilislər və ispanlar üçün o qədər də baha sayılmazdı. Buna görə də şərf bazarında qızğın alver gedirdi. 

Oyunun startına 2 saat qalmasına baxmayaraq “Liverpul” azarkeşlərinin 11 illik UÇL kuboku yanğısı özünü göstərdi. Artıq Media nümayəndələrinin əyləşdiyi sektrodan soldakı tribunalar mersisaydlıların rənglərinə bürünmüşdü. Fantastik azarkeş ordusunun səsi bütün Kiyevi lərzəyə gətirməyə yetərdi. Oyunçulara yüksək motivasiya verən fanatlar Olimpiya stadionun mnöhtəşəm ab-hava yaratmışdılar. 

“Real” fanatları isə özlərinə məxsus şəkildə sakitcə tribunalardakı yerlərini tutub matçın start fitini gözləyirdi.  

Media nümayəndələri oturduğu yerə çatanda maraqlı mənzərənin şahidi olduq. UEFA azərbaycanlı və erməni jurnalistləri eyni masada oturmağa vadar etmişdi. Hətta jurnalistlərdən biri 28 may Respublika Günü münasibətilə məni təbrik də etdi.  Eyni gündə onların da bayramları olduğunu xatırlatdı. 

Matça gəlincə, daha istəkli olan “Liverpul” oyuna əla başladı. Matçın ilk dəqiqələrindən hücuma atılan ingilislər “Real”ı qapısına sıxışdıra bilmişdi. Lakin Salahın zədələnməsindən sonra hər şey dəyişdi. Madrid klubu isə ardıcıl 3-cü dəfə kuboka sahib çıxmaqla tarix yazdı. 

Qarşılaşmadan sonra MİX Zonada jurnalistlər üçün əla şərait yaradılmışdı. Çox rahat şəkildə futbolçulara yaxınlaşaraq müsahibə almaq imkanımız var idi. Lakin “kral klubu”nun futbolçularının ispan dilində danışması müəyyən qədər çətinlik yaratdı. 

“Liverpul” futbolçularının əhvalının yerində olmaması onlarla şəkil çəkdirmək istəyən yerli jurnalistlərin də qanını qaraltmışdı. Azərbaycanlı həmkarlarımızdan birinin Əmra Canı türkcə çağırması onun keyfini açdı. Yanımıza gələrək şəkil çəkdirdi və sağollaşdı. 

MİX Zonaya yollanarkən də xoş təsadüf bizi sevindirdi. “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Oğuz Çətinlə üz-üzə gəldik. Onunla söhbətimiz ayaqüstü 5 dəqiqə alınsa da, səmimi davranışı ilə daim diqqət mərkəzində olduğunu göstərdi. Ölkəmizdəki lənkəranlı fanatlara salamını göndərən Çətin Azərbaycanı unutmadığını da xüsusi vurğuladı. 

Kiyevdəki matçı izləyənlər arasında AFFA prezidenti Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov, “Qarabağ”ın meneceri Asif Əsgərov da var idi.

Beləcə, ilk dəfə iştirak etdiyimiz möhtəşəm UÇL finalı başa çatdı. Dünyanın ən nüfuzlu klub turnirinin həlledici qarşılaşmasını izləmək uzun illər xatirələrimizdən silinməyəcək.