Ukrayna prezidenti ilə görüşmüş azərbaycanlı danışdı

ukrayna-prezidenti-ile-gorusmus-azerbaycanli-danisdi
Oxunma sayı: 906


“Azərbaycanlı fəallardan yalnız mən Pyotr Poroşenkonun andiçmə mərasiminə dəvət olunmuşdum. Orada görüşdük, ayaqüstü söhbətimiz oldu. Seçki dövründə gördüyümüz işlər, Ukraynada legitim hakimiyyətin formalaşdırılmasında fəal iştirakımıza görə azərbaycanlılara təşəkkürünü bildirdi”. “Qafqazinfo”nun xəbərinə görə, Ukraynada yaşayan azərbaycanlı politoloq, Pyotr Poroşenkonun seçki qərargahının koordinatoru olmuş Xaqani Hüseynli “Media forum” saytına belə deyib. 

Xaqani Hüseynli əlavə edib ki, seçkidən əvvəl Pyotr Poroşenko ilə görüşləri olub və geniş müzakirə aparıblar: “Onun özünün tapşırığı ilə seçki qərargahında təmsil olundum və Ukraynada yaşayan azsaylı xalqların koordinasiyasını üzərimə götürdüm. Azərbaycanlıların kompakt yaşadıqları regionlardakı strukturlarımız və əlaqələrimizdən yararlanıb Pyotr Poroşenkonun qələbəsi üçün əlimizdən gələni etdik. Digər etnik azlıqları da bu məsələyə qoşmuşduq. Hesab edirəm ki, kifayət qədər effektli iş görə bildik. Pyotr Poroşenko və onun seçki qərargahı bizim gördüyümüz işə yüksək qiymət verdi”.

Politoloq bildirib ki, Pyotr Poroşenkonun tərəfdarları indi parlament seçkisinə hazırlıq məsələlərini müzakirə edir. Onun sözlərinə görə, bununla bağlı azərbaycanlı fəallara da müraciət olunub: “Biz də hazır olduğumuzu bildirdik. Növbəti mərhələdə parlament seçkisi olacaq. Çünki parlamentin indiki tərkibi ilə ciddi islahatlar aparmaq, ölkəni böhrandan çıxarmaq, inqilabın tələblərini yerinə yetirmək, separatçılığın kökünü kəsmək mümkün deyil. Biz parlament seçkisində də fəal iştirak edəcəyik. Ukraynada yaşayan azərbaycanlı fəallarda yüksək ovqat var və özünəinam yaranıb. Əvvəllər belə deyildi”.

Xaqani Hüseynli deyib ki, Ukraynada yerli idarəetmə orqanlarına da seçkilər keçiriləcək və azərbaycanlılar bu seçkilərdə fəal iştirak edəcəklər: “Bu seçkilər azərbaycanlıların yerli hakimiyyət strukturlarında geniş formada təmsil olunmasına imkan verəcək. Soydaşlarımızın problemlərinin həlli üçün bu, çox ciddi məsələdir”.