Ukraynada Azərbaycan Ticarət Evi açıldı - Fotolar

ukraynada-azerbaycan-ticaret-evi-acildi
Oxunma sayı: 2146

İyunun 22-də Kiyevdə Azərbaycan Ticarət Evinin açılışı olub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə hər iki ölkənin rəsmi şəxsləri, Azərbaycan-Ukrayna Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, sahibkarlar iştirak ediblər. 

Azərbaycan İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış Azərbaycan Ticarət Evinin ümumi sahəsi 300 m²-ə yaxındır.

Azərbaycan Ticarət Evi “Made in Azerbaijan” brendinin Ukrayna bazarında daha çox tanıdılması, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsi sahəsində fəaliyyət göstərəcək, Ukraynada satışını təşkil edəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək. Ticarət Evinin daimi fəaliyyət göstərən sərgisində 30-a yaxın Azərbaycan şirkətinin istehsal etdiyi müxtəlif məhsullar (meyvə şirəsi və kompotlar, mineral sular, zeytun, çay, meyvə və tərəvəz, qənnadı məmulatları, spirtli içkilər, Naftalan yağı, toxuculuq və kosmetika məhsulları və s.) nümayiş olunur.

Ümumilikdə, Azərbaycan Ticarət Evində 85 çeşiddə şərab, 26 çeşiddə konyak, 37 çeşiddə çay, 30-dan çox çeşiddə meyvə şirəsi və kompotlar, 150 çeşiddən çox digər məhsullar sərgilənir.

Açılış mərasimində çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev Ukraynada Azərbaycan Ticarət Evinin açılmasının dövlət başçılarının ölkələrimiz arasında səmimi dostluq münasibətlərinin və iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə olan marağın göstəricisi olduğunu vurğulayıb. Qeyd olunub ki, qarşılıqlı hörmətə əsaslanan Azərbaycan-Ukrayna əməkdaşlığı uğurla inkişaf edir, xalqlarımızı tarixi dostluq əlaqələri birləşdirir. 

Ukraynanın Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini, qarşılıqlı əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini qeyd edən Stepan Kubiv potensial əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb, Kiyevdə Azərbaycan Ticarət Evinin fəaliyyətə başlamasının ticarət-iqtisadi əməkdaşlığın inkişafı baxımından mühüm addım olduğunu vurğulayıb.

Tədbirdə Azərbaycanın “Aspi-Aqro” MMC və Ukraynanın "Spirit Drink" şirkəti arasında Azərbaycandan Ukraynaya 130 min şüşə şərabın ixracına dair müqavilə imzalanıb.

Azərbaycan Ticarət Evinin açılış mərasimində həmçinin, Azərbaycan şərablarının dequstasiyası keçirilib, Azərbaycan və Ukrayna incəsənət ustalarının konserti təşkil edilib. 

Sonda tədbir iştirakçıları Azərbaycan Ticarət Evi və burada daimi fəaliyyət göstərən Azərbaycan məhsullarının sərgisi ilə tanış olublar.