Ukraynada eks-bankirin evi yandırıldı - Zelenski hadisəni nəzarətə götürdü

ukraynada-eks-bankirin-evi-yandirildi
Oxunma sayı: 1175

Ukrayna Mərkəzi Bankının keçmiş rəhbəri Valeriya Qontarevanın Kiyev ətrafındakı evi yandırılıb. “Qafqazinfo”nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə eks-məmurun özü məlumat yayıb.

Qontarevanın sözlərinə görə, naməlum şəxslər evinin pəncərəsindən içəriyə yandırıcı maye tullayıblar və ev təxminən 20 dəqiqəyə yanaraq kül olub.

“Kiyev ətrafında Qorenitsi qəsəbəsindəki evimizi yandırdılar. Hasardan Molotov kokteyli atdılar. Ev tamamilə yanıb. Yanğınsöndürənlər belə yanğını söndürə bilmədilər. Bu artıq qanunsuzluqdur. Mən bilmirəm ki, kimə müraciət edim. Terror davam edir”.

Eks-bankir insident zamanı evdə heç kimin olmadığını bildirib.

O, bu işdə ukraynalı oliqarx, milyarder və deputat İqor Kolomoyskinin əlinin ola biləcəyini istisna etməyib.

Qontareva avqustda Londonda avtomobillə vurulduğunu, sentyabrda isə gəlininə məxsus avtomobilin yandırıldığını, onun ailəsinə hücum olacağı ilə bağlı təhdid edildiyini söyləyib.

Kolomoyski isə “Novoe vremya” nəşrinə açıqlamasında Qontarevanı oğurlamağa hazırlaşmadığını və onun nağıl uydurduğunu bəyan edib.
 
Prezident Vladimir Zelenski və Daxili işlər naziri Arsen Avakov hadisəni nəzarətə götürüblər. 

Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, V. Qontareva 2014-2018-ci illərdə Mərkəzi Bankın rəhbəri olub. O, bu postda ilk qadın rəhbər olub.