Ukraynada yaşayan azərbaycanlılar Rusiyanın təcavüzünə etiraz aksiyası keçirdi

ukraynada-yasayan-azerbaycanlilar-rusiyanin-tecavuzune-etiraz-aksiyasi-kecirdi
Oxunma sayı: 1147


Ukraynanın paytaxtı Kiyevdə Maydanda ölkənin ərazi bütövlüyünün pozulması ilə bağla yenidən başlayan aksiyalara bu ölkədə yaşayan azərbaycanlılar və digər az saylı xalqlar da qatılaraq rəsmi bəyanat da elan ediblər. “Qafqazinfo” xəbər verir ki, Ukrayna Millətlər Assembleyasından verilən məlumata görə, ölkədə yaşayan azərbaycanlıların, tatarların, qaqauzların, yəhudilərin, moldavanların, Orta Asiyadan və başqa bölgələrdən olan digər Türkdilli xalqların təmsil olunduğu cəmiyyətlərin, konqreslərin üzvləri Maydandakı mitinqə qoşularaq tribunadan bəyanatlarını elan ediblər.

Maydandaçıxış edən sadalanan az saylı xalqlarla yanaşı rusların da təmsil olunduğu Ukrayna Millətlər Assambleyasının hazırkı prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev çıxış edərək bildirib ki, ruslara qarşı ölkədə heç bir ayrı seçkilik yoxdur: “Baxmayaraq Ukrayna dilində səlist bilirəm, amma indi rus dilində danışıram. Heç kim bizə rus dilində danışdığımıza görə mane olmur, tənqid etmir. Kremldə uydurulan bütün bu yalançı aksiyalar Ukraynada guya ksenofobiyanın, antisemitizm olduğu barədə əsasa malik deyil, bu yalandır. Ukrayna çoxmillətli dövlətdir. Mən tarixi vətənim Azərbaycandan 27 il əvvəl ayrılsam da bizə yaxşı məlumdur ki, Azərbaycan da tolerantlığın nümunəsidir. 2013-cü ildə tolerantlıq üzrə ilk beşliyə daxil olub. Burada “Maydanda” da Azərbaycan bayrağı dalğalanır. Bu gün səhər mən Teymur Mustafayev adlı azərbaycanlı ilə danışırdım. O, burada yaralanıb və sonrada Lutska köçürülüb. O deyir ki, mənim könlüm Maydanladır, mən sağalıram. Demək istəyirəm ki, bütün azərbaycanlılar, dünya azərbaycanlıları Ukrayna ilə həmrəydirlər. Bizim Azərbaycanımız da Qarabağ kimi separatizmə məruz qalan problemə malikdir. Qonşu Gürcüstan da Abxaziya və Cənubi Osetiya kimi problem var. Moldovanın da Dnestryanı problemi var. Təəssüflər olsun ki, bu sıraya Ukraynanın da Krım problemi əlavə olundu. Amma mən əminəm ki, ukraynalılardan, ruslardan, yəhudilərdən, azərbaycanlılardan, yunanlardan və digər millətlərdən ibarət Ukrayna bu sınağa layiqincə tab gətirə biləcək. Mən Şərqi Ukrayna sakinlərinə müraciət edirəm və onları eyforiyaya uymamağa, yaşadıqları ölkənin ərazi bütövlüyünə sadiq qalmağa çağırıram”.

R. Tağıyev Ukraynada yaşayan azərbaycanlılar adından müraciəti təqdim edib. Müraciətdə iki ölkənin xalqları arasında məhvedici müharibənin əlamətinə çevrilə biləcək Ukrayna-Rusiya münaqişəsində hadisələrin mənfi inkişafının dayandırılması tələb olunub: “Bizim təşkilatımız Ukraynada dərisinin rəngindən, inancından və milliyyətindən asılı olmayaraq, xalqlar arasında sülh və qarşılıqlı anlam məqsədilə yaradılıb. Biz xalqlar arasında nifrət və təcavüzə qarşıyıq. Ukrayna və Rusiya xalqları arasında sülh və əməkdaşlığın qorunub saxlanılması üçün digər beynəlxalq təşkilatlarla birgə bütün səylərimizi səfərbər etməyə hazırıq. Bununla əlaqədar olaraq, ölkədə vəziyyətin sabitliyin pozulmasına yönəlmiş istənilən bütün dağıdıcı qüvvə cəhdlərini qınayırıq. Ümumukrayna təşkilatı kimi, yerli idarəetmə orqanlarının və dövlət inzibati idarələrin rəhbərlərinə, Rusiya ilə həmsərhəd olan Xarkov, Luqansk, Donetsk, Çerniqov, Sumı, Xerson, Krım Muxtar Respublikası və sair bölgələrdəki ictimai təşkilatların rəhbərlərinə müraciət edərək, onları Ukrayna silahlı qüvvələrinin hərbiçilərinə bütün mümkün humanitar vasitələrlə yardım etməyə çağırırıq və özümüz də bu yardımda iştirak edəcəyik!”.