Ukraynadakı azərbaycanlılardan beynəlxalq həmrəylik marşı

ukraynadaki-azerbaycanlilardan-beynelxalq-hemreylik-marsi
Oxunma sayı: 767

 

Ukrayna Milllətlər Assambleyasından (UMA) verilən məlumata görə, bununla bağlı UMA-nın və Ümumukrayna Xeyriyyə Fondunun təşkilatçılığı ilə Kiyevdə keçirilən toplantıda azsaylı xalqları və müxtəlif dinləri təmsil edən icmalar, hüquq müdafiəçiləri, səfirliklərin nümayəndələri, ictimai xadimlər iştirak ediblər.

Bildirilib ki, “Sülh və Həmrəylik Marşı” dünya dinlərinin və millətlərinin planetdə sülhün formalaşması, dinlərarası və millətlərarası dialoqun inkişafına yönəldilmiş beynəlxalq layihədir.

Ukraynada da Sülh və Həmrəylik Marşının keçirilməsi əsas məqsədlərindən biri dinlərarası və millətlərarası dialoqun keçirilməsi konsepsiyasının yaradılmasından ibarətdir. Marşın icraçı direktoru Ruslan Abdullin bildirib ki, “Sülh və həmrəylik marşı” Ukraynada baş verən hadisələr barədə həqiqəti dünyaya çatdıracaq, millətləri birləşməyə istiqamətləndirəcək.

Tədbirdə Litvan səfirinin müavini Maryus Yanukonis, Ukraynanın Milli Ekspert Komissiyasının Başçısı Vasiliy Kostitskiy, Ukraynanın Yəhudi Forumunun prezidenti Arkadi Monastırskiy, “TUQAN Tel” tatar milli mədəniyyət mərkəzinin rəhbəri Pyotr Şərəfəddinov və digərləri çıxış edərək planlarını açıqlayıblar.

Ukrayna Qafqaz Xalqları Konqresinin azərbaycanlı rəhbəri, Ukrayna Xarici İşlər Nazirliyinin Radasının üzvü Paşa İlisuyskiy (Məmmədov) da çıxış edərək bildirib ki, Ukrayna ərazisində yaşayan xalqların arasında həmrəylik ölkənin indiki durumu üçün vacibdir: “Bu gün Ukrayna ərazisində yaşayan xalqların sülh və barışıq naminə həmrəylik göstərməsi dövlət quruculuğuna böyük dəstəkdir”.

Qeyd edək ki, Marşın təşkilatçılarından Ukrayna Millətlər Assambleyasına Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev rəhbərlik edir və Assambleyada 30 milləti təmsil edən 100 təşkilat cəmləşib.