Ukraynadan göndərilən qoz yoxa çıxıb

ukraynadan-gonderilen-qoz-yoxa-cixib
Oxunma sayı: 3958

Ukrayna və Azərbaycan arasında biznes əlaqələri quran tanışların işi sonda 23 min dollarlıq malın yoxa çıxmasına görə pozulub.

“Qafqazinfo”ya müraciət edən vətəndaş Hüsniyyə Məmmədova bildirib ki, anası Ukrayna vətəndaşı olan və daimi orada yaşayan Rəna Məmmədova Azərbaycandakı biznes tərəfdaşı, “Meyvəli” bazarında alverlə məşğul olan Aslan Salehova bir neçə dəfə qoz ləpəsi göndərib və bu formada alverləri davam edib. 

Lakin 3 ildən sonra, 2017-cı ildə Aslan Salehovun sifarişi ilə ona 64 min dollar dəyərində 16 ton ləpə göndərib və tərəfdaşı malı götürərək telefonda ona bu barədə məlumat verib. A.Salehov qozu satsa da, müxtəlif bəhanələr gətirərək pulu verməkdən yayınıb. R.Məmmədova qozun 6 tonunu ondan alaraq özü satıb, Aslan satdığı ləpəyə görə isə ona 23 min dollar borclu qalıb və pulu verməkdən imtina edib.

H.Məmmədova anasının ona verdiyi etibarnamə əsasında dələduzluğa məruz qaldıqlarını bildirərək polisə şikayət edib. Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində araşdırma aparılıb və şahidlər də qoz ləpəsini Aslanın götürdüyünü etiraf ediblər. Eyni zamanda, R.Məmmədova ilə A.Salehova arasında ticarət sövdələşməsi videolentə alınıb və baxış zamanı müəyyən edilib ki, A.Salehov iş müqabilində pul aldığını etiraf edib.

Lakin A.Salehov izahatında bildirib ki, 16 ton ləpəni evində saxlayıb: “Mənə ləpəni satmaq üçün yox, saxlamaq üçün vermişdilər. Evimdə kondisoner xarab olduğu üçün məhsulun məhv olması barədə dəfələrlə Rənaya məlumat verdim və gəlib aparmasını istədim. Onun qızı Hüsniyyə bir neçə dəfə gələrək hissə-hissə ləpəni evimdən apardı, mənim 23 min dollar borcum yoxdur”.

Qaradağ RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Cavid Məmmədov işin mülki xarakterli olması qənaətinə gələrək cinayət işinin başlanılmasını rədd edib.

H.Məmmədova isə bu qərarla razılaşmayıb və məsələyə yenidən baxılması üçün daxili işlər naziri Ramil Usubova müraciət edib.

Murad Əhməd