Ukraynalı akademik Azərbaycan təhsilindən danışdı

ukraynali-akademik-azerbaycan-tehsilinden-danisdi
Oxunma sayı: 640

“Qafqazinfo”nun məlumatına görə, Ukrayna təhsil sistemi haqqında məlumat verən rektor bildirib ki, dünyada ən ucuz və keyfiyyətli təhsil verən ölkələrdən biri də Ukraynadır, təmsil etdiyi universitet - Farmoseptika Universiteti isə tibb sahəsi üzrə reytinqə görə dünya universitetləri sırasında ilk əlliliyə daxildir.

Universitetin Azərbaycan təhsil müəsisələri ilə elmi-nəzəri və praktik baxımdan əməkdaşlıq etdiyini və gəlişinin məqsədinin də bu əməkdaşlığı daha da yüksək səviyyəyə qaldırmaq olduğunu söyləyən Valentin Çernıx qeyd etdi ki, Azərbaycanda dərman istehsalının inkişafı üçün elmi tövsiyyələrini verməyə hazırdır.

Rektorun sözlərinə görə, uzun illər eyni ideoloji və siyasi sistemdə yaşamağımız iki ölkə arasında bir çox dəyərləri uzlaşdırıb: “Bu, özünü həm də təhsil sahəsində göstərir və görüşlərim zamanı buna bir daha əmin oldum ki, bizi bir-birimizə bağlayan çox möhkəm əlaqələr vardır”.

Rektorun sözlərinə görə, 1805-ci ildə təsis edilən Xarkov Farmoseptika Universiteti 1960-cı ildən xaricdən tələb qəbuluna başlayıb: “Hazırda 17 min tələbəmizdən min nəfəri xarici ölkələrdəndir. Bunların arasında azərbaycanlılar da var”.

Xarkov Farmoseptika Universitetinin Azərbaycandakı yeganə nümayəndəsi, “Efla” Xaricdə Təhsil Mərkəzinin direktoru Emil Şahbazov Ukrayna və Azərbaycan təhsil nazirlikləri arasında 18 iyul 2000-ci il tarixdə imzalanan müqaviləyə toxundu. “Bu müqavilə hər iki ölkə universitetlərinin diplomlarının qarşılıqlı tanınmasını təsdiqləyir. Üstəlik, Ukrayna universitetlərinin diplomları Avropa Birliyi ölkələrinin böyük əksəriyyətində də tanınır ki, bu da bizim gənclər üçün əlavə imkanlar deməkdir” – deyə E.Şahbazov qeyd etdi.

Ukrayna universitetlərində ümumilikdə 50 mindən artıq xarici tələbənin təhsil aldığını, bunlardan 2500 nəfərinin Azərbaycandan olduğunu söyləyən E.Şahbazov ölkələrimiz arasında tələbə mübadiləsinin getdikcə gücləndiyini söyləyib.