“Ulduz”lar yerə enib, ayağımızın altındadırlar - “Orasına-burasına” ilə...

ulduzlar-yere-enib-ayagimizin-altindadirlar
Oxunma sayı: 1934

Aysu Kərimova

Özümü “Siniri çıxarılmış diş” kimi hiss edəndə, inzivaya çəkilib, 5 əllə playlistimdəki musiqilərin yaxasından yapışmaq vərdişim var, çoxunuz kimi.  Ona görə ki, musiqilərin sarı simdən daha yaxşı başı çıxır, nəinki doğmanın, dostun-tanışın. Ona görə ki, musiqi hüznümüzü ev-eşik edib, gözü sulu xatirələrə yiyə çıxmağı bacarır. Əlbət, söhbət əsl musiqidən gedir. Niyə musiqinin sarı simindən başladım? Heç bilmirəm. Deyəsən Konfutsi söyləmişdi: “Həyat, iztirab və kədər versə, sükunəti musiqidə axtarın”.  

Qoyun oturmuşuq. İlin-günün bu vaxtında fələkdən zor gücünə, birtəhər xoş gün oğurlayırsan. Əhval gül-çiçək açır. mədəylə doya bilmədiyimizi görüb, arada ruha da qulluq etməyimiz gəlir. İstəyirik, qulağımızın dincliyini də hansısa səslərə etibar edib, bir xor dincələk. Burda başlayır həngamə, qalırıq çaş-baş. 

Bu gün milli estradımızdakı bəstələr zövq oxşayırmı? Yox! Ovqatımızın, darıxmağın, təkliyin, xatirələrin, hisslərimizin öhdəsindən ən ali səviyyədə gələ bilirmi? Yox!  

Sizi bilmirəm, şəxsən mənim rastıma son illərdə demək olar yaxşı musiqi çıxmır. Dinləmək üçün mahnı axtaranda ünvan nə vaxta qədər köhnələr, retro, 90-lar, üzü bu yana 2000-lər olacaq?! Sözün bütün mənalarında bu zaman kəsiyindən sonra ölkədə samballı musiqiyə tamarzıyıq.

Səhv etmirəmsə Düma söyləyib: “Azərbaycan dilini bilirsənsə, bütün Qafqazı tərcüməçisiz dolaşa bilərsən”. Hərçənd, insanımız bu gün ana dilində sevinib-kədərlənə bilmir. Niyə? Çünki ana dilində zövqünü oxşayacaq heç bir avaz tapmır. Niyə? Çünki yaxşı musiqilər qaldı keçən əsrin Tofiq Quliyev, Cahangir Cahangirov, Ələkbər Tağıyev, Emin Sabitoğlu, Elza İbrahomova bəstələrində. Ki, düşünürəm hələ də adlarını sadaladığım insanlardan bəhrələnir bu gün ipdən asılı qalan, can verən estradamız. Bir az üzü 2000-lərə gəldikdə görürük, Cavanşir Quliyev, Faiq Sücəddinov, Eldar Mansurov, Gövhər Həsənzadə nələrsə etməyə çalışdılar. Sonra nə hikmətdisə onlar da susdu. Ən pisi isə hələ də bu durğunluq davam edir...

Qəhrəmanlıqdan yazırsansa orada mütləq qəhrəmanlıq tempini, şaqraqlıq səslənməsini “göstərməlisən”. Yox, əgər sevgidən yazırsansa, lirik əsər yazacaqsan. Ayrılıqdırsa, burada ritmik notlar ola bilməz. Yuxarıda adlarını sadaladığım hər bəstəkar belə incəliklərə həssaslıqla yanaşırdı.

Bəlkə mən sivilizasiyadan uzaq qalmışam? Bəlkə mənim düşüncəmdən, zövqümdən naftalin qoxusu gəlir?! Bilmirəm...

Onsuz indi dünya damarı tapılmayan qoca kimidir... İnsanımızın şpritsi əlində, gözü isə bərələ qalıb... Bəlkə də heç musiqi hayında deyil. Nə dinlədiyinin tərzi, səviyyəsi ona az fərq edir, ya da heç maraqlandırmır. 

Dünyanın hər yerində “kütlə” deyilən bir sürü insan yığını var ki, bəsit, çiy, məzmunsuz, ütülü, kal tələbləri ilə səviyyəli incəsənətin hər sahəsinə qənim kəsilir. Bunu istər ədəbiyyata, istər teatr-kino sənətinə, istərsə də musiqiyə şamil etmək mümkündür... Bəs sözügedən kütlənin qanunları ilə oturub durmaq, onların havasına oynamağımız nə zamana kimi davam edəcək? Nə təhər edək, necə düzəldək bu düzəni? Həqiqətən zövqlərimizin başına bu yekəliyində bir daş düşüb? Hansı yolla qaytaraq köhnə estradamızı? Daha necə 10 illiklər qulaqlarımıza təcavüz ediləcək? 

Sənətkarlar “gündəmdən düşmək fobiyasına görə” özlərinə belə əl qatırlar?

Yayın “hit”i deyib dinləyə biləcəyimiz mahnı niyə xalq artisti Aygün Kazımovanın “Orasına-burasına” olsun? Yaxud Miri Yusif ilə Röyanın “Səndən bir dənədir” nə qənaəti bağışladı sizə? Yəni çoxmu vacibdir türk dilində normal tələffüz edə bilmədiyiniz mahnılarla özünüzü gülünc vəziyyətə salmaq? Bu nə bahasına olur-olsun türk estradasına çıxış yoludurmu? Röyanı qoyduq bir kənara (şəksiz-şübhəsiz onun da 2000-lərdəki ifaları gözəl idi). Axı vaxtilə Eldar Mansurov, Cavanşır Quliyevlə möhtəşəm əsərlər ərsəyə gətirən səs də Aygün idi. Axı “İtkin gəlin”, “Tənha qadın”, “Gecələr keçir”, “Son söz”, “Namə yaz göndər” kimi o möhtəşəm ifaları oxuyan da Aygün idi. Yaxud Faiq Ağayev niyə “Pəncərə”, “Sən gəlməz oldun”, “Ömür bumu?”, “Bağışlaram səni”, “Səni əvəz eləmir” kimi ifaları ilə təməlli vidalaşıb? Hanı Samir Bağırov, Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva duetləri? Başqa bir gerçək, Ağadadaş Ağayev məsələn, “Toyxana” müğənnisi kimi yaddaşlarda qalmalı idimi sizcə? Bir az ciddi düşünəndə “Karvan”, “Gecdir daha”, “Sənsiz keçən ömür” ifa edən “sənətkar” “Sən oldun” kimi ara musiqisi ilə hansı ara özünü gözdən saldı? Dinləyici adi, yüngül musiqini tələb edir? Yoxsa bəstəkarların yazmağa heç nəyi qalmayıb?

Son aylarda, hər 5 ticarət mərkəzinin 4-ündə səslənən Zamiq Hüseynovun “Kaman” ifasına özlərini paralayan Azəbaycan gəncliyi, bu ifanın illər əvvəl İlhamə Quliyevanın daha möhtəşəm oxuduğundan xəbərsizdir. Və inanın həmin gəncliyə sənin “Küçələrə su səpmişəm”, “Sən gəlməz oldun”, “Sarı gəlin”in var demək mənasızdı...

Bu gün “işıqlı gələcək” deyə xalqı ümidləndirib, ona soxuşdurulan gənc köhnə musiqilərimizin baş hərfindən xəbərsizdir. O, Oqtay Ağayev, Akif İslamzadə, Mirzə Babayev, Elmira Rəhimova, Flora Kərimova şedevrlərini dinləməyib. “Karvan”, “Yuxu” qrupunun adını çəkəcəyəm, gözlərini döyəcək. 

Dahi Vaqiflərimiz var idi desəm necə? Hansı ki, Mustafazədəsinin ürəyini partladıb, öldürdük, Gərayzadəsinin sənətdən soyutduq... Və daha nələr, nələr...

Zövqlərimizi informasiya bolluğu, sosial şəbəkələr üzərindən tanıtım sıxma-boğmaya saldı. Teleməkanlarda baxıb, heyran olduğumuz bütün sənətçilər indi əlçatandır. “Ulduz” hesab etdiklərimiz yerə enib, ayağımızın altında qalıb, əzilir, seyrəlir, yoxa çıxır... Və öz sehirlərini hər gün bir az daha çox itirmək üstündə qırırlar bir-birini. Onları inandırmaq çətindir ki, sizin ailə-məişət qayğılarınız, hansı maşını sürməyiniz, el şənliklərindəki “qiymətiniz” alt paltarlarınızın rəngi, baldırlarınızın ölçüsü bizi maraqlandırmır. 

Dinləyici sənət görmək istəyir. Dinləyici peşəkar musiqi ilə dincəlmək istəyir. Dinləyici artıq 90-ları dəng etməkdən bezib, usanıb, yorulub...

Sayğılar..