“Ultionis”in çəkilişləri davam edəcək

ultionisin-cekilisleri-davam-edecek
Oxunma sayı: 658

Ötən ilin noyabrından çəkilişlərinə başlanılan tammetrajlı bədii film - “Ultionis”in yaxın vaxtlarda tamaşaçılara təqdim olunacağı gözlənilirdi. Lakin filmin quruluşçu rejissoru və ssenari müəllifi Nicat Qafuroğlunun “Qafqazinfo”ya verdiyi məlumata görə, çəkilişlər bir müddət də davam edəcək. Rejissor bildirib ki, “Ultionis”in çəkilən epizodları montaj olunan zaman filmin iki seriyalı olması qərara alınıb: “Əvvəldən filmin bir seriyalı olması nəzərdə tutulmuşdu. Çəkilişlər zamanı daha maraqlı süjetlər lentə aldıq. Montajda isə belə qərar gəldik ki, bu süjetləri ixtisar etməyək. Bu isə müddətin uzanmasına və filmin iki seriyalı olmasına imkan verir”.

Nicat Qafuroğlunun sözlərinə görə, “Ultionis”in tamaşaçıların öhdəsinə verilməsinə çox müddət qalmayıb: “Film iki seriyalı olacağı üçün əlavə 5-6 epizodun çəkilməsinə ehtiyac yarandı. Növbəti həftədən çəkilişlərə davam edəcəyik. Xarakter etibarilə tələskən adam olsam da, prosesi sürətlə sona çatdırmaq istəmədik. Birincisi, tamaşaçılara maraqlı film vəd etmişik, ikincisi isə “Ultionis” ölkəmizi Beynəlxalq festivallarda təmsil edə bilər”.
Nicat Qafuroğlunun eyniadlı romanı əsasında ekranlaşdırılan psixoloji trillerin ssenari müəllifləri Ceyhun Musaoğlu və Nicat Qafuroğludur. Rollarda xalq artistləri Rasim Balayev, Həmidə Ömərova, əməkdar artistlər Səidə Quliyeva, Sabir Məmmədov, gənc aktyorlar Əflatun Abdullayev, Tunay Əliyeva da daxil olmaqla ümumilikdə 167 aktyor və aktrisa iştirak edir.

Film 3 dildə - Azərbaycan, rus və ingilis dillərində səsləndiriləcək.

Nigar Məmmədli