Ülvi Həsənli əsgərliyə aparılıb - Yenilənib

ulvi-hesenli-esgerliye-aparilib
Oxunma sayı: 7457

“Nida” Vətəndaş Hərəkatının üzvü Ülvi Həsənli hərbi xidmətə aparılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə vəkil Elçin Sadıqov məlumat verib.

Vəkil bildirib ki, hazırda Ü.Həsənli hərbi xidmət keçməsi üçün Bərdə rayonuna aparılır. 

Onun Hərbi Polis əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.

***

“Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin I hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur”.

Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib.

Açıqlamada qeyd olunur ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir:

“Bununla yanaşı, həmin Qanunun tələblərinə uyğun olaraq, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar”.

Murad Əhməd