“Ümid” Azərbaycan hökumətindən tələb etdi

umid-azerbaycan-hokumetinden-teleb-etdi
Oxunma sayı: 650

Bu bəyanatla Ümid Partiyası sədrinin İctimaiyyətlə Əlaqələr üzrə müavini Aynur İmranova çıxış edib. Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan bəyanatda deyilir ki, bu, bölgədə yaşayan 15 milyon insanın taleyi ilə bağlı olduğu üçün, gölün coğrafi olaraq yaxınlığında yerləşən Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətini də yaxından maraqlandırır: “Gölün qurumasında İran hökumətinin illərdən bəri gölün qırağında çəkdikləri sədlərin səbəb olması bəllidir. Bu sədlər suyun azalmasına, suyun azaldığı yerlərdə buxarlanmanın sürətlənməsinə, ardından da o bölgələrin şiddətli duzlaşmasına gətirib çıxarır. İllərdir İran rəsmiləri bu vəziyyətə göz yumur, qəsdən, bilərəkdən gölün qurumaması, xilası üçün heç bir ciddi tədbir görmür və ya görmək istəmir, Azərbaycanla bağlı siyasi məqsədlərini ekoloji fəlakət üzərindən qurur.

Sədlərin yıxılması üçün lazımlı olan 3 milyard məbləği xərcləməyi qəbul etməyən İran bölgədəki əhalini ayrı bölgələrə köçürmək kimi, həm də 50-60 milyardlıq xərci nəzərdə tutan absurd təkliflər irəli sürür. Aparılan siyasətin məqsədi aydındır. Biz Azərbaycan və Türkiyə rəsmilərinə müraciət edirik. Əgər İran rəsmiləri Urmiya gölünün xilası üçün lazımi 3 milyard məbləği ödəməkdə problem yaradırlarsa bunu Azərbaycan, Türkiyə, bölgə ölkələri, eyni zamanda beynəlxalq ekologiya təşkilatları öz üzərinə götürsün. Xüsusilə də Azərbaycan hökuməti Cənubi Azərbaycan üçün bu həssaslığı göstərməlidir.
Eyni zamanda biz İran dövlətinə də Urmu gölünün qurudulmasına etiraz mitinqlərində həbs olunmuş insanların azadlığa buraxmasını, onlara qarşı təzyiqlərə son qoyması ilə bağlı müraciət edirik. İnsan haqları heç bir ölkənin daxili işi deyil. Cənubi Azərbaycanda yaşayan türklərin taleyi isə bizim üçün çox önəmlidir. İran bu insanların haqq və hüquqlarına hörmət etməlidir”.