Ümid girov götürülən azərbaycanlılarla bağlı müraciət etdi

umid-girov-goturulen-azerbaycanlilarla-bagli-muraciet-etdi
Oxunma sayı: 1715

 

“Qafqazinfo” xəbər verir ki, müraciətdə deyilir: 

Məlumunuzdur ki, 1991-93-cü illər ərzində Ermənistan Silahlı Qüvvələri Azərbaycanın 20% torpağını işğal etmiş, orada yaşayan 1 milyona yaxın insan öz ata-baba yurdunu tərk etmişdir. Ermənistan silahlı qüvvələri atəşkəs rejimini tez-tez pozur, təmas xəttində insanlar həlak olur, yaralanır, cəbhəboyu kəndlərdə evlər dağıdılır. Təəssüf edirik ki, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT-nin qəbul etdiyi 4 qətnaməyə Ermənistan əməl etmir, buna baxmayaraq aidiyyatı orqanlar bu özbaşınalıqlara münasibət bildirmir. Bütün bunlar isə Ermənistana işğal etdiyi Azərbaycan torpaqlarında vandalizm hərəkətləri törətmək üçün cəsarət verir. 2014-cü il iyul ayında Ermənistan Respublikasının xüsusi xidmət orqanları Kəlbəcər rayonunda mülkü şəxslər Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov adlı 3 Azərbaycan vətəndaşını öz dədə-baba yurdu olan Kəlbəcərdə doğmalarının qəbirlərini ziyarət edərkən “diversant” damğasıyla əsir götürüb. Bu olaylar Ermənistanın işğala məruz qoyduğu Azərbaycan torpaqlarında etdikləri özbaşınalıqları bir daha sübut edir. Qeyd edək ki, Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov uzun illərdir ki, Kəlbəcərə gedir, Ermənistanın işğal etdiyi doğma yurd yerlərindən videoçəkilişlər edirdi. İndi isə işğalçı tərəf bu şəxsləri əsir götürərək “diversant” olduğu barədə məlumatlar yayır, onları ermənilərin ölümündə suçlayır. Ermənistan Müdafiə Nazirliyi bildirir ki, indiki halda “Hərbi əsirlərlə rəftar” barədə Cenevrə konvensiyasının 4-cü maddəsi bu şəxslərə şamil edilə bilməz. Halbuki azərbaycanlıları bu torpaqlara təhlükəli olsa belə getməyə vadar edən səbəb öz doğma torpaqlarına qovuşmaq həsrəti idi. Biz Ermənistanın bu qərəzli hərəkətlərini azərbaycanlılara qarşı düşmənçilik siyasətini pisləyir, beynəlxalq qurumları baş verənlərə laqeyd qalmamağa çağırırıq. 

“Diversant” damğası ilə əsir götürdükləri bu 3 azərbaycanlıya qarşı edilən kobud rəftara, verilən işgəncələrə əsasən bəyan edirik ki, Azərbaycanın işğal altındakı ərazilərinə keçmiş iki mülki şəxsi “cinayətkar” elan etmək, onlarla qeyri-insani rəftar etmək, işgəncə vermək beynəlxalq normaların kobud şəkildə pozulmasıdır. Çünki bu şəxslər Azərbaycan ərazisində işğalçı qüvvələr tərəfindən girov götürülüblər. Beynəlxalq təşkilatlardan, xüsusilə də Beynəlxalq Qızıl Xaç Komitəsindən, BMT-dən, ATƏT-dən, və ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən xahiş edirik ki, Kəlbəcər rayonu ərazisində Ermənistan Respublikasının xüsusi xidmət orqanları tərəfindən girov saxlanılan Dilqəm Əsgərovun, Şahbaz Quliyevin və Həsən Həsənovun saxlanma şəraiti ilə yaxından tanış olsunlar. Bir həftədən artıq vaxt keçməsinə baxmayaraq, ermənilər girovlarla görüşə şərait yaratmayıblar, ermənilər tərəfindən öldürüldüyü bilinən Həsən Həsənovun həqiqətən ölüb-ölməməsi dəqiqləşməyib. Xahiş edirik ki, Beynəlxalq Qızıl Xaç Komitəsi və aidiyyatı orqanlar onlara qarşı işgəncə faktlarını qeydə alsınlar və həmin şəxslərin tez bir zamanda azad edilərək öz ailələrinə qovuşmasını təmin etsinlər. 

Biz Azərbaycan Ümid Partiyası olaraq bir daha beynəlxalq qurumları və dünya ictimaiyyətini Kəlbəcər rayonu ərazisində əsir götürülmüş 3 azərbaycanlının vəziyyətindən xəbərdar olmağa, tezliklə azad olunması üçün aidiyyəti üzrə fəaliyyət göstərməyə çağırırıq.