Ümidlər manatla, korrupsiya dollarla…

umidler-manatla-korrupsiya-dollarla
Oxunma sayı: 2450

Fərid Hüseyn

Birinci devalvasiya olanda vətəndaşlar nə baş verdiyini tam yəqinləşdirə bilmədilər. Tərəddüdlər, anlaşılmazlıq, hər şeyin ötəriliyinə inam bu məsələlərin dərkinə mane oldu. Baş verən prosesdən bir də o aydın oldu ki, dünyada baş verənləri nə qədər izləsək də, xeyri yoxdur. Odur ki, gərək problemi öz dərinlə hiss edəsən və bir başa şəxsinlə bağlı ola. Doğurdan da, birinci devalvasiyada çoxları elə bildi ki, ziyan ancaq çin-çin pulları olanlara dəyəcək. “Məndən ötdü qardaşıma dəydi, elə bil saman çuvalına dəydi” məntiqi insanları toxtaq saxladı.

Sonra neftin qiyməti daha sürətlə enməyə başladı... Daha sonra qiymətlər 27 dollara qədər düşdü. Məsələ burasındadır ki, əvvəl-əvvəl neftin qiyməti düşəndə neçə-neçə insan sevinir və az qalırdı əlinə xına qoysun. Onlar düşünürdülər ki, neft pulları azaldıqca, korrupsiyaya axan pullar da azalacaq, ölkədəki əsas problemlər həllin tapacaq. Yəni ortada pul az olacaq və belə demək mümkündürsə korrupsiya da “dəyərdən düşəcək”. Ancaq əksinə oldu, korrupsiya da dollarla adekvatlaşdı, bahalaşma oldu, işsizlik yarandı, gömrük güzəştə getmədi, banklar bir manatından keçmədi. Bəs əvəzində nə baş verdi?

• Xalq neftin, manatın taleyindəki dəyərini anladı.
• İnsanlarda arxayınlıq əvəzinə, daxili səfərbərlik yarandı.
• Özümüzü dünyadan təcrid olunmadığımızı, dünya xəritəsindəki xəritədəki yerimizi gördük.
• “Neft ölkəsiyəm” rahatlığı unuduldu...

Bildiyim qədər çox vaxt xalq sərvətini söyə-söyə ərsəyə gətirib. Məsələn, Aran rayonlarında pambıq yığınında “quruya qalsın” qarğışı dildən düşməzmiş... Yaxud yaxın illərdə kiminsə yanında deyiləndə ki, 30 ildən sonra neft tükənəcək, çoxlarında reaksiya belə olurdu “cəhənnəmə tükənsin”. Əksərinin işlədiyi iş haqqında “xoş sözü belə olur: “Allah kəssin”, “zibilə qalsın”, “xaraba dağılsaydı, canımız dincələrdi”.

İndi isə ağlı başında olan adamların çoxu hər gün dünya bazarında neftin qiymətini, gündəlik manatın məzənnəsini izləyir, indi hamı vətəndaşa çevrilib... İki dəfə devalvasiya oldu və bununla da Sovet dövrü və düşüncəsi tam mənada süqut etdi... Bəlkə də, hələ indi, sözün geniş mənasında, bazar iqtisadiyyatına keçdik...