Ürəyimiz sözümüzə baxmır... - Nə edək?

ureyimiz-sozumuze-baxmir
Oxunma sayı: 14777

Azərbaycanda ürək-damar xəstəliklərindən dünyasını dəyişənlərin sayı çoxalıb. Xüsusilə son vaxtlarda əhali arasında  bu xəstəliyin cavanlaşması müşahidə olunmaqdadır. Ölkədə bir neçə tanınmış jurnalist, ictimai şəxslər, çoxlarının qohum-tanışı bu xəstəliyə görə dünyasını dəyişib. Bu günlərdə deputat Nəriman Əliyev də ürək damarlarının tıxanıqlığı səbəbindən anju əməliyyatı keçirib və elə əməliyyatdan sonra da komaya düşmüşdü. 

“Qafqazinfo” bu məsələdən  yola çıxaraq mövzu ətrafında araşdırmalar aparıb. 

Bildirək ki, ürək-damar xəstəlikləri dünyada daha geniş yayılan xəstəliklər üçlüyünə daxildir. Azərbaycanda insan ölümünün əsas səbəbləri sırasında ilk yeri ürək-damar, ikinci yeri isə onkoloji xəstəliklər tutur. 

Kişilərdə insulta daha tez-tez rast gəlinir. İnsultun əsas səbəbləri hipertoniya, ürəyin işemik xəstəliyi və xolesterinin yüksək olması, qeyri-sağlam həyat tərzi - düzgün qidalanmama, hərəkət fəallığının azlığı, siqaret və alkoqoldan istifadə hallarıdır. Səhiyyə Nazirliyinin statistikasına əsasən, hər 100 min əhaliyə 200-300 nəfər insult xəstəsi düşür. Bununla belə, insult keçirən xəstələrin 30 faizi xəstəlik başlandıqdan sonrakı bir ay ərzində həyatını itirir. Pasiyentlərin üçdəbiri insultdan sonra kənar şəxslərin köməyinə ehtiyacı olan əlillik qrupuna daxildir. Xəstələrin qalan hissəsi bərpa dövründən sonra əmək fəaliyyətinə qayıda bilir. Məsələ belə olduğuna görə dünya kardioloqları da bu iş üzərində elmi və nəzəri cəhətdən araşdırmalarını hər gün  davam etdirirlər. 

Statistika

Bu sahədəki statistik rəqəmlərə diqqət yetirən zaman da vəziyyətin  heç də yaxşı olmadığı ortaya çıxır. 

Belə ki, ötən ilin statistikasına görə Azərbaycanda ölümlərin 57.8 faizi ürək çatışmazlığından baş verib.  Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqladığı məlumatlara görə, 2020- ci ilə qədər dünya üzərindəki bütün ölümlərin 36 faizi  ürək-damar xəstəliklərindən qaynaqlanacaq. 2015- ci ildə  Avropa ölkələrində ürək-damar xəstəliklərindən ölüm 4 milyon olub. Bunun 45%-ni kişilər, 55-ni isə qadınlar təşkil edib. 

Müayinə üsulları

Ürək-damar xəstəliklərinin müayinəsində bir neçə üsuldan istifadə edilir. Xəstəliyi EKQ - elektrokardioqramma vasitəsi ilə aşkar etmək olar. EKQ-da yalnız kobud və çoxdan formalaşmış qüsurların - divarların qalınlaşması, ürəyin müxtəlif şöbələrinin yüklənməsi və aritmiyaların nəticələri bilinir. Exo kardioqramma isə (ürəyin ultrasəs müayinəsi) 98% hallarda qüsuru aşkar edir. Əməliyyat lazım olduğu təqdirdə isə əməliyyatın həcmini təyin etmək üçün yalnız USM kifayət deyil, daha ciddi tədqiqatların aparılması zəruridir. Doppler-exo kardioqrafiya, ürəyin zondla tədqiq edilməsi və angiokardioqrafiya kimi müayinələri yalnız xüsusiləşdirilmiş tibb institutlarında aparmaq olar. Ancaq bu tədqiqatlar bahalıdır.

Elektrokardioqramma üsulu ən ucuz müayinə üsuludur. Burada qiymət 10-15 manat arasında dəyişir. Exo kardioqrammanın qiymətləri isə dövlət və özəl xəstəxanalarında aparılmasına görə dəyişir. Adətən dövlət xəstəxanalarında 30 manat, özəllərdə isə 50 manat təşkil edir. Proses əməliyyata qədər uzandıqda isə ürəkdə damar tıxanıqlığı mövcud olduğu halda anju əməliyyatı aparılır. Bu əməliyyatın qiymətləri də klinikalardan asılı olaraq 350-500 manata arasında dəyişir. 

Damarlara stent yerləşdirilməsi isə bir başqa müalicə metodudur. Həmin stentlərin qiyməti də dərmanlı və normal stent olmasına, keyfiyyətinə görə dəyişir. Adətən bir stentin qiyməti 1000 manatdan başlayır.

Xəstəlikdən necə qorunmaq olar? 

Bir çox həkimlərin bildirdiyinə görə, adamların çoxu ürək kimi mühüm orqanın qayğısına yalnız xəstələnəndə qalmağa başlayır. Kök adamlar ürək xəstəliklərindən çəkisi normal olanlardan daha çox əziyyət çəkirlər. Axı artıq çəki ürəyi daha intensiv işləməyə məcbur edir. Ürəyin həmişə sağlam olması üçün ürək damar xəstəliklərinin profilaktikası aparılmalıdır. Əvvəlcə qidalanmaya ciddi nəzarət etmək, pəhriz saxlamaq lazımdır. Rasion meyvə-tərəvəz, balıq, dəniz məhsulları, göyərti, qoz-fındıq, ağartı, qınlı paxlalı bitkilər, çovdar çörəyi və zeytun yağı ilə zəngin olmalıdır. 
Çəkinizə nəzarət etmək və çox yeməmək lazımdır. Onurğa sütunu möhkəmləndirilməlidir. Çünki  bütün orqanlar mərkəzi sinir sistemi ilə sıx bağlıdır. Ürəyin məşq etdirilməsi (kardioməşq) də onu möhkəmləndirir, gərginliyə adaptasiyasını yaxşılaşdırır. Hər gün idmanla məşğul olmaq, səhər gimnastikası ürəyi çox yaxşı məşq etdirir. Orqanizmimizin normal fəaliyyət göstərməsi üçün hər gün piyada gəzmək lazımdır. Əgər biz oturaq həyat tərzi keçiririksə, orqanizmimizdə bütün mühüm proseslər, o cümlədən maddələr mübadiləsi yavaşıyır, immun sistemimiz zəifləyir. Müxtəlif xroniki xəstəliklər - piylənmə, şəkərli diabet və insult məhz buna görə inkişaf etməyə başlayır. 

Gündə azı 20 dəqiqə təmiz havada piyada gəzmək (yaxşı olar, park zonasında) ürəyin müntəzəm məşqlərə uyğunlaşmasına kömək edir.

ÜDX-dən əziyyət çəkənlərin vəziyyətini yaxşılaşdırmaq üçün, sadəcə, sağlam gülüşə ehtiyac var. İnsan güləndə sinir və ürək-damar sistemlərinin, tənəffüs yollarının fəaliyyəti, hormonal durumu yaxşılaşır. Bir çox tədqiqatlar nəticəsində sübuta yetirilib ki, gülüş orqanizmdə stresslə bağlı hormonların səviyyəsini azaldır. 

Günel Türksoy