Uşağı öldürə bilən adamla necə sevgili olub?

usagi-oldure-bilen-adamla-nece-sevgili-olub
Oxunma sayı: 3342

Nərmin Dadaşova

Stefan Sveyqin “Şahmat” adlı bir romanı var. Gestapo tərəfindən istintaqa cəlb olunan bir gənc aylarla bağlı otaqda saxlanılır. Bir gün sorğu sual edilmək üçün gətirildiyi otaqda, mühafizəçinin cibindən balaca bir şahmat kitabı oğurlayır. Yenidən hücrəsinə qapadılandan sonra şahmat taxtası olmadan kitabçadakı gedişləri beynində canlandırıb oynamağa başlayır. Beləliklə, bu balaca kitab darıxmaqdan dəli olmaq həddinə çatan gənci xilas edir. Ancaq bir müddət sonra kitabdakı bütün gedişləri əzbərlədiyi üçün yenidən darıxmaq azarına tutulur. Bunun qarşısını almaq üçün dayanmadan yeni gedişlər, yeni oyunlar fikirləşir və bu oyundan asılı vəziyyətə düşür.
Bu boyda girişi ona görə yazdım ki, hal hazırda özümü Sveyqin bu qəhrəmanı kimi hiss edirəm, eynən onun kimi- Çabalayan! Beynimdə canlandırdığım şahmat taxtasının üstündə var-gəl edirəm. Gündəmdən, hadisələrdən və həqiqətlərdən uzaqlaşmağın başqa yolu gəlmir ağlıma təəssüf ki.

Qoy bu gün də mən gülümsəməyim, yediyinizi- içdiyinizi zəhər edim. Yadınıza salım ki, yaşadığımız yer gülüşümüzə dəymir. Əvvəllər filmlərdə görəndə gilə-gilə göz yaşı axıtdığımız hadisələrə indi real həyatımızda adi bir hal kimi yanaşırıq. Məni qorxudan odur ki, artıq bizi təəccübləndirmək çox çətin məsələdir. Gözümüz qızını zorlayan ata, anasını öldürən oğul, qardaşından hamilə qalan bacı xəbərlərinə öyrəşib. Oxuyuruq və inanırıq.

Dünyanın bu düz vaxtında, dünən bapbalaca məsum bir qız uşağı anasının sevgilisi tərəfindən öldürülüb. Ana isə polisə şikayətində qızını maşın vurub öldürdüyünü bildirib. Sonra məlum olub ki, körpənin üzərində zorakılıq əlamətləri var. Mən dünəndən bura prosesi həzm etməyə çalışıram. Başa düşməyə çalışıram ki, bir uşağı öldürə biləcək qədər vəhşiləşmiş biri ilə necə yaşaya bilib bu qadın. Necə sevgili olub? Yəni doğrudanmı ətrafımızdakıları bu qədər tanıya bilmirik? Doğrudan, məhəbbətin gözü bu qədər kordur?

Dünən balaca qızımla gəzməyə çıxmışdıq. Uşağa gülümsəyən hamı, hamı, hamı mənə niyə bu qədər təhlükəli gəlməlidir axı? Bu inamsızlığa, bu narahatçılığa daha nə qədər dözə biləcək əsəblərimiz?

Və ən əsası, Sveyqin naməlum qəhrəmanı dr.B kimi daha nə qədər reallıqdan qaça biləcəyik? Axı şahmat taxtasında oynanıla biləcək bütün gedişləri əzbərdən bildiyimiz gün yaşamaq daha çətin olacaq bizə.
Açığı yazını yazmaqda məqsədimin nə olduğunu bilmirəm. Köməkmi istəyirəm, kömək etməkmi istəyirəm sizi diqqətli olmağamı çağırıram, bunu da bilmirəm.

Amma dəqiq bildiyim bir şey var, bu gün gülümsəmək istəmirəm. Bu gün narahatam. Bu gün qorxuram.
Necə oxuyurdu, Emin Sabitoğlu, “Arxadan dərd çapır, qorxuram çata…”