Uşaq bağçaları nəzarətsiz qalanda

usaq-bagcalari-nezaretsiz-qalanda
Oxunma sayı: 2327

Dünya Sakit

Azərbaycanda uşaq bağçalarının sayı ehtiyac duyulandan azdır – bunu rəsmi qurumlar da dəfələrlə elan ediblər. Bağça çatışmazlığı rayonlara nisbətən qadınların işləməsi üçün şəraitin olduğu şəhər yerlərində daha kəskin hiss olunur. Məsələn, Hacıbala Abutalıbovun açıqladığı məlumata görə, ölkə əhalisinin üçdə birindən çoxunun cəmləşdiyi Bakı şəhərində dövlətə məxsus uşaq bağçalarında 40 minə yaxın uşaq yerləşdirilib. Bu, paytaxt üzrə tələbatın cəmi 35 faizinin təmin olunması deməkdir. Bir neçə min uşaq da özəl bağçalarda təlim alır. Üst-üstə götürdükdə, Bakıdakı özəl və dövlət uşaq bağçaları tələbatın heç yarısını da ödəmək gücündə deyil.

Belə çatışmazlıq dövlətə məxsus uşaq bağçalarında ciddi nöqsanların yaranmasına rəvac verir. Belə nöqsanlardan birincisi, əlbəttə ki, uşaqların bağçaya götürülməsi zamanı yaşanan rüşvətxorluqdur. Heç kimə sirr deyil ki, Bakı şəhərində tapşırmaq üçün adamın yoxdursa, 1 uşağın dövlət bağçasına götürülməsi 150-400 manata başa gəlir. Bakının ətraf qəsəbələrində minimum, orta və mərkəz ərazilərində isə 300-400 manat ödəmədən uşağı bağçaya salmaq mümkün deyil.

Onu da qeyd edim ki, bağçalar əvvəllər Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərsə də, 2011-ci il dekabrın 27-də prezidentin verdiyi sərəncamla tabelik dəyişərək Bakı Şəhər İcra Hakimiyyətinə(BŞİH)  keçib. Prezidentin 2012-ci il mayın 11-də verdiyi sərəncama əsasən, Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) sərbəstləşdirilmiş ştat vahidləri hesabına BŞİH tabeliyində Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi yaradılıb. Bundan əlavə, Dövlət Neft Şirkətinin balansında olan uşaq bağçaları və körpələr evləri də BŞİH-ə verilib.

Hazırda ölkə üzrə körpələr evi-uşaq bağçalarının ümumi sayı 2 minə çatmır. Ölkə rəhbərliyinin tapşırığına əsasən Bakı şəhərində tikiləcək binaların birinci mərtəbəsində uşaq bağçaları yerləşdiriləcək. Bu səbəblə yaxın bir neçə il ərzində paytaxtda 100-dən yuxarı yeni bağçanın açılacağı gözlənilir.
Əlbəttə, bağçaların sayının artırılması təqdirəlayiq haldır. Lakin yeni bağçaların yaradılması ilə yanaşı, mövcud bağçalarda idarəetmə prinsiplərinin dəyişməsinə, onlarda tərbiyə alan uşaqların qidalanma vəziyyətində köklü yeniliklərin edilməsinə ciddi ehtiyac var. Baxmayaraq ki, eyni normativlərdir, Bakının müxtəlif rayonlarında yerləşən bağçalarda qidalanma, qida rasionu kəskin şəkildə fərqlənir. Bəzən hətta bir qəsəbədə yerləşən 2 dövlət bağçasında yeməklər, rasion tamam fərqli olur: birində uşaqlara normal qidalar - ət, balıq, meyvə, kompot və sair, digərində günlərlə sup, şor-çörək verilir. Soruşsan, hər ikisindən deyəcəklər ki, dövlət nə verir, biz də uşaqlara onu veririk. 

Dəfələrlə bağçalarda uşaqlara yararlılıq müddəti keçmiş qidaların, yararsız ətin verildiyinə dair faktlar açıqlansa da, bu məsələyə kompleks yanaşma hələ də ortaya qoyulmayıb. Bağçaların ərzaq təchizatı üzrə tender nəticələrinə baxdıqda, bir çox hallarda 1-2 ay əvvəl yaradılan bir şirkətə onlarla sifarişin verilməsi hallarına tez-tez rast gəlinir.  

Bu gün bağçalarda ən ciddi problemlərdən biri də müxtəlif xəstəliklərə yoluxan uşaqların eyni otaqda saxlanmasıdır. Bunun nəticəsində xəstə bir uşaq 20-22 nəfərlik qrupdakı bütün uşaqların qısa müddətə xəstəliyə yoluxmasına səbəb olur. Təsadüfi deyil ki, bağçaya uşaq qoyan valideynə birinci xəbərdarlıq xəstəliklərlə bağlı olur: hamı övladının hər ay xəstələnəcəyini göz altına alaraq bağçaya qoyur. Halbuki heç olmasa qrip mövsümü olan qış aylarında xəstə uşaqların bir neçə günlüyə qrupdan ayrı saxlanması bunun qarşısını xeyli almış olar. 

Qidalanma sahəsindəki problemlərin aradan qaldırılması üçün ən yaxşı variant, ən azı Bakı şəhərində bağçaların ərzaq təchizatının vahid əldə cəmləşdirilməsi - “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-yə həvalə edilməsi ola bilər. Bu, həm irihəcmli alqı-satqılar yolu ilə vəsaitlərə qənaət, həm də keyfiyyət amilinə nəzarət üçün imkan yaradar. Yeni yaradılan Qida Təhlükəsizliyi Agentliyinin da uşaq bağçalarının ərzaq təchizatını nəzarətə götürməsi effektiv nəticələrin əldə olunması baxımından müsbət addım olardı.

Uşaqların həqiqətən bizim gələcəyimiz olması üçün bunları etmək hamımızın borcudur.