Uşaq gəlinlər...

usaq-gelinler
Oxunma sayı: 5295

Ruhəngiz Hacızadə

Erkən nikahlar... Ümumiyyətlə, əvvəlində erkən yazılan hər ifadədə nəsə bir yanlışlıq, edilən hansısa bir səhv duyulur. Elə tələsib təndirə düşmək kimi... Bir neçə ay öncə 15 yaşlı gəlinin intiharını eşitdik. İntihardan daha əzabverici səslənir “15 yaşlı gəlin” ifadəsi. Axı, o yaşda qız nə fiziki, nə də mənəvi olaraq evliliyə hazır deyil.

Necə deyir, Nazim Hikmət:

“Çıkar boynundan at o ipi çocuk! Salıncaklar mı yok sana? Kalk hadi o soğuk betondan, Yatacak başka yer mi yok sana?”

Yoxdur, Nazim əfəndi, bu uşaqlara yelləncək də yoxdur, yatacaq yer də... Kaş övladlarını gəlincik oynadan yaşda “gəlin”ə çevirən ana-atalar öləydi, övladlar yox. Bəlkə o zaman uşaq gəlinlərin boynu ipdən asılı qalmazdı.

Bir neçə gün əvvəl də 17 yaşlı ana doğuş zamanı öldü... Dünyaya uşaq gətirdi, ancaq özü bu dünyada qala bilmədi. Görünür, dünya iki uşağa birdən qucaq aça bilməyib. Bəli, iki uşaq... Çünki 17 yaşlı qız doğum stolunda yox, yazı stolunda oturmalı idi. Oxumalı, tələbəliyin dadını çıxarmalı, əylənməli idi. O, ər, qayınana, qayınata qulluğunda duracaq yaşda deyildi, qulluq görməli yaşda idi. Qucağına körpə almaq üçün tələsdirdiyiniz övladları ölümün qucağına göndərən valideynlər, çəkisi 3 kq olan körpənin çiyinlərinə dünyanın ən ağır yükünü qoyursunuz - anasızlıq yükünü. “Qisməti belə imiş” deməklə vicdanınızı rahatlada bilərsiniz. Hamısı doğuş zamanı ölməyə bilər. Amma ölmək təkcə fiziki anlayış deyil, ruhən ölmək də var. Ölümlərin ən əzab verəni. Hər gün qarış-qarış ölmək, zərrə-zərrə yox olmaq... Uşaqlığından doymamaq, gəncliyindən vaz keçmək var bu ölümün ucunda.

Türkiyədə erkən yaşda ailə quran bir xanıma sual vermişdilər: “Həyatında nəyi dəyişmək istəyərsən?” Valideynlərimi demişdi... Vicdanınız rahatladısa, bir az düşünün: Onların sizi dəyişmək şansı yoxdur, amma siz əlinizə düşən ilk fürsətdə qızlarınızın uşaqlığını qadınlığa dəyişirsiniz. Həyatda üzləşə biləcəkləri ən böyük zorakılığı övladlarınız sizdən görür. Uşaqlar uşaq dünyaya gətirməz! Uşaqlar əvvəlcə gəncliyini yaşayar! Uşaqlar övlad böyütməz! Əvvəlcə özləri böyüyər, analar! “Filankəsin qızı evdə qalıb” - ən böyük qorxunuz bu sözü eşitməkdirsə əgər, bir daha düşünün. Ən azından evdə qalmaq qəbirə qoyulmaqdan daha yaxşıdır.

Qızların fizioloji cəhətdən formalaşması 18 yaşından sonra başlayır. İmkan verin, onlar fiziki cəhətdən formalaşsınlar. Vaxtınız olsa, siz də düşüncələrinizi formalaşdırın, bir az da mənəviyyatınızı...