Uşaq həbsxanasında bir gün...

usaq-hebsxanasinda-bir-gun
Oxunma sayı: 9757

Sahilə İbrahimova

Bir neçə gün öncə ilin son köşəsini yazıb builki yazı işini bitirdiyimi sandım. Təsadüfən alınan görüş isə sona başqa yazını saldı. Dünən uşaq tərbiyə mərkəzində yeni il görüşünə getdim. Azsaylı qonağın qatıldığı görüşün mənə qarışıq hisslər yaşadacağını öncədən bilirdim. Adı nə qədər “tərbiyəvi” olsa da, hamı o ünvanı uşaq həbsxanası, koloniyası deyə tanıyır. Yalnız yeniyetmələrin saxlanıldığı həbsxana hazırda 46 uşağı tərbiyə eləmək görəvindədi. Cinayət etmiş üç qız isə qadınların cəzaçəkmə müəssisəsində saxlanılır, onları yeniyetmə oğlanlara çox yaxın tutmaq məqsədəuyğun deyil. Qadın cəzaçəkmə müəssisəsi uşaqlarınkına bitişikdi. Hasardan qapılardan boylanan qadınları görmək olur.

Cəzaçəkmə müəssisəsinin girişini tapmaq o qədər də asan olmur. Taksi sürücüsü binanı dövrə vurur, hər dəfə balaca qapı gözündən qaçır. Nəhayət, özüm hündür divarların ortasında balaca qapını görürəm. Dəqiq desəm, qapını ayağının altındakı içi ərzaq dolu çantalarla gözlərini bağlı qapıya zilləyən adamların baxışları ilə köməkləşib tapıram. Yaxınları bayram sovqatlarını övladlarına çatdırmaq üçün səbirsizlənir...

Balaca qapıdan, qısa yoxlamadan keçib günəşli bağçaya tərəf addımlayıram. Bu arada, məhbuslardan birinə gətirilən bayram sovqatı yoxlanılır; “corabları qəbul edirik, qalanlar olmaz.” deyir pay yoxlayan qız corab etiketlərini cırıb atıb, digər görə bilmədiyim şeyləri geri göndərərək.

Bağça mən təxmin etdiyimdən işıqlıdı. Filmlərdəki ağır hava duyulmur. Bağın ortasında oyuncaqların şarlarla əvəzlənərək bəzədildiyi şam ağacı ucalır. 

Cinayət etmiş uşaqların toplandığı zala daxil oluruq. Ombudsman Elmira xanım uşaqlarla xeyli danışır. Arada qısaca BMT-nin qərarlarından, rəhbərlik etdiyi Ombudsman aparatının funksiyasından bəhs edir. Zalın başında toplanan kitabların əhəmiyyətinə işarə vurur. Uşaqlar onu çox diqqətlə dinləyir. O, danışdıqca uşaqların üzlərini izləyirəm. Saçları qısa qırxılmış bir-birinə bənzəyən başların fərqlərini görməyə çalışıram. Kənardan gözümə eyni görünürlər, yaxud mən belə qəbul edirəm deyə özümü qınayıram. Onları fərqli görməyə, erkən yaşlarından fərqli bədbəxt talelər yaşamağa məcbur olduqlarını xatırlamağa çalışıram. Elmira xanım “özünüzü tənha hiss eləməyin” deyir və mən ürəyimdə məhz bu cümlə üçün ona təşəkkür edirəm. Əslində, bu sözlə çox şey izah olunur. O uşaqlar özlərini illərlə tənha hiss etdikləri üçün cinayət törədiblər. Psixoloji zədəsi olan bu uşaqlar aşa bilmədikləri çətinlikləri daşıyıb tökə, xilas ola biləcəkləri ünvan tapa bilməyiblər. Nə valideynləri, nə təhsil aldıqları (əgər var idisə) məktəblər, nə də dövlətin lazımi orqanları onları qəzəblərinin qurbanı olmaqdan xilas edə bilməyib. Bu uşaqların qabaqda bütöv bir ömrü var. Və onlar bu ömrü nə vaxtsa azadlıqdan məhrum olmuş insan kimi yaşamağa məhkumdurlar. Üzləri olduqca məsum, davranışları sivil görünən uşaqlar cinayət ediblər, ünsiyyət quranda inanmaq olmur. Onlar səbrlə hədiyyələri götürürlər, bir-birlərinə ötürürlər, pay almayan yoldaşları üçün bağlama istəyirlər... Bu uşaqlar zədəli psixologiyaları ilə insanları incidiblər, başqasına vurduqları zərbələrin ağırlığını duya bilməyiblər. Çünki bu uşaqlar özlərini tənha hiss ediblər. Nəhəng, ədalətli olmayan dünyada qarşılarına çıxan çətinlikləri öz gücləri ilə dəf etməyə atılıblar. Hüquqi çarələr uşaqlara erkən yaşlarından anladılmalıdı. Uşaqlar mənəvi və fiziki ağrılarını azaltmaq üçün çarələri başqalarından almaq mümkündür deyə bilməlidirlər. Bu dəstək doğmalardan gəlmirsə, onu dövlət verməlidir. Dövlət artıq cinayət etmiş uşağın reabilitasiyasından çox, onun azad qalmasının qayğısına qalmalıdır. Çünki azadlıqdan məhrum edilmiş insan bu təcrübəsini (təcrübəsizliyini) ömrünün sonuna qədər daşımalı olur. Nə maraqlı məqam; azadlıqdan məhrumolma ayıb sayılır. Deməli, azadlıqda yaşamaq şərəfdi.

Hər cinayət etmiş uşaq dövlətin, dünyanın ədalətsizliyini bir daha üzünə vurur. Yeniyetmələrin əksəriyyəti zorlama maddəsi ilə azadlıqdan məhrum olub. Zor tətbiq eləmək zorunda qalmaq bəzən sevgi ilə davrana bilməməkdən irəli gəlir deyirlər. Mən əminəm ki, bu uşaqların çoxu sevgisizlikdən əziyyət çəkiblər. Onlar da zərərçəkmişdirlər.

Bu həbsxanada da adam öldürənin cəzası zorlama ilə məhkum olunanın cəzasından qat-qat çoxdu. Uşaq qatillər adətən valideynlərini öldürənlərdir. Gözünü açandan ailədaxili şiddət görən uşaqlar bir dəfə dözməyib analarını döyən atalarını öldürüblər. Onların ata qatili olmağına səbəb ana sevgisidir. Bu uşaqlar cəmiyyət üçün itirilmiş deyillər. Onlar sevə bilirlər. Sadəcə sevdiklərini qorumağın yollarını bilirlər. Mən onları cəmiyyətə özündən yaşca qat-qat balaca olan uşaqları zorlayan yeniyetmələrdən daha az təhlükəli görürəm. Çox vaxt zorlama ilə həbs olunanların cəza müddəti az olduğundan, məhkumluqları elə tərbiyə mərkəzlərində bitir. Valideyn qatilləri isə cəza müddətlərini ümumi rejimli cəzaçəkmə mərkəzlərində davam etdirirlər. Xüsusi psixoloji dəstək görməyən, kimlikləri tam oturuşmayan bu uşaqlar gəncliyə təhlükəli cinayətkarlarla birgə qədəm qoyurlar. Bu halda çox zaman cəmiyyət onları birdəfəlik itirir. Mən zorlama ilə həbs olunanlardan çox valideyn qatili olanların əhvə düşmələrini istərdim. 

Dostoyevski “Yeraltından qeydlər” əsərində həbsxanadakı durumun çöldəki həyatla bənzərliyindən yazır; İşləyirik, müəyyən məvacibimiz var, yeyirik, yatırıq. Yazıçı bəs nədir bizə bu qədər dəhşətli görünən sualına seçim imkanının olmaması cavabını verir. İnsan yalnız seçim edə bildiyində özünü azad hiss edir. Ən qəddar diktaturalarda, ən sərt rejimlərdə belə, cüzi də olsa seçim etmək şansı var. Bu imkan insanlara təbii ehtiyac olan azadlıq səadətinin dadını yaşadır. Sivil dövlətlər vətəndaşlarına verdikləri azadlığın böyüklüyü və ədalətli yanaşmaları ilə qürur duyurlar. Azadlıq və ədalət cinayətin düşmənidi.

Ümid edirəm, o uşaqlar həbsxanadan çıxanda Azərbaycanı, dünyanı daha yaşanmalı yer kimi görə biləcəklər. Bundan sonrakı həyatlarını başqalarını incitmədən yaşamağı bacaracaqlar.