Uşaq ölümü

usaq-olumu
Oxunma sayı: 1571

Azər Qismət 

Hələ sovet illərində dovşandodaq, quyruqlu uşaqlar doğulanda məsələnin üstünü çox açmırdılar. Mövzunu Kütləvi İnformasiya Vasitələrinə qədər çıxarmırdılar. Çünki Sovet rəhbərliyi bunu doğuran səbəbləri yaxşı bilirdi.

Azərbaycan qadını beşillik planları vermək naminə gününü çöllərdə keçirirdi. Pambıq toplayanda üstündən təyyarələr dərman səpirdi. Tütün əkəndə və toplayanda ağ ciyəri zəhərlənirdi. O illərin statistikasına görə körpəsi qeyri-normal doğulanlar arasında pambıqçılıq və tütünçülük rayonlarının qadınları üstünlük təşkil edir.
Sumqayıtın zavodlarında çalışanların vəziyyəti isə daha dözülməz idi. Hətta orada adsız uşaq qəbiristanlığı da salınmışdı.

Bəs, indi hansı səbəbdən ana və uşaq ölümləri artıb? Hər dəfə belə faktlar televiziya ekranlarında nümayiş etdiriləndə hücum və ittiham ediləsi şəxs həkim olur. Mətbuatımız yazır: “Həkim səriştəsizliyi ananın ölümünə yol açdı”, “Həkim səhlənkarlığı körpəni məhv etdi”. Səhiyyə Nazirliyi də o tərəfdən məlumat yayır ki, “həkimlə bağlı tədbir görüləcək”. Həkimin işinin necə olacağını anladıq.

Amma onu anlamaq istəmirik ki, ana və uşaq ölümlərində həm də bizim kişilərimiz də günahkardır. Faktlar var ki, qadın 9 ay hamilə qalanda bir dəfə də olsun UZİ-yə aparılıb göstərilməyib. Elə rayonlar var ki, sakinləri UZİ-nin anaya zərərli olmasını deyib dururlar. Kişi bütün gününü çayxanalarda keçirir, qonaqlıqlarda yeyib-içir, amma hamilə yoldaşını bircə dəfə də olsun həkimə aparmır.

Bizdə hamilə qadını UZİ-yə o məqsədlə aparırlar ki, uşağın qız, ya oğlan olmasını bilsinlər. Amma uşağın necə inkişaf etməsi, ananın hamiləliyi necə keçirməsi həyat yoldaşının qulağına da olmur. Bizə uşağın cinsi lazımdır, qalanı Allah kərimdir. Məhz belə Allah kərimlərə görə ya qadın ölür, ya körpə. Halbuki, hamilə qadın ilk aydan etibarən mama-ginekoloqun nəzarətində olmalıdır. Təsəvvür edin, dünyaya uşaq gəlir, o, hələ də pasport qeydiyyatında olduğu ərazi üzrə qadın məsləhətxanasında qeydiyyata düşmür.

Hamilə qadınların həyat yoldaşları bilməlidir ki, belə qeydiyyatlara düşmək vacibdir. Orada xüsusi kart açılır, bütün göstəricilər, laborator və digər mayinələrin nəticələri yazılır. Və həkim də öz müayinəsində baxıb görməlidir ki, hamiləlik üçün risk faktorları nədən ibarətdir. Cinsi yolla keçən infeksiyalar üçün analiz verilir, qan qrupu və rezus-faktor, qanın QİÇS-ə yoluxub-yoluxmaması öyrənilir. Hələ hamilə qadını tarapevtin və digər həkimlərin də yanına aparmalısınız. Yoxsa, “bu gün-sabah oğlum, qızım dünyaya gələcək” deyib kafe-restoranlarda qonaqlıq verən ataların həyat yoldaşları doğuş zamanı öləndə daha xəstəxananın pəncərə-qapısına təpik vurub həkimi axtarması gec olur. Həm də çox gecikmiş addım sayılır. Səhiyyə Nazirliyi isə ginekoloqun üstünə düşür. Ona görə belə edir ki, ölənin qohum-əqrabası sakitləşsin, gərginlik yaratmasınlar. Halbuki, nazirlikdən həmin kişini çağırıb bircə dəfə soruşmurlar ki, “sonuncu dəfə həyat yoldaşını nə vaxt həkimə aparmısan?”. Əksər hallarda cavab olmur. Nəinki yoldaşını həkimə aparıb, hələ üstəlik 9 ayda bir-iki dəfə təpiyinin də altına salıb.

Uşaq isə dünyaya ya qeyri-normal gəlir, ya da əsəbi. Sonra da oturub-durub deyirik ki, “Allahın bizə acığı tutub”. Allah nə etsin ki, insan övladı məsuliyyətsizliyə yol verir. Bununla da gələcəyimiz xəstələrlə formalaşır.