Uşaqlar üçün təhlükə - “Fast food”lardan uzaq tutun!

usaqlar-ucun-tehluke
Oxunma sayı: 1675

Bir çoxları tez və asan şəkildə hazırlandığı üçün “fast food”lara üstünlük verirlər. Xüsusilə şagirdlər və tələbələr dərs arası və dərsdən sonra aclıqlarını tez aradan qaldırmaq üçün “fast food”lar yeməyi sevirlər.

“Qafqazinfo” Foodinfo.az-a istinadən xəbər verir ki, A və C vitamin, minerallar və kalsiumun kifayət qədər olmadığı bu qidalar bir müddət sonra insanlarda müxtəlif problemlərə səbəb olur. Əlbəttə, onların bir çoxu bu barədə məlumatsızdır. Çünki onları düşündürən əsas şey həmin an hiss etdikləri aclığı aradan qaldırmaqdır.

Araşdırmalar sübut edir ki, çox qızardılan, çox yağ istifadə edilən və tərkibində vitamin olmayan ayaqüstü yeməklər xüsusən uşaqlarda sümüklərin inkişafdan qalmasına yol aça bilir. Bu isə öz növbəsində onların boy atmasının qarşısını alır.

Türkiyəli qida mühəndisi Mehmet Dəmirçi bu barədə bildirib ki, qidalanmada vacib olan iki əsas şey keyfiyyətli və balanslı qidalanmaqdır:

“Yetərli miqdarda və balanslı şəkildə qidalanaraq vücudun istədiyi vitaminləri vermək lazımdır. Lakin uşaqlar və gənclər daha çox ayaqüsütü yeməklər dediyimiz “fast food”lara üstünlük verirlər. Belə qidalar bədəndə immuniteti zəiflədir, xəstəliklərə qarşı mübarizədə insanı gücsüzləşdirir. Çünki bədən ehtiyacı olduğu vitaminləri “fast food”lardan ala bilmir”.

Ekspert sözlərinə əlavə edib ki, müxtəlif kafe və restoranlarda hazırlanan ayaqüstü yeməklərin tərkibində yağ çox olduğu üçün gündəlik ehtiyac olan kaloridən daha çoxu qəbul edilir. Bu isə uşaqlarda erkən yaşda artıq çəki problem yaratmağa başlayır.

M.Dəmirçi uşaqlaları “fast food”lardan tamamilə uzaqlaşdırmağın çətin olduğunu təəssüflə bildirib:

““Fast food” çox yeyən insanlara məsləhət görürük ki, onların yanında heç olmasa evdə hazırlanan tərəvəzli yeməklərdən də yesinlər. Tərəvəzlər “fast food”ların vermədiyi faydalı vitaminləri, proteinləri, karbohidratları təmin etmiş olacaq. Balansı bu şəkildə qorumaq mümkündür”.