Uşaqlarımın anası

usaqlarimin-anasi
Oxunma sayı: 860

Yeganə Cansail

Düz 1 saatdır ki, noutbukda açdığım ağ vərəqlə baxışırıq. Ona görə yox ki yazmağa bir söz tapa bilmirəm. Əksinə, hər günümüzü o qədər iyrənc xəbərlər, intiharlar zəbt edib ki, adam bilmir kələfin hansı ucundan başlasın... 

Bir ana nə qədər qəddar, qəlbsiz və nə qədər qayğıkeş olmalıdır ki, övladlarıyla bərabər özünü qatarın altına atsın. İnsanda nə qədər hünər lazımdır ki, gedib başını relsin üzərinə yapışdırsın. Nə qədər cəsarətin olmalı ki, özünü 11-ci mərtəbədən aşağı atasan... Necə edəsən ki, sevdiyin adamla sevişməyə yerin olsun, qarajlarda, transformatorlarda ölməyəsən, yaxud qızın qeyrət çəkən qonşuları səni qanına qəltan eləməyə... Və nə qədər şərəfsiz olasan ki, gedib məktəbli oğlan uşağını  zorlayasan...

Bütün bu iyrənc mənzərələr son zamanlar baş verən hadisələrdir. Bu yerdə “bəxt üzüyü” filmindəki sərxoş Alikin sözləri yadıma düşür: “Axı bu çirkaba dözmək olmur...”

Bütün bu bədbəxt hadisələrin fonunda özünü günahkar kimi hiss edirsən. Amma baxırsan ki, həyat qaldığı yerdən davam edir. Yenə gecələr zəngin övladları boş yollarda avtomobilləri ilə şou göstərir, mağaza sahibləri dükanların üzərinə  böyük şriftlərlə “bütün mallara 70 % endirim” yazmaqla müştəriləri cəlb edir, məşhurlar yanıq verən pozlarıyla instaqramda istirahətdən şəkillərini paylaşır, kimi də “sabah necə intihar etsəm?” fikriylə gecəni gündüzünə qatır. Hərdən özümü o bütün mallara “70 % endirim” yazılan qapının bir küncündə görünməyən balaca “qədər” sözcüyü kimi hiss edirəm. Demə endirim 70 deyil, 70-ə qədərmiş. Bu 70%-ə “qədər”lər nə qədər insanın hissləriylə, cibiylə, elə bəlkə də qədərləriylə oynayır. Gedib o mağaza sahibinin də, dünən maşın görüb bu gün yollarda at oynadan, piyadaları vurub öldürən, ağzından süd iyi gələn o çocuğun da boğazından yapışıb hesab sormaq istəyirsən. Amma cavab varmı? Daha doğrusu səni eşidəcəklərmi? Və nəsə dəyişəcəkmi? 

Ekspertlər hər gün telekanallarda intiharların, qətllərin səbəbini arayır, eyni fikri min donda xırdalayırlar. Elə biz özümüz də, hər dəfə rastlaşdığımız tükürpədən xəbərlərdən bəzən təsirlənib nəsə yazmağa çalışır, az da olsa insanları maarifləndiririk. Axı nə qədər demək olar ki, insanlar bir-birlərini sevmirlərsə ömrünün sonuna kimi eyni damın altında yaşamağa məcbur deyillər. Nə qədər yazmaq olar ki, gəncləri sərbəst buraxın, onların gələcək həyatlarını siz-valideynlər yox, özləri yaşayacaq. Axı sizin oğlunuza tapdığınız “ev qızı” brendli xanımlar onları xoşbəxt etmirlər. Əksinə, bütün günü içir, evə gəlmir, çünki evdə onu gözləyən sevdiyi qadın deyil. Öz dilləriylə desək “uşaqların anası”dır. Və bir gün sevgisizlikdən, diqqətsizlikdən, sığalsızlıqdan bezən qadın ya evdən qaçır, ən pis halda isə əriylə münaqişədə o kişini baltalayır. Necə ki, hər gün belə xəbərlərdən onlarla oxuyuruq.  Axı siz analar bəzən övladlarınızı öz rifahınız üçün bilərək bədbəxt edirsiz. Yəni bunun fərqində deyilsiniz? Amma söylədiklərim işə yarayırmı?

Fikrimi soyuqqanlı hesab edəcəksiz, amma mənə növbəti həftənin gündəm xəbərləri maraqlıdır. Hətta gülməli və acı səslənsə də həftənin siyahısını tutmuşam. Sabah sırada kimdir və hansı ölüm xəbəriylə..