Uşqalarımız necə cinayətkar olur?

usqalarimiz-nece-cinayetkar-olur
Oxunma sayı: 1032

İmamverdiyev bildirib ki, ailədə diqqətdən kənarda qalan uşaq kənar təsirə tez düşür.

"Respublikada cinayət törədən uşaqların əksəriyyəti ailə və məktəb nəzarətindən kənarda qalan uşaqlardır. Ailələr uşağa qayğı və diqqət göstərməlidir. Bunu görməyəndə uşaq ailədən yayınacaq və kənar təsirlərə düşəcək. Cinayət törədən uşaqların 60-70 faizini işləməyən, oxumayan uşaqlar təşkil edir", - şöbə rəisi deyib.

Azərbaycanda uşaqlar arasında cinayətkarlığın vəziyyətinin stabil olduğunu deyən DİN rəsmisi uzun illərdir respublikda bu tendensiyanın gözlənildiyini qeyd edib.

"2005-ci ildə respublikada uşaqlar tərəfindən 618 cinayət qeydə alınmışdısa, ötən il bu göstərici 481 təşkil edib", - İmamverdiyev deyib.

Azərbaycanda bu sahədəki vəziyyəti postsovet ölkələri ilə müqayisə edən şöbə rəisi bildirib ki, ölkəmizlə müqayisədə Rusiyada hər 100 min əhaliyə düşən cinayətlərin sayı 10, Ukraynada 7,5 , Belarusda 9, Tacikistanda 2 dəfə çoxdur.

İmamverdiyevin sözlərinə görə, ötən ilin 6 ayında bu göstərici 174, bu ilin müvafiq dövründə isə 189 olub. Bu artım isə uşaqların çoxepizodlu cinayətlərdə iştirakı ilə əlaqədardır.

Cinayət hadisələrində iştirak edən uşaqların sayı 15 nəfər artıb. Ötən ilin 6 ayında cinayətlərdə iştirak edən 218, bu ilin müvafiq dövründə isə 233 uşaq müəyyən edilib. Respublikada bu ilin 6 ayı ərzində uşaqlar tərəfindən və onların iştirakı ilə törədilən cinayətlərin sayı 15 fakt çoxalıb.

Bakı şəhərində isə uşaqlar tərəfindən və onların iştirakı ilə törədilən cinayətlərin sayı 19 fakt azalaraq 69 fakt təşkil edib.

Şöbə rəisi deyib ki, cinayət törədən uşaqlar arasında oxumayan, işləməyənlərin sayı 4 nəfər azalıb.

İmamverdiyevin sözlərinə görə, cinayət törədən uşaqlar əsasən orta təbəqədən olan ailələrin uşaqlarıdır.

"Bu uşaqların yarısı ailələrində müəyyən sosial problemləri olan uşaqlardır. Valideynlərindən biri qazanc məqsədilə ölkədən kənarda olan uşaqlar da bu sırada yer alır. Cinayət törədən uşaqlar arasında problemli ailələrdən olan, hər iki valideyni olan, imkanlı ailələrin uşaqlarına da rast gəlinir", - o deyib.

Cinayət törədən uşaqların əksəriyyətinin 16-17 yaş kateqoriyasında olduğunu deyən şöbə rəisinin sözlərinə görə, bu ilin birinci yarısında cinayət törədən uşaqlardan 53 nəfəri 14-15, 180 nəfəri isə 16-17 yaşlılar olub.

Qeydə alınan cinayətlərin əksəriyyəti isə əmlak cinayətləri - oğurluq və şəxsiyyət əleyhinə olab cinayətlər - xəsarət yetirmə, döymə və digər cinayətlərdir.

O bildirib ki, uşaqlar tərəfindən törədilən cinayətlərin 60-65 faizi, bəzən 70 faizi əmlak xarakterli cinayətlərdir.

İmamverdiyev qeyd edib ki, son illər cinayət törədən uşaqlara azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalar verilir.

Onun sözlərinə görə, əvvəllər il ərzində 300-500 azyaşlı cinayət məsuliyyətinə cəlb olunurdu və onların 15-20 faizi azadlıqdan məhrum edilirdisə, son illər bu göstərici də aşağı düşüb.

"Azadlıqdan məhrum etmə yerlərində saxlanılan uşaqların sayı son illər 30-dan artıq olmur. Əvvəlki illərdə onların sayı 100-dən aşağı olmurdu. Çalışırıq ki, cinayət törədən uşaq cəmiyyətdən təcrid olunmasın, ictimaiyyət arasında tərbiyə olunsun", - şöbə rəisi deyib.

O bildirib ki, uşaqlar arsında cinayətkarlığın azaldılması məqsədilə daxili işlər orqanlarının əməkdaşları ailə və təhsil müəssisələri ilə birgə iş aparırlar.

"İstintaq prosesində də uşaqların valideynləri, özləri ilə söhbətlər aparılır. Cinayət törədib amma məsuliyyətə cəlb edilməyən uşaqlar qeydiyyata alınır, onlarla profilaktik iş aparılır. Hüquqpozmaya meyilli, dərsdən yayınan, küçələrdə işləyən uşaqlarla da fərdi profilaktik iş aparılır. Yarım il ərzində respublika üzrə təhsil müəssisələri və digər əlaqədar qurumlarla 1500-dən artıq müxtəlif tədbirlər keçirilib. Narkotik, təhsildən yayınma, erkən nikahlar və digər problemlərlə bağlı söhbətlər aparılıb", - İmamverdiyev deyib.