“Utanmazcasına deyirsiniz” – - vitse-spikerdən Bakıdakı ermənilərə

utanmazcasina-deyirsiniz-
Oxunma sayı: 1808


“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, NATO PA-nın “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” adlı 86-cı “Rose-Roth” seminarının ikinci hissəsində çıxış edən M. Brayza bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri hələ də Dağlıq Qarabağ münaqişəsinin həlli və qarşılıqlı kompromislərin əldə edilməsi üçün qarşılıqlı inamın lazım olan səviyyəsini əldə edə bilmirlər.

M.Brayza deyib ki, ATƏT-in Minsk Qrupunun münaqişənin həlli məqsədilə uzun illərdir göstərdiyi səylərə baxmayaraq, problem hələ də qalır: “Dağlıq Qarabağ münaqişəsinin həllində hərb variantından istifadə ehtimallarının azaldılması istiqamətində işləri davam etdirmək lazımdır”.

M. Brayza çıxışında münaqişənin səbəbini göstərməyərək ümumi şəkildə tərəfləri dil tapmağa çağırıb.

Ermənistan nümayəndə heyəti M. Brayzanın çıxışını alqışlayaraq proqramdan kənar söz almaq istəsə də, tədbiri aparan NATO PA prezidenti Hu Beyli onları reqlamentə riayət etməyə çağırıb. Sonra Ermənistan nümayəndə heyətinin rəhbəri Koryun Naqapetyana söz verilib. O, mövzudan kənara çıxaraq Azərbaycan tərəfindən snayperləri təmas xəttindən geri çəkməyi tələb edib. Söz alan Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü Qüdrət Həsənquliyev M.Brayza və erməni tərəfinin çıxışlarına sərt münasibət bildirib: “Mən əvvəldən də Metyu Brayzanın mövqeyini sərt tənqid etmişəm. Təəssüf ki, yenə də bu mövqedə qalmaq zorundayam. Brayza artıq müstəqil ekspert olsa da, yenə özünü ABŞ Dövlət Departamentinin əməkdaşı kimi aparır və oranın mövqeyini ifadə edir, özünün yox. Cənab Brayza, həyat yoldaşınız türk olduğuna görə ermənilər sizin Azərbaycanda bir ildən çox səfir olmağınıza imkan vermədi. Siz bunlardan ədalət gözləyirsiniz?!”

Q.Həsənquluyev daha sonra üzünü Ermənistan nümayəndə heyətinə tutaraq deyib: “Biz yaxşı olardı ki, danışıqları Rusiya ilə aparaq, Ermənistanla yox. Qarabağ münaqişəsi başlayan andan siz Ermənistanda və Dağlıq Qarabağda bütün digər millətləri qırdınız və qovdunuz. Ermənistanı monoetnik ölkəyə çevirdiniz. Bu gün Ermənistanda yaşayan yeganə kənar millət ölkə ərazisində yerləşən 102-ci Rusiya hərbi bazasının hərbçiləridir. Bəs buna nə cavab verəcəksiniz?!”

Söz alan Ermənistanın NATO PA-dakı nümayəndə heyətinin üzvü Tevan Poqosyan isə Ramil Səfərov məsələsini qabardıb. O, BMT qətnamələrinin mətnini təhrif etməyə çalışıb.

Azərbaycanın NATO PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov çıxışında Metyu Brayzaya və erməni qonaqlara suallar ünvanlayıb: “Cənab Brayza, əvvəlcə deyin görək, Qarabağ sözünün nə demək olduğunu bilirsiniz? Bilmirsiniz, qoyun, mən deyim. Qarabağ sözü sırf Azərbaycan sözü olaraq “qara bağ” sözlərinin birləşməsindən ibarətdir. Yəni, qəti olaraq erməni sözü deyil. Bu, orta əsrlərdə də, xanlıqlar dövründə də, hətta SSRİ dövründə də belə olub. Cənab Brayza və erməni həmkarlar, haranı açsanız orada deyiləcək ki, Qarabağ təmiz Azərbaycan torpağıdır. Cənab Poqosyan və hörmətli sədarət! BMT Təhlükəsizlik Şurasının 822-ci qətnaməsinin I maddəsində göstərilir: “BMT Təhlükəsizlik Şurası erməni qoşunları tərəfindən Kəlbəcər və ona bitişik rayonların işğalını pisləyir və dərhal azad olunmasını tələb edir”. Növbəti maddədə isə deyilir: “Ağdam və ona bitişik rayonların işğalı pislənilir və Ermənistan qoşunlarının oradan dərhal çıxması tələb edilir”. 874-cü qətnamə: “BMT Zəngilan və ona bitişik rayonların Ermənistan qoşunları tərəfindən işğalını pisləyir və dərhal azad olunmasını tələb edir”. Digər rayonlar üzrə də eyni sənədlər eyni sözü deyir. Daha sizə nə lazımdır?”

Z. Əsgərov Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə laqeyd yanaşmasına görə beynəlxalq ictimaiyyəti sərt tənqid edib: “ABŞ BMT Təhlükəsizlik Şurasının qətnaməsinin mürəkkəbi qurumamış NATO ilə bir yerdə Liviyanı darmadağın etdi. İraq və digər bu kimi bölgələrə də eyni münasibət oldu. Adını da qoydunuz ki, orada kimyəvi silah var. Heç nə də tapa bilmədiniz. Bu gün İraq xalqı necə əzab çəkir, siz də bilirsiniz, mən də bilirəm, amma beynəlxalq ictimaiyyət bundan xəcalət çəkmir. Hətta Yuqoslaviyanı BMT-nin heç bir mandatı olmadan darmadağın etdiniz. Bu da sizin işinizdir, vicdanınızın öhdəsindədir, vicdan niyə susur bilmirəm. Amma 20 ildir BMT-nin Təhlükəsizlik Şurası Qarabağ münaqişəsi ilə bağlı qətnamələr qəbul edib. Bu qətnamələr bəs niyə yerinə yetirilmir? Krım, Ukrayna ilə bağlı AB, AŞ, BMT, ABŞ hərə bir tərəfdən Rusiyaya qarşı sanksiya qəbul edirsiniz. Bəs 20 ildir ki, Ermənistana qarşı niyə sanksiyalar qəbul etmirsiniz? Axı bizim də ərazilərimiz işğal edilib... Cənab Foq Rasmussen bu yaxınlarda Litvada NATO PA toplantısında çıxışının böyük bir hissəsini Ukrayna məsələsinə həsr etdi. Bəs niyə bir dəfə də olsun Azərbaycanla bağlı çıxış etmirsiniz? Niyə Azərbaycanla bağlı qətnamə qəbul eləmirsiniz? Bu ikili standartlara son qoyun! Ayıb olsun!”

Z. Əsgərov Azərbaycanda Ermənistana “düşmən” ifadəsinin işlədilməsinə görə iradlar bildirən erməni deputatlara üzünü tutaraq deyib: “Ermənistan nümayəndə heyəti deyir ki, Azərbaycan prezidenti Ermənistanı düşmən dövlət adlandırıb. Məgər biz Ermənistana dost dövlət deməliyik? 20 faiz torpağımızı işğal edib, 1 milyon qaçqınımız var. İndi utanmaz-utanmaz deyirsiniz ki sizə düşmən deməyək?! Cənab erməni deputatlar, siz gəlib Azərbaycanın ərazisini işğal etmisiniz, Zəngilanda, Qubadlıda, Füzulidə və digər torpaqlarımızda oturub mənim ölkəmdə cəbhə qurmusunuz, indi də utanmazcasına deyirsiniz ki, oradan snayperləri çəkin. Snayperləri o zaman yığışdırarıq ki, Azərbaycan ərazilərindən çıxıb, çəkilərsən Ermənistan-Azərbaycan sərhədinə. Mən onda güzəşt edə bilərəm. Mən öz ərazimi orada düşməndən qoruyuram. Sənin snayperin orada nə edir? Axı sizin mənim snayperim olan yerdə nə işiniz var?!”

Seminar fasilədən sonra davam edir.