“Üzr istəsələr, yaxşı olar” - “Uypeşt”in baş məşqçisi

uzr-isteseler-yaxsi-olar
Oxunma sayı: 5229

Avropa Liqasının I təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində Budapeştdə “Neftçi”ni 4:0 hesabı ilə məğlub edən Neboyşa Viqneviç mətbuat konfransı keçirib. “Qafqazinfo” xəbər verir ki, o, əvvəlcə oyun barədə fikirlərini bölüşüb.

- Etiraf edim ki, fantastik oyun və nəticəyə şahidlik etdik. Nə əlavə edə bilərəm? Oyunçularımız hər şeyi meydanda dedilər. “Neftçi” yaxşı komandadı. Ancaq ilk oyunla müqayisədə onlar heyətə də, taktiki düzülüşə də əl gəzdirmişdilər. Bu da bizə cinahlarda əla hücumlar qurmağa imkan yaratdı. Hesab edirəm ki, 3-cü qolumuz oyunun qırılma nöqtəsi oldu. Bakıdakı matçdan sonra bizi tənqid edənlər isə üzr istəsələr, məmnun olaram. Azarkeşlərimizə təşəkkür edirəm. Daha çox fanat gözləyirdim. İnanıram ki, növbəti görüşümüzə daha çox azarkeşimiz gələcək.

- Nəticə sizi təəccübləndirmədi?

- Bir qədər təəccübləndirdi. Ancaq düşünməyin ki, hər şey bu qədər asan başa gəldi. Rəqibin həm müdafiəçiləri, həm də hücumçuları sanballı futbolçulardı.

- Həm Bakıda, həm də də Budapeştdə oyunçularınız “Neftçi”nin bir aparıcı futbolçusunu sıradan çıxardı – Namiq Ələsgərov və Ruslan Abışov. Rəqibin aparıcı futbolçularını sıradan çıxarmaq “Uypeşt”in vizit kartıdı? 

- Anlayıram sizi. İradınızı da başa düşürəm. Ancaq ilk epizodda bizim qolkiperimizlə toqquşmadan sonra hücumçumuz sıradan çıxdı. Bu gün isə mübarizə zamanı müdafiəçiniz zədələndi. Düşünmürəm ki, biz bunu bilərəkdən etdik. Ancaq hər iki futbolçumuza tezliklə sağalmağı diləyirəm. İnanın ki, onların zədələnməsi məni təəssüfləndirir.