Üzünüz ağ olsun!

Üzünüz ağ olsun!
Oxunma sayı: 119

Nərmin Dadaşova

Sən nə gözəl sevinirsənmiş, oxucu dost. Necə möhtəşəm  sevinə bilirsənmiş. Nə gözəl sevirsənmiş. Necə bir ola bilirikmişik biz. Necə eyni vaxtda, eyni sözü xorla qışqıra bilirikmiş. Nə qədər sevirikmiş vətənimizi. Bədənimizin, beynimizin, əsəblərimizin necə ehtiyacı varmış bu qələbəyə.

Bu yazını sizə futbol haqqında inforasiyası “level 1” -də olan biri kimi yazıram. Ömrümdə bircə dəfə futbol matçını canlı izləmək məcburiyyətində qalmışam. Əcnəbi rəfiqəm “Xəzər-Lənkəran”-futbol kamandasında oynayan həyat yoldaşına dəstək olmaq məqsədi ilə bizi oyuna baxmağa dəvət etmişdi. Ağzımdan düşünmədən çıxartığım “yox” sözünü eşidər eşitməz, “Mən o stadiona tək gedə bilmirəm. Məni narahat edirlər. Xahiş edirəm, mənimlə gəlin” deyib şəxsən məni vicdanımla sınağa çəkmişdi. İnan mənə oxucu dost, əvvəldən axıra qədər “söhbətin” nədən getdiyini anlaya bilməmişdim. Həvəssizliyim bir yana, uzağı yaxşı görməyən gözlərim də məni pis vəziyyətdə qoymuşdu. Bütün oyun boyu əzizim Anna sevinəndə sevinmiş, qəzəblənəndə qəzəblənmiş, “qoool” deyəndə “qooool” demiş, ərini itələyib yıxıdan rəqib komandanın oyunçusunu söyəndə ucundan-qulağından dəstəyimi əsirgəməmişdim. 

Ancaq zövq almışdımmı? Almamışdım. Lənət olsun içimdəki insan sevgisinə, futbola baxanda ürəyim ağrıyır. Hövsələm daralır, elə bilirəm  doxsan dəqiqədir qaçan mənəm, tənginəfəs oluram, acıram, yorulub əldən düşürəm. Borxesin sözü olmasın, estetik də gəlmir mənə futbol oyunu. “Nədir bax, nəyə qaçırsız bunca adam bir topun dalıyca” kimi dəhşətli və primitiv  bir ifadə olur üzümdə həmişə oyunu izləyəndə. İzləmək məcburiyyətində qalanda daha doğrusu. 

Ancaq dünən başqa idi. Dünən mənə görə məsələ futbol müstəvisindən çıxmışdı artıq. Dünən mən Qarabağın qələbəsindən çox insanların bir-birinə olan münasibətinə görə xoşbəxt idim. Yüzlərlə adam çıxmışdı küçələrə. Etiraz etməyə, deyinməyə, didişməyə yox, sevinməyə yığışmışdılar bir araya. Ömründə bir süfrə arxasında oturmayan, salamlaşmayan adamlar qucaqlaşırdılar. Həftələrdi gündəmin ağırlığı, dəhşətli ölüm, zorlama, qəza, qətl xəbərlərindən beli bükülmüş əsəblərimiz, sıradan çıxmış sinir sistemimiz, bir- birimizə olan inamsızlığımız, tükdən asılı qalmış sevgimiz hamısı dünən havaya sovruldu. Mən hər şeydən əvvəl Qarabağa bu birliyə görə minnətdar idim.  Fizuli və Cəbrayılın işğal günündə bizə “Qarabağ” sevinci yaşatdığınıza görə sağ olun, İgidlər. Üzünüz ağ olsun! Sizi dünya arenasında,  Neymargillə, Messigillə, Ronaldogillə bir meydanda qaçan görməkdən gözəl nə ola bilər? 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi