Vahid Qazinin qızı 13 yaşlı erməni həmyaşıdına cavab məktubu yazdı - Mətn

vahid-qazinin-qizi-13-yasli-ermeni-hemyasidina-cavab-mektubu-yazdi-metn
Oxunma sayı: 1097

Salam, Adelina!
Prezident İlham Əliyevə yazdığın məktubu bu gün oxuya bilmişəm. Sənə verilən cavabı da elə bu gün oxudum. Başqa yazılara da baxdım. Bəzi yazılarda məktubu sənin, yəni 13 yaşlı qızın yox, sənin adından başqa birisinin yazdığı deyilir. Bunu bir vaxtlar Samanta Smit adlı amerikalı məktəblinin Sovet rəhbərinə yazdığı məktuba da bənzədənlər var, onun da 13 yaşı varmış, o da bir ölkənin rəhbərinə məktub yazıbmış. Amma mən məktubu sənin yazdığına inandım, bu məktubu da ona görə sənə yazıram.

Məktubundan anladım ki, bizim oxşar cəhətlərimiz çoxdur: mən də 13 yaşındayam, ikimiz də qarabağlıyıq, mənim də ata-anam, nənə-babam, onların valideynləri Qarabağda doğulub yaşayıblar (ulu babam Şuşanın qazısı olub), sənin də romantikliyin var – ulduzlara baxmağı sevirsən, sən də başqalarının həyatına biganə deyilsən, müharibə istəmirsən, yurdunu sevirsən.

Amma fərqli cəhətlərimiz də varmış, onlardan ikisini yazacam.

Birinci odur ki, sən Qarabağda yaşayırsan. Mən də orada doğula, yaşaya bilərdim, amma olmadı. Səbəbi də odur ki, sənin atan, Ermənistandan, dünyanın dörd bir yanından gələn başqa erməni atalar şəhərimizi işğal edib valideynlərimi, nənəmi, babamı yurdlarından didərgin saldılar.

Bu gün sən daha şanslı görünürsən. İstədiyin vaxt Qarabağın gözəl yerlərini gəzə, bulaqlarından içə bilirsən. Mənim hələlik belə bir imkanım yoxdur. İnanıram, Qarabağda baxdığın ulduzlar daha gözəl, daha aydın görünür.

Mənim Qarabağımsa xəyalımdadır. Ekzüperinin “balaca şahzadəsi” kimi mənim də öz planetim var – Qarabağ planeti. Mənim bu planetim nənəmin, babamın xatirələrindən, anamın söhbətlərindən, atamın yazılarından yaranıb.

İkinci fərqimiz bizim nə qədər səmimi olmamızdadır. Sən yazırsan ki, “bizim haqqımızda, ölkəmiz barəsində düşünmürsən, valideynlərin də düşünmür”. Yaxınlıqdakıları düşünməmək nə deməkdir? Necə ola bilər ki, sən “çox uzaqlarda yaşayan yaşıdların, onların ölkələri haqda” düşünürsən, amma yaxınlığındakı insanlar barəsində yox? Bu, normaldırmı? Amma mən sizi düşünürəm! Qarabağın gələcəyi, orada yaşayan və gələcəkdə də yaşayacaq insanları düşünürəm.


Fərqimiz həm də ondadır ki, başına gələn bu qədər fəlakətlərə baxmayaraq, mənim ailəm mənə nifrət eləməyi öyrətmir. Məncə, hiss edərsən ki, bu məktubumda sənə bir damla nifrət bəsləmirəm.


Məktubunda yazırsan: “Mən öz babamdan eşitmişəm ki, müharibəyədək, hətta 50, yaxud 100 il əvvəl burada yaşayan azərbaycanlılar öz ölülərini Qarabağdan aparıb əsl vətənlərində basdırırdılar, bilirdilər ki, bura onların torpağı, vətəni deyil. Ona görə də burada demək olar ki, azərbaycanlı qəbiristanlığı yoxdu...”


Sənin bu sözlərini ailə üzvlərimə də oxudum, mənim atamsa dinləyib tamam başqa sözlər dedi.

O dedi ki, Dağlıq Qarabağdakı neçə-neçə azərbaycanlı kəndinin qəbirstanlığı necə oldu, bəs? Sənin yaşadığın şəhərlə mənim Ağdamım arasında cəmi 28 kilometr yol var. Bu sözləri sənə deyən babandan xahiş elə, səni Ağdama aparsın, atan da sizinlə gəlsin. Əsgəranı keçəndə yolun sağında və solunda nəhəng qəbiristanlıq görəcəksən. Bura Qafqazın ən qədim qəbiristanlıqlarından olan Qarağacı məzarlığıdır. Burada atamın nənəsi kimi sonuncu basdırılanlarla yanaşı min illərin qəbirlərini də görəcəksən, əgər dağıtmayıblarsa.

Sonra Ağdama çatacaqsınız. Səni “çox-çox uzaqlardakı ulduzlarda insanların yaşaması” maraqlandırır, amma Xankəndinin bir addımlığındakı Ağdamda bir zamanlar yaşamış 10 minlərlə insanın sonrakı taleyi necə, düşündürürmü? Atam da, anam da bir vaxtlar bu şəhərdə doğulub, yaşayıblar. Buranı xarabazara kim çevirib, Adelina?

Mən Ağdamı “Qafqaz Xirosiması” filmindəki bir-iki dəqiqəlik süjetlərdə görmüşəm, sən də bax bu filmə, youtube-da tapa bilərsən. Gör necə gözəl şəhər olub?! Onun indiki xarabalıqlarına baxanda atandan soruşarsan ki, bu şəhəri kim və niyə dağıdıb? Ağdamın indiki halını görən xarici jurnalistlər onu Xirosimaya bənzədirlər, onun atom bombası partlayışından sonrakı halına.


Qayıdanda Xocalıda maşını saxlat, orada öldürülən uşaqların ruhuna dua et!

Həmyerlim, Adelina!

Mən də qarabağlıyam, onu içimdə ürək döyüntüsü kimi duyuram. Qarabağlığımla fəxr edirəm. Ona görə yox ki, bura gözəlliklər diyarıdır, həm də ona görə ki, bu gözəl torpaqda dahi insanlar yaşayıb, yaradıblar. Bir dəfə internetdə ermənilərin əksər istedadlı adamlarının Qarabağdan çıxdığını oxumuşdum... Kaş biləydin, Qarabağda nə qədər musiqiçi, yazıçı, şair, rəssam, hərbçi, alim yetişib! Tək Üzeyir Hacıbəyov dünyalara dəyər. Mən incəsənət gimnaziyasının fortepiano sinfində oxuyuram. Bir arzum var: öz musiqimi bəstələyim. “Qarabağ sevgiləri” adlanacaq o musiqini sənin üçün də çalaram bir vaxt – Qarabağa dönəndə.

...Hələliksə, bir xahiş edəcəm: mən Qarabağa qayıdanacan ondan muğayat ol, böyüklərin, əgər salamat qalanı varsa, abidələri, evləri dağıtmasına gücün çatan qədər mane ol, bu məktubu oxuyacağın dostlarınla birlikdə!

İnanıram ki, bizim birlikdə bütün dünyanı heyrətləndirəcək gözəl bir vətən yaratmağa şansımız hələ də qalır!


Hörmətlə,

Nərgiz Qazi

Bakı İncəsənət Gimnaziyasının 8-ci sinif şagirdi