“Valideyn heç bir dərsliyi gedib bazardan almalı deyil”

valideyn-hec-bir-dersliyi-gedib-bazardan-almali-deyil
Oxunma sayı: 681

Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı cümə günü Trend-ə deyib ki, respublika üzrə əlavə olaraq ehtiyac duyulan dərslik komplektləri barədə məlumatlar toplanılıb. Artıq bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinə paytaxt məktəblərində şagirdlərin ehtiyac duyduqları dərsliklər təqdim edilib. Dərsliklərin paylanılması ilə bağlı da idarəyə müvafiq tapşırıqlar verilib.

Şahbazlı deyib ki, artıq Sumqayıt şəhəri, Abşeron rayonuna çatışmayan dərsliklər göndərilib. Sabahdan isə müraciətlər əsasında digər rayonlar üzrə dərslik təminatı məsələsi həll ediləcək.

Nazirlik rəsmisinin sözlərinə görə, dərslik çatışmazlığı obyektiv səbəblər üzündən baş verib. Bu problem yuxarı siniflərdə şagirdlərin yerdəyişməsi, yeni məktəblərin tikilməsi ilə əlaqədar yaranıbsa, I sinifdə şagirdlərin sayının artımı ilə bağlı ortaya çıxıb.

"Ehtiyac duyulan əlavə dərslik komplektlərinin sayı çox deyil. Məsələn, Naftalanın 10, Yevlaxın 70, Beyləqanın 10, Oğuzun 36, İsmayıllının 21, Göyçayın 9 komplekt dərsliyə ehtiyacı var. Bu rəqəmlərin heç biri yüksək deyil. Bu məsələ asanlıqla həll ediləcək", - Şahbazlı əlavə edib.
O, valideynlərə çatışmayan dərslikləri satışdan almamağı tövsiyə edib.
Nazirlik rəsmisi bildirib ki, bəzən valideynlər bu problem yaranan kimi narahatlıq keçirirlər.

"Valideyn heç bir dərsliyi gedib bazardan almalı deyil. Biz əlavə dərsliklərimizi hazırlamışıq. Çatışmayan dərsliklər gələn həftə ərzində yerlərə tam veriləcək. Ona görə də, valideynlər bir az səbirli olsunlar, tələsib satışdan dərslik almasınlar", - Şahbazlı əlavə edib.