“Vandallıq edənlərə tolerantlıq göstərilməyəcək” - Həsən Ruhani

vandalliq-edenlere-tolerantliq-gosterilmeyecek
Oxunma sayı: 2507

İran prezidenti Həsən Ruhani ölkəsində davam edən mitinqlərlə bağlı ilk dəfə çıxış edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Ruhani çıxışında hökumətə çağırış edib.

O əhalinin mitinq etməsinə mane olmamağı və onlara geniş meydan verməyi  tapşırıb.

“Konstitusiyaya görə xalqın tənqid və etiraz etmək hüququ var. Hökumət hüquqi iradlara və etirazlara yer verməlidir. Amma tənqid və etirazların ölkənin və xalqın vəziyyətini yaxşılaşdırması üçün səy göstərməliyik.

Hökumət vandallıq edən və ətraf mühitə zərər verən qruplara tolerantlıq göstərməyəcəkdir. Bəzi problemlərimizi həll etmək vaxt alır və hökumət ilə xalq bu problemləri aşmaq üçün əl-ələ verməlidir”.

Prezident həmçinin çıxışında ABŞ prezidentinə də sərt cavab verib:

“İranlılara terrorçu deyən bir şəxsin İran haqqında fikir bildirmək haqqı yoxdur”- deyə diqqətə çatdırıb.

Qeyd edək ki, bir neçə gündür İranda müşahidə edilən etirazlar 2009-cu ildən bəri ölkədə baş vermiş ən irimiqyaslı kütləvi nümayişidir. Nümayişlər ölkənin şimal-şərqində iqtisadi çətinliklərə və qiymətlərin bahalaşmasına qarşı etirazlardan başlayıb.