Vaqonda 15 dəqiqə adam saxlamaq nədir, ay başına dönüm?

vaqonda-15-deqiqe-adam-saxlamaq-nedir-ay-basina-donum
Oxunma sayı: 4379

Nərmin Dadaşova

Səhər metroda müdhiş bir sıxlıq var idi. İlahi, nəfəsim dayanmışdı, gəlirdi getmirdi, gedirdi qayıtmırdı. Əsl yoqa havası idi, nəfəslə əlləşib vuruşurdum. Üzümü göyə tutub “ mən burdayam, ilahi” deyə-deyə ağlamaq, ağı demək,  mərsiyə oxumaq istəyirdim. Fikir verməyin, bir balaca “Claustrophobia”m var, tünlük olan yerdə özümü idarə edə bilmirəm.

 Kiminin səhərlərinin vazkeçilməz detalı şirin  çay,  kimininki tost çörəyi, kimininki  isə metro müsibətidir.  Bu nə zülümdür, uca Şirvin? Kinolarda insanlar yuxudan duran kimi portağal suyu içir, mən ürək dərmanı. Döyüşə girirmiş kimi giririk metro vaqonlarına. “Atam, əlini yığışdır”, “ay bacı, imkan ver düşək” ədəbiyyatı ilə günmü başlayar?   Sonuncu dəfə dal-qabaq  dayandığımız qadının ürəyindəki aritmiyanı öz kürəyimlə  hiss etmişdim. Həkim tanıyıram, fonidaskopla  tuta bilmir aritmiya söhbətini. Düşəndə özünə də  dedim “Həkimə get, anam. Deyəsən aritmiyan var, ürəyin stabil döyünmür...”

 Bu gün isə, dünənkinin eynisi olmadı, oxucu dost, daha betəri oldu.  Deməli, metronun "Nəriman Nərimanov" stansiyasında işarəvermə avadanlığında texniki nasazlıq yarandığı üçün qatarların hərəkətində gecikmələr yaranıb. İnsanların işə və dərsə  tələsdikləri saata tuş gələn gözlənilməz bəla sıxlığa səbəb olub. Aləm qarışıb bir-birinə. Əlini o yana çək deyib, bir-birinə qışqıran kim, ağlayan kim, əsəbiləşən kim, ürəyi sıxılan, yerə yıxılan, qıc olan kim. İctimai nəqliyyatda texniki nasazlığın olması  mümkündür, əlbət. Dəmirdi də, sındı, nə etmək olar? Məsələ bu deyil, məsələ  belə hadisələr zamanı bizim və aidiyyatı şəxslərin özünü necə apardığı, vəziyyətdən necə çıxdığıdır. Havalandırma sistemi çalışmayan vaqonda 15 dəqiqə adam saxlamaq nədir, ay başına dönüm. Biri dişini yuyur, biri yumur, birinin mədəsi xəstədi, birinin disbakteriyozu var. Yazıq deyilik? 

 Guya ağıllı tərpənib “İnşaatçılar”metrostansiyasından getməli olduğum yolumu “20 Yanvar”dan davam etmək istədim.  Qatardan ayağımı yerə qoyan kimi  gördüm “hər yerdə eyni cür üşüdür külək” ... bir xanım huşunu itirib, xalqımın igid oğullarından biri də əlini salıb qızın ağzına ki, dilini çıxarda. “Ay qardaş, sağa döndər xəstəni, kifayətdir, özünə gələcək. Nə axtarırsan xalxın ağzında” müsibətini başladar - başlatmaz qıraqdan bir xanım çımxırdı üstümə. “Hoqqa çıxartma!”  Dedim “ok!” Bir də gördüm o talpanın içindən bir əl, özü də ən gözəlindən, telefonunu yuxarı qaldırıb şəkil çəkir.

“Neynirsən o şəkli, yığışdır telefonunu” deyibən acıqlanan polisə “işə gecikmişəm, müdirə göstərəcəm” deyib, şəkil çəkən müəllim  aradan çıxdı. Saat onun yarısına az qalırdı,  əlimdəki xəstəni ağzıaşağı buraxıb  “faktlar”ı ilə bərabər aradan çıxmış müəllimin arxasınca qaçdım...