Vasif Talıbov AXC-dən danışdı

vasif-talibov-axc-den-danisdi
Oxunma sayı: 1375


“Qafqazinfo” “AzərTAc”a istinadən xəbər verir ki, beynəlxalq konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov geniş nitq söyləyib. Onun sözlərinə görə, arxiv materialları aydın şəkildə göstərir ki, Naxçıvana muxtariyyət verilməyib, əksinə, naxçıvanlılar bu muxtariyyəti qazanıblar: “Naxçıvanın muxtariyyəti ermənilərə qarşı silahlı mübarizə cəbhəsində qazanıldığı kimi, böyük dövlətlərin siyasi oyunlarına qarşı diplomatik mübarizə cəbhəsində də əldə edilmişdir”.

Çıxışında konkret tarixi faktlara əsaslanan Ali Məclisin Sədri qeyd etmişdir ki, 1920-ci illərdə Behbud ağa Şahtaxtinski Sovet Rusiyası rəhbərliyi ilə iş aparır və bolşevik Rusiyasının rəhbəri Vladimir Leninə “Naxçıvanın Ermənistana verilməsi xalqın özünütəyin prinsipini və Sovet Azərbaycanının hüquqlarını pozur” – deyirdisə, Tiflisdəki Amerika generalı Haskelə Naxçıvanın, Şərur-Dərələyəzin və Vedibasarın Azərbaycanın ayrılmaz hissəsi olduğunu əsaslandıran Əli Səbri Qasımov “Naxçıvanın və digər regionların əhalisi bu ərazilərin erməni hökumətinə verilməsinə necə baxar?” sualına “Əldə silah ləyaqətli ölümü üstün tutaraq bu hökuməti var qüvvələri ilə rədd edərlər” cavabını vermişdir.

Qəbul edək ki, Naxçıvanın düşmən hücumuna məruz qaldığı, insanların erməni quldur dəstələri tərəfindən kütləvi şəkildə qətlə yetirildiyi, yerli müqavimət dəstələrinin ölüm-dirim mübarizəsi apardığı həmin dövrdə bu şəkildə konkret və sərt cavab vermək həm şəxsi cəsarətin, daxili sağlam düşüncənin, həm də çevik, üstün diplomatik bacarığın göstəricisi idi. Bu mənada Behbud ağa Şahtaxtinski, Əli Səbri Qasımov kimi diplomatlarımız və silahlı mübarizədə döyüşən həmyerlilərimiz hər zaman böyük hörmətlə, ehtiramla yad edilir, onların xatirələri əziz tutulur.

Bütün bu reallıqları 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) rəhbərliyi də, bolşevik işğalından sonra ölkəmizdə yaradılan şura hökumətinin nümayəndələri də yaxşı bilirdilər. Məsələn, AXC-nin Baş naziri Nəsib bəy Yusifbəyli 1919-cu il avqustun 18-də parlamentdəki çıxışında erməni istilaçılarına qarşı Naxçıvanda aparılan müqavimət hərəkatı barədə demişdir: “Naxçıvan öz qüvvəsi ilə istilaçıları devirərək Azərbaycan ilə birləşməyə hazır olduğunu bildirmişdir”. Nəriman Nərimanov isə 1921-ci ilin mayında V Azərbaycan sovetlər qurultayındakı çıxışında Moskva müqaviləsinə hökumətin münasibətini bildirərək demişdir: “Sovet Rusiyası və Türkiyə ilə müqaviləyə əsasən Naxçıvan Azərbaycanın protektoratlığı altında müstəqil respublika elan olundu. Orada bizim nümayəndəmiz olacaqdır və biz bütün münasibətlərdə Naxçıvana xidmət edəcəyik”. N. Nərimanovun çıxışında “Naxçıvana xidmət edəcəyik” sözlərini deməsi, bir daha onun qədim diyara və onun cəsarətli, qətiyyətli, vətənsevər insanlarına göstərdiyi dərin hörmətin, ehtiramın ifadəsi idi.

Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, Türkiyə hökumətinin tutduğu ədalətli mövqe nəticəsində 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasını şərtləndirən Moskva və Qars müqavilələrinin imzalanması, bu sənədlər əsasında 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının təşkil olunması ilə birlikdə qədim diyarın təhlükəsizliyi və gələcək inkişafı da təmin edilmiş oldu.

“Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda keçirilən beynəlxalq konfransda “Naxçıvanın ərazisi kimi, onun muxtariyyət statusu da zaman-zaman məkrli erməni həmlələrinə məruz qalmışdır”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, 1990-cı ilin iyul ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvana gəlməsi, burada yaşayıb siyasi fəaliyyət göstərməsi muxtar respublika ərazisini işğaldan, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən xilas etmişdir. Bu illərdə xalqımızın böyük oğlunun muxtar respublika Ali Məclisində xüsusi bəyanatla çıxış etməsi, Türkiyə Respublikasına səfəri zamanı Moskva və Qars müqavilələrini yenidən gündəmə gətirərək dünya ictimaiyyətinin diqqətini Ermənistanın təcavüzkar siyasətinə yönəltməsi Naxçıvanın muxtariyyət statusuna ikinci ömür vermişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov onu da qeyd etmişdir ki, Naxçıvanın muxtariyyətini möhkəmləndirən mühüm amillərdən biri də, şübhəsiz, ötən 90 il ərzində burada gedən sosial-iqtisadi inkişafdır. Ali Məclisin Sədri demişdir: “Bu gün ümummilli lider Heydər Əliyev tərəfindən başlanan, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən yeniləşmə və quruculuq xətti muxtar respublikada həyatın bütün sahələrini əhatə etmişdir. Qarşıda dayanan əsas vəzifə blokada vəziyyəti ilə bağlı yaranan çətinliyi aradan qaldırmaq, əhalinin məşğulluğunu təmin etmək, yeni infrastruktur, emal və sənaye sahələri yaratmaq, sosial sahələrin – təhsilin, mədəniyyətin, səhiyyənin və elmin daha da inkişaf etməsinə nail olmaqdır”.