Vasif Talıbov Binəli Yıldırımla görüşdü - Fotolar

Vasif Talıbov Binəli Yıldırımla görüşdü
Oxunma sayı: 1070

Dekabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun və Türkiyə baş naziri Binəli Yıldırımın görüşü olub.

“Qafqazinfo” xəbər verir ki, Ali Məclisin Sədri Vasif Talıbov Baş nazir Binəli Yıldırımı qarşılayıb.

 Vasif Talıbov muxtar respublikanın yaranma tarixi və müasir inkişafı barədə məlumat verərək deyib: “Naxçıvan Muxtar Respublikası 1921-ci ildə imzalanmış beynəlxalq Qars müqaviləsinə əsasən yaradılıb. Azərbaycan Respublikasının tərkibində muxtar dövlət olan Naxçıvan Muxtar Respublikasının öz konstitusiyası, parlamenti, icra və məhkəmə hakimiyyətləri vardır. Ərazisi 5.5 min kvadratkilometr, əhalisi 450 mindən artıq olan Naxçıvan Muxtar Respublikası paytaxt Naxçıvan şəhərindən və 7 rayondan ibarətdir. Azərbaycan türklərinin qədim torpağı Naxçıvanda 1200-dən çox türk-İslam mədəniyyəti abidəsi var. Beş min illik şəhər mədəniyyətinə malik Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilib”.

Qeyd edilib ki, 25 ildən artıqdır blokada şəraitində yaşamasına baxmayaraq, muxtar respublikada ərzaq və enerji təhlükəsizliyi təmin olunub, alternativ enerji mənbələrindən istifadə imkanları və yerli istehsalın həcmi artırılıb. Muxtar respublikada müasir infrastruktur yaradılıb. Təhsil ocaqlarında elektron tədris vasitələrindən istifadə olunur. Bu gün Naxçıvanda 3 ali, 3 orta ixtisas, 215 ümumtəhsil məktəbi, eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi fəaliyyət göstərir. 

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında Naxçıvanın da mühüm yeri olduğunu bildirən Ali Məclisin Sədri diqqətə çatdırıb ki, təhsil, səhiyyə, mədəniyyət, ticarət, iqtisadiyyat və ordu quruculuğu sahələrində əlaqələrin inkişafı məmnunluq doğurur.

“Naxçıvanın xarici ticarət dövriyyəsində Türkiyə Respublikasının payı bu ilin 11 ayında ötən ilə nisbətən 2 milyon ABŞ dolları artaraq 7 milyon 685 min ABŞ dolları təşkil edib. Qardaş ölkə hökumətinin qəbul etdiyi yeni tənzimləmə qərarına əsasən, Naxçıvan Muxtar Respublikasındakı istehsal müəssisələrinə Türkiyəyə məhsul ixracında sərbəst ticarət imkanının verilməsi də xarici ticarət dövriyyəsinin artırılması baxımından mühüm əhəmiyyətə malikdir”, - deyən Ali Məclisin Sədri bu qərara görə qardaş Türkiyə hökumətinə hörmət və ehtiramını bildirib.

Azərbaycan və Türkiyə xalqlarının tarixən bir yerdə olduğunu vurğulayan Ali Məclis Sədri Vasif Talıbov Türkiyə Baş nazirinin Naxçıvana səfərinin bu əlaqələrin yüksək səviyyəsinin göstəricisi olduğunu diqqətə çatdırıb.

2009-cu ildən sonra yenidən qədim Naxçıvan torpağına səfərindən məmnunluğunu bildirən Türkiyənin Baş naziri Binəli Yıldırım ötən müddət ərzində Naxçıvanın böyük inkişafa nail olduğunu vurğulayıb.

Prezident İlham Əliyevin İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısındakı iştirakını və çıxışını xatırladan Baş nazir qeyd edib ki, Azərbaycan Prezidentinin həm Qüds məsələsi, həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dedikləri olduqca əhəmiyyətlidir.
Baş nazir ölkələrimiz arasında münasibətlərin son 15 ildə sürətlə inkişaf etdiyini, bu yaxınlarda istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əlaqələrimizin daha da inkişafında xüsusi yer tutduğunu diqqətə çatdırıb. Türkiyə ilə Azərbaycan arasında, həmçinin iqtisadiyyat, təhsil, hərbi və digər sahələrdə də əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib.

Söhbət zamanı, eyni zamanda, İğdırın və Naxçıvanın hava limanları arasında əməkdaşlığın inkişaf perspektivləri barədə də fikir mübadiləsi aparılıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr olub.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi