Vasif Talıbov çimərlik açılışında- - Foto

vasif-talibov-cimerlik-acilisinda-
Oxunma sayı: 2581


“Qafqazinfo”nun xəbərinə görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov tədbirdə çıxış edərək bu gün Naxçıvan şəhərində aparılan quruculuq işlərinin bütün sahələri əhatə etdiyini deyib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Şəhər Çimərliyinin istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını təbrik edib.

“Bu gün istifadəyə verilən yeni çimərlik də yay istirahət zonası kimi şəhər sakinlərinin və gənclərin asudə vaxtlarının səmərəli təşkilinə, onların sağlamlıqlarının qorunmasına xidmət edəcək” – deyə, o bildirib.

Ali Məclisin Sədri çimərlik istirahət zonasından səmərəli istifadə olunması barədə aidiyyəti orqanlara tapşırıqlar verərək deyib: “Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları ilə birlikdə çimərlik -istirahət zonasında su və digər idman növləri üzrə yarışların keçirilməsini, eləcə də gənclərin iştirakı ilə müxtəlif tədbirlərin təşkilini diqqət mərkəzində saxlamalıdır. Burada yaradılan şərait və göstərilən xidmət gənclərin asudə vaxtlarının təşkili ilə yanaşı, onların qarşılıqlı dostluq münasibətlərinin yaranmasına da xidmət edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərazidə yaşıllıqların artırılmasını, Nəqliyyat Nazirliyi çimərlik zonasına Naxçıvan şəhərindən avtobus xidmətinin göstərilməsini təmin etməlidir”.

Ali Məclisin Sədri çimərliyin yaradılmasında əməyi olanlara təşəkkürünü bildirib, açılışı bildirən lenti kəsib.

Bildirilib ki, ərazidə kompleks tikinti işləri görülüb, Uzunoba su anbarı əsaslı şəkildə yenidən qurulub. Çimərliyin qumlu sahil xəttinin uzunluğu 280 metrdir. Böyüklər və uşaqlar üçün nəzərdə tutulan çimərlik iki hissədən ibarətdir. Böyüklərin istirahəti üçün ayrılan sahənin su hissəsinin dərinliyi 4 metrdir. Suyun üzərində çimərlik sərhədinin qurtardığını bildirən qadağanedici nişanlar qoyulub.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasedici qrupu ərazidə xidmət göstərir.

Ali Məclisin Sədri çimərlik zonasında təhlükəsizlik qaydalarına əməl edilməsi və xidmətin nümunəvi təşkili barədə müvafiq tapşırıqlar verib.