Vasif Talıbov Əylis kəndinə getdi-Foto

vasif-talibov-eylis-kendine-getdi-foto
Oxunma sayı: 659

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yeni seysmoloji stansiyada yaradılan şərait və quraşdırılan texniki avadanlıq barədə məlumat vermişdir.
Ali Məclisin sədri Vasif Talıbov yeni seysmoloji stansiyanın istifadəyə verilməsinin əhəmiyyətini qeyd edərək demişdir ki, muxtar respublikada bu xidmət mərkəzlərinin yaradılması ilə bağlı qəbul edilən qərar öz bəhrəsini verir. Ötən ilin dekabrında Şahbuz şəhərində yeni seysmoloji stansiya fəaliyyətə başlamışdır. Bu gün isə Ordubad rayonunda yeni belə stansiya istifadəyə verilir. Sədərək rayonunda da bu istiqamətdə görülən işlər başa çatmaq üzrədir. Gələcəkdə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsindəki Seysmoloji Mərkəz də yenidən qurulacaqdır. Bütün bunlar imkan verəcəkdir ki, muxtar respublikamızda seysmik fəallıq və yerin təkində baş verən proseslər izlənilsin, bu istiqamətdə elmi-tədqiqat işləri aparılsın.
Qeyd olunmuşdur ki, bu stansiyalar təkcə ölkəmiz, eləcə də muxtar respublika üçün deyil, eyni zamanda, bütövlükdə region üçün əhəmiyyətlidir. Bu sahədə görülən işlərin nəticəsidir ki, artıq mütəxəssislərimiz seysmoloji prosesləri əvvəlcədən izləyib təhlil edə bilirlər. Bu da ölkəmizdə seysmoloji stansiyaların texniki təminatının yüksək səviyyədə olmasının və bu sahəyə göstərilən dövlət qayğısının nəticəsidir.
Ali Məclisin sədri Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin səmərəli fəaliyyətini qeyd etmiş, bu sahə üzrə mütəxəssislərin hazırlanmasının vacibliyini bildirmişdir.
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli yaradılan şəraitə görə minnətdarlığını bildirərək demişdir ki, hazırda Azərbaycanda 31 seysmoloji stansiya fəaliyyət göstərir. Bu stansiyaların ən müasirləri Naxçıvan Muxtar Respublikasında quraşdırılmışdır. Gələcəkdə bu stansiyalarda yeni nəsil geofiziki cihazların quraşdırılması da nəzərdə tutulmuşdur.
Baxış zamanı bildirilmişdir ki, tikintisinə ötən il başlanılmış stansiya seysmoloji şaxta və köməkçi binadan ibarətdir. Bura yeni elektrik və qaz xətləri çəkilmiş, ötürücü antena və günəş batareyası meydançaları yaradılmışdır. Stansiyada xüsusi avadanlıq, seysmik ölçü cihazları quraşdırılmış, əməkdaşların fəaliyyəti üçün ayrıca otaqlar ayrılmışdır.
Bildirilmişdir ki, stansiyanın funksiyası telemetrik-rəqəmsal xidmət göstərmək, məlumatları peyk vasitəsilə avtomatik olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinə ötürməkdən ibarətdir. Zəlzələlərin rüblük kataloqlarının tərtibi də stansiyanın fəaliyyət dairəsinə aiddir. Telemetrik avadanlığın köməyi ilə bölgədə seysmik monitorinqlərin aparılması, Yerin təkində tektonik proseslərin izlənməsi və seysmik fəallığın öyrənilməsi mümkün olacaqdır.
Qeyd olunmuşdur ki, Ordubad rayonunun Aşağı Əylis kəndində yaradılan yeni stansiya muxtar respublikada seysmoloji müşahidə sisteminin modernləşdirilməsi və seysmoloji xidmətin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamıdır.
Ali Məclisin sədri seysmik stansiyanın fəaliyyəti ilə bağlı müvafiq tapşırıqlar vermişdir.