Vasif Talıbov və Red Bull

vasif-talibov-ve-red-bull
Oxunma sayı: 6297


Bakıdakı bir neçə marketə baş çəkib faktın doğru olub-olmadığını öyrənməyə çalışdıq. Olduğumuz marketlərin çoxunda bu içki satılmırdı. Söhbətləşdiyimiz satıcılar isə “Hell” əvəzinə bizə yalnız “Red Bull” təklif etdilər. 

"Hell”ə qədər Azərbaycandakı enerji içkisi bazarında ən populyar marka “Red Bull” sayılırdı. “Hell” markasının “Red bull”un bazarına girməsinin və alıcı rəğbəti ilə qarşılaşmasının bir neçə səbəbi var. Onlardan biri “Hell”in “Red Bull”la eyni tərkibə malik olmasıdır. Bu içkidən istifadə edənlər yaxşı bilər: hər iki içkinin dadı demək olar ki, eynidir. İkinci səbəb “Hell”in “Red Bull”dan dəfələrlə ucuz satılmasıdır. Məsələn, 250 ml-lik “Red Bull” 2 manata satıldığı halda, eyni ölçülü “Hell” 1 manatdır. 

Əldə etdiyimiz məlumatda deyilir ki, “Hell”lə bağlı qadağa təkcə Bakıdakı mağaza və marketlərdə deyil. Naxçıvan Muxtar Respublikasında bu içki üstündəki şeytan loqosuna görə “şeytan” içkisi kimi təqdim olunaraq satışdan çıxarılıb. Eyni zamanda bildirilib ki, bu içki müsəlmanların səhhətinə ciddi ziyan vurmaq istəyən xristian və yəhudi missionerlərin sifarişi əsasında hazırlanıb.  Elə buna görə də Şərur, Babək və Sədərək rayonlarındakı  əksəriyyəti dindarların olan marketlərdə bu içkinin satışına qadağan olunub. 

Qeyd edək ki, “Yeni Müsavat”ın ötən saylarında enerji içkilərindən sayılan “Red Bull”un tərkibində narkotik maddə sayılan kokain aşkarlandığı ilə bağlı məlumat vermişdik. Məlumatda qeyd olunurdu ki, bu içkinin vətəni hesab edilən Almaniyada alimlərin araşdırmaları nəticəsində məlum olub ki, enerji içkisinin tərkibini təşkil edən kimyəvi komponentlər içərisində xeyli miqdarda kokain var. Alimlər belə bir qənaətə gəliblər ki, içkinin hazırlanmasında xüsusi kokain ekstraktından bolluca istifadə edilir. Məhz bu səbəbdən Almaniyanın bəzi əyalətlərində “Red Bull”un satışına qadağa qoyulub. 

Tərkibində narkotik maddənin aşkar olunması səbəbindən bəzi ölkələr artıq “Red Bull”un qadağan olunması üçün yollar axtarır. Artıq Çində supermarket piştaxtalarından “Red Bull” markalı energetik içki yığışdırılıb. Çin alimlərinin fikrincə isə “Red Bull”un tərkibində insan sağlığına zərərli maddələrdən sayılan natrium benzoat var. Natrium benzoat psixi xəstəliklərin müalicəsində istifadə edilir. Bu maddədən istifadə etdikdə insanda baş ağrısı, stress və digər əlamətlər müşahidə edilməyə başlayır.

Məlumat üçün nəzərinizə çatdıraq ki, “Red Bull”un Azərbaycanda rəsmi satış distribütoru “Cahan Holdinq”dir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova məxsus holdinq bütün ölkə ərazisində bu içkinin satışını təşkil edir. Holdinqin rəsmi internet saytında da “Red Bull”la bağlı bu məlumatlar yazılıb: “Bu gün artıq hamının tanıdığı və çoxlarının sevimli içkisinə çevrilmiş ”Red Bull" enerji içkisinin yaradılması ideyası 1984-cü ildə meydana çıxıb və onun yaradılmasına 3 il gərgin əmək sərf olunub. 1987-ci ildə məhsul “bədən və can cürətləndirmək” üçün enerji içkisi - “Red Bull” adı ilə bazara daxil olub və elə həmin vaxtdan da bütün dünyanı müvəffəqiyyətlə istila etməyə başlayıb.

Beləliklə, “Red Bull” enerji içkisi əqli və fiziki gərginliyin artdığı vaxtlarda istifadə etmək üçün hazırlanmış funksional içkidir. İndi mövcud olduğu şəkildə bu məhsul Avstriyada yaranıb, 1994-cü ildə isə “Red Bull” ilk dəfə “Vətən”dən kənarda, Almaniyada peyda olub. 1997-ci ildə isə bu məhsul bütün Avropa bazarlarına çıxır və okeanları üzüb keçərək, Şimali və Cənubi Amerikanı və Avstraliyanı fəth edir. Azərbaycana isə “Red Bull” 2004-cü ildə gəlib. Burada sınaq satışları keçirdikdən sonra “Red Bull GmbH” ilə Azərbaycanda 4 il rəsmi nümayəndəsi olan “Cahan Red” şirkəti arasında distributor müqaviləsi imzalanıb. Reklam layihələrini reallaşdırmaq üçün 2005-ci ildə kompaniyada marketinq şöbəsi yaradılıb və onun qarşısında duran əsas vəzifə bu və ya digər məqsədli auditoriyanın maraqlarına yönəlmiş tədbirlər təşkil etməklə, istehlakçıları “Red Bull” brendi ilə tanış etməkdir. Şirkətin Azərbaycanın bir sıra şəhərlərində, o cümlədən Naxçıvanda, Gəncədə, Lənkəranda, Şəkidə və Qubada nümayəndəlikləri var. Bütün bunların sayəsində “Cahan Red” şirkəti “Red Bull” enerji içkisinin satış tempini yerli bazarda illik 100 faiz artırmağa nail olur.

Lakin “Cahan Red” şirkətinin fəaliyyət dairəsi, sadəcə, məhsulun istehlakçıya təqdim olunması ilə məhdudlaşmır. “Red Bull GmbH” ekstremal idman növlərinin inkişafına imkan yaradan tədbirlərin daim təşkilatçısı və ya rəsmi sponsorudur və bütün dünyada 500 ekstremal idmançıya dəstək verir. “Red Bull GmbH”-nin tərəfdaşı olaraq «Cahan Red" şirkəti bu cür tədbirləri Azərbaycanda da keçirir”.