Şar torpaqdan xeyli aralanıb havanın seyrək yerinə çatanda, həmin qum kisələrini bir-bir atırdılar. Çünki müəyyən bir ucalıqda havanın seyrəkliyi ilə mütənasiblik yaranır və heç bir köməkçi vasitəyə gərək qalmır.
Gəlin sizə maraqlı bir təşbeh deyim – bir anlıq qaşlarınızı qaldırıb fikrə gedin və ədəbiyyat nəzəriyyəsindən öyrəndiyimiz bədii ifadə vasitələrini həmin qum kisələrinə bənzədin. Mən də bu fürsətdən istifadə edib keçim başqa abzasa…
Azərbaycanda sərbəst şeirə kütləvi keçiş başlayıb. Vaxtı ilə, yazıq Mikayıl Rəfilinin böyük zillətlə ədəbi gündəmə gətirmək istədiyi ozamankı avanqard nəzəriyyə az qala onun özünün məhvi ilə nəticələnəcəkdi. Ancaq Rəfilinin əvəzinə onun istedadını məhv etdilər, ilham pərisinin qanad-quyruğunu yolub uçmağa qoymadılr. Yazmağın mümkünsüzlüyünü anladı mərhum alim-şair! Anladı və taleyi ilə barışmaqdan savayı yol görmədi. Nazim Hikmət ona həsr elədiyi məşhur şeirində Rəfilinin bu nakamlığına gizli işarələr vurmuşdur…
Bəli biz yazırıq, özü də sərbəst yazırıq və hətta bizim sərbəst daxili ritmləri ilə özəl formasını qoruyub saxlayan sərbəstlərdən deyil, əməlli-başlı sərbəstdir. Açıb baxırsan, cümlələr ard-arda yazılsa olar esse, köşə… Alt-altda yazılıb deyə şeir deyirik çox zaman. Bəndəniz formabaz olmadığından bu məsələnin üstündən sükutla keçmək niyyətindədir. Məsələ budur ki, formaca sərbəstləşən, hətta özbaşınalaşan bu şeirlərin mütləq əksəriyyətində məzmun sərbəstliyi yoxdu. Bizim forma yeniliklərimiz, rəhmətlik Xoca Nəsrəddinin ayağını məşhur dairəvi cızdan kənara çıxarmasına bənzəyir. Saytlarda və qəzet səhifələrində boyun-boyuna verən yüzlərlə kədərli şair görə bilərsən, ancaq əlinə zərrəbin alıb, ha oxusan, ha baş çatlatsan bunların dərdinin nə olduğunu anlamazsan. Çünki zahirən sərbəst görünən bu şeirlərin demək olar ki, hamısı sirli-simvolik rəmzləri ilə kənd mollalarının dəli inəklərə yazdığı dualara oxşayır.
Göy üzü, ay işığı, ulduzlu səma, qapı, kəfən, dərd, kədər, ayrılıq, sənsizlik, uzaqlar, dəniz, nadinc ləpələr və s. kimi sırtıq ifadələr adamı abır-həyadan salır, əlinə kitab almaqdan bezikdirir.
İnanın, məni sayğıdəyər oxucular içərisində rahatca anlayıb qəbul edən olsaydı həmən yazımın çevrəsini qapadar, onu müasir sərbəst şeirlər kimi, ağzıgünə qoymazdım. Qoymazdım bəli, yazardım ki, şeirin sərbəstliyi onun məzmunu ilə tamamlanmalıdır. Bundan sonra səmalara uçurduğumuz şardan qum torbalarını – nəzəriyyədən öyrəndiyimiz bədii vasitələri tədricən atmaq mərhələsi gəlir. Qum torbaları qurtarandan sonra insanın içi ilə poeziya səmasının ucalığı arasında qəribə bir harmoniya yaranır. Burda artıq sözlərin poeziyası deyil – həyatın, sütuasiyanın poeziyası başlayır. Yəni, əsl sənət!
Azərbaycanda nəsrin şeirə nisbətən daha az inkişaf etməsinin də bəzi səbəblərini bu böyük məğlubiyyətdə axtarmaq lazımdır.
Biz qum torbalarını atmaqdan, ənənəvi şərqli düşüncədən çıxmaqdan qorxuruq, arada vasitə olmadan, min illər sınaqdan çıxmış təcrübəyə sığınmadan irəli atılmağa cürət etmirik. Halbuki bəzi cavan yazarlarda Nazimdən, Əli Kərimdən gələn bu tərəqqinin işartılarını görmək elə də çətin deyil…
Dünyanın ən pis qadınını gördüm
Həyətdə qızının saçlarını darayırdı…
Alik
İlahi bir səbəb sal
Dodağı qaçsın mətbəxdə qab yuyan qadının
Rasim Q.
Bilirəm yenə çaqqal səsləri doldurur
Kəndimizlə boş çöllərin arasını
Günel M.
İçdiyi suların alnından öpər atlar
Aqşin
Vasitələr həmişə hardasa atılmaq üçündür. Ağıllı insan məqsədin peşində olur həmişə.
Fikrimi daha da aydınlatmaq üçün sizə bir sual ünvanlayıram, ancaq bu sual cavab vermək yox, düşünmək üçündür:
Niyə “İnsan mənzərələri” müəllifin şah əsəri sayıldığı halda heç kim bir parçasını belə əzbər yadında saxlaya bilmir? Ni-yə?!