Vaxtında qoz əksəydik...

Vaxtında qoz əksəydik...
Oxunma sayı: 2891

Dünya Sakit 

Dünyanın ən qədim və ən faydalı bitkilərindən olan qoza tələbat durmadan artır. Tələbat həm qozun meyvəsinə, həm də ağacınadır. Meyvəsi nə qədər dadlı, faydalıdırsa, ağacı da bir o qədər keyfiyyətli və etibarlıdır. Buna görə də həm tibb-əczaçılıqda, həm qənnadı sektorunda, həm də mebel istehsalında qoza tələbat və ona uyğun olaraq, qiyməti də durmadan artır - qabıqsız qozun qiyməti hər ton üçün 9-10 min dollar aralığına çatıb.

Hesablamalara görə, 1 hektar qoz sahəsi ildə öz sahibinə 6 min dollardan yuxarı gəlir gətirmək gücündədir – özü də ağacların yaşı artdıqca, məhsul və gəlir də artmaq şərtilə. Belə ki, 1 qoz fidanı əkildikdən 5 il sonra əsaslı məhsul verməyə başlayır, 15 yaşında verimliliyin pik həddinə çatır və düz 45 il bu həddi saxlayır. Qoz ağacı hətta 100 yaşında belə kifayət qədər yüksək məhsul verimli ola bilir.

Azərbaycanda qoz istehsalı heç daxili tələbatı ödəməyə belə çatmır. Rəsmi məlumata görə, 2014-cü ildə ölkədə 8747 ton, 2015-ci ildə isə 10898 ton qoz istehsal olunub. Rəsmi statistikanın sırf ailə təsərrüfatları tərəfindən becərilib satılan məhsulun statistikasını nə qədər dəqiq apardığını söyləmək çətindir. Çünki hətta dünyanın 2-ci qoz ixracatçısı olan Ukraynada həm istehsalın, həm də ixracatın rəsmi qeydə alınandan xeyli yüksək olduğu ən yüksək səviyyədə etiraf edilməkdədir. Bu baxımdan, mümkündür ki, bizdə də istehsal həcmi bir qədər yüksək olsun. Hər bir halda, istehsal hətta daxili tələbatı belə ödəmək gücündə deyil. Belə ki, 2014-cü ildə Azərbaycana 121,6 min dollar dəyərində 192,9 ton qabıqlı, 56,9 min dollar dəyərində 58,9 ton qabığı təmizlənmiş qoz, 2015-ci ildə 216,42 min dollarlıq 311,46 ton qabıqlı, 1323,67 min dollarlıq 1778,07 ton qabıqsız qoz, 2016-cı ilin 9 ayında isə 534,2 min dollarlıq 336,96 ton qabıqlı, 2920,8 min dollarlıq 1164,44 ton qabıqsız qoz idxal edilib. Bu illər ərzində qoz ixracımız heç 1 tona belə çatmayıb. Halbuki hazırda qoz yetişdirilməsi dünyada ən gəlirli sahələrdən biri sayılmaqdadır. Və Ukrayna, Moldovadan tutmuş, İran, Türkiyə, Fransa, İspaniyaya, Çili və Çinə qədər çoxsaylı ölkələr durmadan qoz ağaclarının sayını artırmaqla məğuldular.

Ötən 2015/2016-cı il mövsümündə dünya üzrə qoz istehsalının 2 milyon tona çatacağı gözlənilirdi. Bu həcmin 75 faizi ABŞ və Çinin payına düşür.

Dünyada yunan qozu kimi tanınan bu çərəzin əsas istehsalçıları Çin, ABŞ, İran və Türkiyədir. Bu ölkələrdən Çin ən böyük istehsalçı, eyni zamanda ən böyük idxalçılardan biridir – yerli istehsal tələbatı tam ödəyə bilmir - İllik istehsal 1 milyon tona yaxınlaşsa da, xaricdən idxal 75-80 min tondan aşağı düşmür. Bu ilki mövsümdə Çin istehsalı 1,06 milyon tona çatdırmağı planlayır.

ABŞ-da ildə 600 min tona yaxın qoz istehsal olunur ki, bunun da 300-320 min tonu ixrac edilir. Ukrayna hazırda dünyada qoz ixracına görə 2-ci, istehsalın həcminə görə isə 5-ci yerdədir. Ukraynada illik qoz istehsalı 115-120 min ton civarında qiymətləndirilir ki, bunun da 70-75 min tonu ixrac edilir – bilavasitə Avropa Birliyi ölkələrinə. Hansı ki, bu bazarda hər il təklif tələbatdan 100 min tona yaxın az olur. Bu isə qiymətlərdə özünü açıq göstərir – hazırda Almaniyada qabıqsız qozun hər kilosunun topdansatışı 15-20 avro, pərakəndə satışı isə 25-30 avro arasındadır. Alman mebel istehsalçıları Ukraynadan qoz ağacı tədarükü üçün növbəyə düzülüblər desək, yanılmarıq. Elə şirkətlər var ki, Ukraynanın növbəti 5 illikdəki qoz ağacı istehsalını bütünlüklə almaq təklifini irəli sürüblər - ən yüksək qiymətlərlə əlbəttə.

Avropada qozun əsas istehsalçıları Fransa, Yunanısstan, Rumıniya, Bolarıstan, İtaliya və Avstriyadır. Fransada ildə 22-26 min ton, Yunanıstanda 22-24 min ton, Rumıniyada 20-25 min ton, Bolqarıstanda15-18 min ton, İtaliyada 12-15 min ton, Avstriyada 10-14 min ton qoz yetişdirilir. Qozun əsas istehlakçılarından olan Almaniyada isə istehsal 7-9 min ton arasındadır. Elə buna görə də Avropa Birliyinin əsas qoz idxalçıları arasında bu ölkə birinci yerdədir. Ondan sonra İtaliya və İspaniya gəlir.

Şərqi Avropada isə ən böyük qoz istehsalçıları Ukrayna və Moldovadır. Moldova xüsusilə son 5-6 ildə qoz əkinlərini sürətlə genişləndirmək yolunu tutub. Bu ölkə yaxın 5 ildə qoz istehsalına görə ən azı Avropa birincisi olmaq niyyətindədir.

Biz isə 27 il əvvəl qoz əkməyi təşviq edən Əbdürrəhman Vəzirovun dediklərini lağlağı obyektinə çevirib, yerli-yersiz qınaqlar yağdırırıq. Halbuki onun dediyi vaxtlarda qoz əkmiş olsaydıq, indi o ağacların ən verimli vaxtı olardı və neft gəlirlərinin azaldığı dövrdə dollar gətirəcək məhsul axtarışına çıxmazdıq...

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi