“...Və tarix burada qırılır” - - Şeyxülislamlar haqqında

ve-tarix-burada-qirilir-
Oxunma sayı: 5920



Xalqların tarixində dinin əxlaqi və mənəvi-təmizləyiçi rolu misilsizdir. Dünyada ən kamil din olan islam təkcə din kimi yayılmamış, həm də min dörd yüz ildir ki, istər Şərq, istərsə də Qərb mədəniyyətinə ideya-fəlsəfi təsir göstərməkdədir. Sonuncu səma kitabı olan Quran Allah kəlamıdır. Onun gücü təkcə insan zəkasına bədii-fəlsəfi qida verməsində deyil, insanın ülviləşdirilməsində, insan qəlbini uca tutmasında - məxluqu xaliqə yaxınlaşdırmasındadır.

Quran Allahın əzəmətini, ali qüdrətini, nurlu niyyətini əks etdirən müqəddəs kitabdir. Qurani-Şərif bir dinin yox, yerin və göyün kitabı, Allahın insanlığa bəxş etdiyi ilahinamədir. Allahın insanlığa bəxş etdiyi ən ilahi sərvət mərhəmətdir. Mərhəmətsiz bəşəriyyət vəhşiləşər. Mərhəmət mənəvi ədalətin ali forması, Allahın bəşər övladına ilahi sevgisidir. Əslində, bütün din xadimləri insanlığa mərhəmət təlqin etməlidir. Onda dünya gözəlləşər, haqq-ədalət hakim olar, nəfs insanları tərk edər, insanlar Allaha doğru gedən yola üz tutar. Bu yazı mərhəmət elçiləri olan şeyxülislamlar və dinimizin tarixi taleyi, müasir qloballaşan dünyadakı mənəvi - fəlsəfi rolu barəsindədir.

Milli-mənəvi və dini dəyərlərimizə dövlətçilik mövqeyindən yanaşılması Azərbaycan xalqının milli və dövlət ideologiyası olan azərbaycançılığın əsas şərtlərindən, təməl prinsiplərindən biri və əsasıdır.

Müstəqil Azərbaycan dövlətinin memarı, ulu öndər Heydər Əliyev çıxışlarının birində demişdir: "Biz öz mili-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır. Və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir". 1400 ilə yaxındır kı, islam dini xalqımızın tarixi, ədəbiyyat və mədəniyyəti, adət-ənənələri ilə bərabər qarşılıqlı təmasda inkişaf edir. Bəşəriyyətin sonuncu və ən kamil dini olan islam dininin qəbulundan sonra tarixdə bütün möhtəşəm türk yürüşləri islam bayrağı altında keçib. Əlbəttə, dinin yaranma tarixi dəqiq məlum deyil, bu məsələ ilə bağlı müxtəlif fərziyyələr mövcuddur. Amma bir neçə mülahizəni söyləmək olar: birincisi, materialist düşüncə əsasında dinin mənşəyi və mahiyyətini izah etmək çətindir. İkincisi, "bir var həyatdan, müəllimdən, kitabdan əxz olunmuş müdrik elmlər, bir də var səmavi-mistik elmlər". Təfəkkür insana yalnız yer həqiqətlərini dərk etmək üçün verilir. Səma həqiqətləri isə qəlblə-bəsirət gözü ilə görülür və qəbul olunur. Bunun üçün ilahi vəhy əsas şərtdir. Üçüncüsü, din ideologiya deyil, din ehkamdır, müsəlmançılığın əsas düsturu olan "kəlmeyi-şəhadət"i dəyişmək olmaz. Din yeganə səma fenomenidir ki, onu tarixilik əsasında izah etmək mümkün deyil. Dini qəbul etmək üçün ona inanmaq, inanmaq üçün isə yer həqiqətlərinin, maddi aləmin cazibəsini dərk etmək lazımdır.

Bizim elmdə belə fikir mövcuddur ki, "ən əski zamanlarda təbiəti dərk etməyə cəhd dini və mifik, cəmiyyət amili ilə hesablaşmaq zərurəti ideologiyanı yaradıb". Bir mötəbər fikri də misal gətirmək istəyirəm: "Allah öz kimliyini göstərmək üçün təbiəti, insan öz kimliyini göstərmək üçün mədəniyyəti yaradıb". Beləliklə, təbiəti dərk etmək Allahı dərk etməkdir. Allah ideyası islam dinində başlıca yerdə durur. Allah ideyası peyğəmbərlərə gəlmiş, hələlik bizə məlum olan dörd müqəddəs səma kitabının - "Zəbur", "Tövrat", "İncil" və "Quran"ın - dördünün də əsasında dayanır. Fəqət o, ən parlaq şəkildə "Quran" ayələrində insanlara təqdim olunur. Bizim ən qədim eposumuzda - "Kitabi Dədə Qorqud" dastanında onun haqqında belə deyilir: "Ucalardan ucasan, kimsə bilməz necəsən". İslamın yarandığı dövrdə qədim türklərin Allah haqqında təsəvvürləri belə idi. Bunu Məhəmməd Əleyhüssəlamın müasirləri deyirdi. Eposun ilk cümləsində deyilir: "Rəsuləleyhüssəlam zamanına yaxın Bayat boyundan Qorqud Ata derlər bir ər qopdu". Deməli, Qorqud Dədə Peyğəmbərdən əvvəl doğulub. Dastanda qəhrəmanlardan birinin - Bəkduz Əmənin Peyğəmbərin üzünü görüb gəlib Oğuzda yurd salması söylənilir. Dədə Qorqud Peyğəmbərin Kərbala çölündə şəhid olmuş nəvələrindən danışır. Dastan "Qadir Tanrı günahınızı adı görklü Məhəmməd Mustafa hörmətinə bağışlasın" sözləri ilə tamamlanır. Qədim türklər islamı qəbul etməklə tanrıçılıqdan Allaha sarı döndülər. Və həqiqətən də, belə demək olar ki, "ərəblər dini yaratdı, türklər dini yaşatdı".

Şübhəsiz ki, Allahın şərəf və şanını ən uca tutan peyğəmbərlər idi. Dahi Şeyx Nizami təsadüfən demirdi: "Əvvəl peyğəmbərlər, sonra şairlər". Və sonuncu peyğəmbər Məhəmməd salavatullah özündən əvvəlki bütün hikmətləri fitrətən mənimsəmişdi. O, Allahı görən, duyan, dərk edən, nəfəsini və səsini eşidən sonuncu ən xoşbəxt bəşər övladı idi. Tədqiqatçılardan biri yazır ki, ömrünün sonlarına yaxın Ayişə Məhəmməddən soruşur: "Allahın mərhəməti olmasa heç kim cənnətə girə bilməz?"

Məhəmməd əleyhüssəlam xüsusi intonasiya ilə: "Heç kim, heç kim, heç kim" - deyə, cavab verir. Onda Ayişə soruşur:  "Bəs sən, peyğəmbər də yəni, Allahın mərhəməti olmadan cənnətə daxil ola bilməzsən?"

Onda Məhəmməd əlini başına qoyub təntənəli şəkildə üç dəfə təkrar edir: "Əgər Allah öz mərhəməti ilə məni nurlandırmasa, mən də cənnətə daxil ola bilmərəm".

Hər şeyi yaradan, bilən və görən Allah nə ismdir, nə də cism. Mərhəmət  adlanan dünyanı isə işıqlandıran ilahi nurdur.

Dini yaratmaq da çətin, onu yaşatmaq da çətin idi. Azərbaycanda və bütün Qafqazda islam dini XIX əsrə qədər öz mənəvi təkamül yolu ilə təşəkkül tapmışdı. XIX əsrin önlərində Azərbaycan İran və Rusiya tərəfindən işğal yolu ilə iki yerə bölündükdən sonra cənubda əvvəlki qaydada yaşamalı oldu. Şimalda isə bu zaman təşkilatlanma prosesi gedirdi. Qafqaz Müsəlmanları Ruhani İdarəsi yaradıldı. Bu il ölkəmizdə tolerantlığın bərqərar olmasında, dinə sivil münasibətin formalaşmasında, fanatizm və xurafat kimi mənfi təzahürlərin aradan qaldırılmasında, dinin mənəvi nüfuzunun artmasında mühüm rol oynamış həmin qurumun 190 ili tamam olur.

vvv

XIX əsrin əvvəllərinə qədər bölgəmizdə islam təsisatları xeyli fərqli idi. Qafqaz ərazisinin Rusiya imperiyasının tərkibinə qatılması ilə əlaqədar bu yerlərdə islam təsisatlarının quruluşunda da xeyli dəyişikliklər baş verdi. 1823 və 1932-ci illərdə Tiflis şəhərində şeyxülislam və müfti vəzifələri təsis edildi. Məqsəd Zaqafqaziya müsəlmanlarına dini rəhbərliyi həyata keçirmək idi. Amma bu, hələ Qafqaz Müsəlmanları Ruhani İdarəsinin yaranması demək deyildi. Bu vəzifələri tutan din xadimləri də fərdi qaydada fəaliyyət göstərirdilər.

Çarın 1872-ci il 5 aprel tarixli fərmanı ilə şeyxülislam və müftinin rəhbərlik etdikləri idarələrin nəzdində şiə və sünni ruhani idarələri yaradıldı. Bu idarələr 1917-ci ilin fevralına qədər fəaliyyət göstərdi.

Şeyxülislam və müftini Qafqaz canişini təyin edirdi. Ruhani idarələrinin fəaliyyətini də çarizm üsuli-idarəsi istiqamətləndirirdi. Bunlar dövlət idarəsinin bir qolu sayılırdı. Ruhanilər çar məmurlarına bərabər tutulurdu. İslam dinini imperiyanın səadəti naminə xeyirxah istiqamətə yönəltmək məqsədilə çarizm Qafqaz ruhanilərinin idarə olunması haqqında xüsusi nizamnamə də təsis etmişdi. Həmin nizamnamədə ruhani titulları, onların funksiya və səlahiyyətləri müəyyənləşmişdi. Bu nizamnamədə şeyxülislamlıq islamın iki ən yüksək titulundan biri kimi təsbit olunmuşdu.

İslam dininə dair məxəzlərə istinadən verilən bilgilərə görə şeyxülislamlığın tarixi min ilə yaxındır. İlk dəfə o, "İslam rəhbəri", "ağsaqqal" mənalarında işlənib. Quranda o, yaşlı insan, müdrik ağsaqqal, başçı kimi əks olunur. Şərqdə elmli, müdrik adamlar da bu adı daşıyıb. "İslam dini yeni yaranan dövrdə şeyx adını tayfa və nəsil başçıları daşıyırdı. İslamın bərqərarından sonra bu ifadə dinə dair dərin biliyə malik olanlara, ilahiyyat sahəsində böyük nüfuz sahiblərinə, sufi təriqətin başçılarına şamil olunmağa başladı. XIV-XV əsrlərdə şeyxülislam müstəqil şəxs idi, yəni, heç kəsdən asılı olmayaraq... ancaq Quran və şəriət hökmlərindən çıxış edirdi" (Hacı Allahşükür Paşazadə).

vvv

Qafqaz Müsəlmanları Ruhani İdarəsinə rəhbərlik edən din xadimlərimizin ömürlüyü Qafqaz şeyxülislamlarının öz zəmanələrinin nüfuzlu ziyalıları, dərin biliklərə malik elm sahibləri, mənəvi-əxlaqi keyfiyyətləri ilə topluma nur saçan işıqlı şəxsiyyətlər olduqlarını göstərir.

Rusiya imperiyasının 1823-cü ildə təsis etdiyi şeyxülislam rütbəsi ilk dəfə Axund Məhəmmədəli Hüseynzadəyə verilmişdir. Azərbaycanın görkəmli mütəfəkkirlərindən Əlibəy Hüseynzadənin ana babası olan Axund Məhəmmədəli Hüseynzadə Qafqaz Ali Ruhani İdarəsinə 1846-cı ilə qədər rəhbərlik etmişdir. 1846-cı ildə o, bu vəzifədən istefa verdikdən sonra müavini Axund Fazil İrəvani şeyxülislam olmuşdur. Şeyxülislam Fazil İrəvani Qahirənin "Əl-Əzhər" Universitetini bitirmişdi. Şərq tarixi və dini elmlərə aid bir neçə risalənin müəllifi kimi ad-san qazanmışdı. Dini fəaliyyətlə yanaşı, bədii yaradıcılıqla da məşğul olurdu.

Şeyxülislam Fazil İrəvani öz yerinə sələfi Axund Məhəmmədəli Hüseynzadənin oğlu - Axund Əhməd Hüseynzadəni hazırlamışdı. İrəvana qayıdacağı təqdirdə onun şeyxülislam təyin ediləcəyinə tam əmin olandan sonra 1862-ci ildə istefa verib doğma İrəvana köçmüşdü. Şeyxülislam Fazil İrəvaninin ölümündən sonra İrəvandakı "Şeyxülislam məhəlləsi" və Karvansaray uzun illər onun adını daşımışdır.

Şeyxülislam vəzifəsində Fazil İrəvanini əvəz edən Axund Əhməd Hüseynzadə də dövrünün görkəmli din xadimlərindən sayılırdı. O, Şərqin ən böyük dini mərkəzi olan İraqda ali dini təhsil alaraq vətənə yüksək dini rütbələrlə qayıtmışdı. Axund Əhməd Hüseynzadə yaradıcılığa çox gənc yaşlarında başlamışdı. Görkəmli islamşünas alim olmaqla yanaşı, dünyəvi elmləri də yaxşı bilirdi. Bir neçə fənnə dair dərsliklər yazmışdı. Yazdığı əsərlər rus, fars, ərəb dillərində geniş oxucu kütləsi qazanmışdı.

1885-ci ildə Axund Əhməd Hüseynzadəni şeyxülislam vəzifəsində Axund Mirzə Həsən Tahirzadə əvəz etdi. O da dövrünün qabaqcıl maarifçisi, elm və din xadimi idi. Şərq və Avropa mədəniyyətinə mükəmməl bələd olan alimin adı bütün Qafqazda hörmətlə çəkilərdi. Axund Mirzə Həsən ömrünün sonunadək (1893) bu vəzifəni həyata keçirmişdir.

1895-ci ildən 1907-ci ilədək şeyxülislam Axund Əbdüssəlam Axundzadə olur. O da elmi, bədii yaradıcılıqla məşğul idi. Elmin müxtəlif sahələrinə aid 20-yə qədər əsərin müəllifidir. Rus dilində yazdığı "Müxtəsər sərf" və "Müsibət-Xosrovbəy" adlı əsərləri indi də Əlyazmalar İnstitutunda qorunur. Axund Əbdüssəlam Axunzadə 1907-ci ildə vəfat etdikdən sonra şeyxülislam vəzifəsini iki il müddətinə Hacı Məmmədhəsən Mövlazadə Şəkavi müvəqqəti icra edir.

İslamın mahir bilicilərindən sayılan Hacı Məmmədhəsən Mövlazadə Şəkavi Şərq ədəbiyyatını, tarixini, ərəb, fars və türk dillərini mükəmməl bilirdi. Bu dillərdə bir sıra kitablar qələmə almışdı. Onun "Kitabü-əl-Bəyan, fitəfsiril-Quran" kitabı 1991-ci ildə Qafqaz (Zaqafqaziya) Müsəlmanları Ruhani İdarəsinin təşəbbüsü ilə Bakıda islam əlifbası ilə nəşr olunmuşdur.

1909-cu ildə şeyxülislam vəzifəsini Axund Məhəmməd Fərculla Pişnamazzadə icra etməyə başlayır və 1915-ci ildə rəsmən bu vəzifəyə təyin edildikdən sonra 1918-ci ilin fevralınadək Qafqazın şeyxülislamı olur.

XIX əsrdə Rusiyanın Qafqazda əsas təşkilati-güc mərkəzi olan Tiflis dünya şəhərinə çevrilir. Qafqaz canişinliyinin bütün siyasi-idarəcilik mərkəzlərində lazım gələrsə, bu çoxmillətli regionda milli münaqişələrin və dini ayrı-seçkiliyin qızışdırılması və çar Rusiyasının əsas idarəcilik üsulu olan "parçala və hökm sür!" taktikasının həyata keçirilməsi üçün strateji planlar qurulurdu. I Pyotrun mənfur "Vəsiyyətnamə"sinə uyğun olaraq Tiflisdə şiələr üçün ayrı, sünnilər üçün ayrı məktəblər açılmışdı. Şiə məktəbində sünnilərə, sünni məktəbində şiələrə nifrət hissi aşılanırdı. O zaman Quba məscidinin axundu bunun əleyhinə çıxıb dinimizin, Allahımızın və Peyğəmbərimizin bir, bölünməz olduğunu söyləmişdi. Onda Qafqaz canişini Qubaya öz nümayəndəsini göndərib ona sərt xəbərdarlıq etmişdi ki, o, imperiyanın siyasətinə mane olur, ona qarşı çıxır.

vvv

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra Azərbaycan milli hökuməti qarşısında duran məsələlərdən biri də Tiflis şəhərində yerləşən Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Bakı şəhərinə köçürülməsi və 1918-ci ildə ləğv edilmiş şeyxülislamlıq vəzifəsinin bərpasından ibarət idi. 1918-ci ilin əvvəlində idarə Bakıya köçürülür. Dövrün nüfuzlu din xadimlərindən sayılan Axund Molla Ağa Əlizadə AXC-nin süqutuna qədər şeyxülislam olur.

...Və tarix burada qırılır.

Vaxtın bundan sonrasında 24 illik böyük bir boşluq var...

Sosializmin dinə düşmən münasibəti bu siyasi cərəyanın tapındığı fəlsəfi nəzəriyyələrdən irəli gəlirdi. Bunun əsasında kommunizmin banilərindən olan Fridrix Engelsin "Din xalq üçün tiryəkdir" düsturu dayanırdı. O, kommunizmə yetişməkdən ötrü dini inancların yox etməsinin vacibliyi iddiasını əsaslandırmağa xidmət edirdi. F.Engels "Meymunun insana çevrilməsi prosesində əməyin rolu" əsərində "insanın meymundan əmələ gəlməsi" qənaətini irəli sürərək dinin də bu təkamül prosesinin hansısa bir mərhələsində ortaya çıxdığını göstərirdi.

V.İ.Lenin 1905-ci ildə "Novaya Jizn" jurnalında dərc olunan "Sosializm və din" sərlövhəli məqaləsində insanların dini inancına, vicdan azadlığı məsələlərinə münasibətdə sələfləri ilə müqayisədə nisbətən yumşaq mövqe tutsa da, dini dağıdılması vacib olan "duman" adlandırmaqdan çəkinmirdi. Və kommunistlər tərəfindən aparılmalı olan ateizm təbliğatının müxtəlif istiqamətlərini izah edirdi.

1909-cu ildə "Proletar" jurnalında çapdan çıxmış "Proletar partiyasının din mövzusundakı mövqeyi" sərlövhəli məqaləsində isə V.İ.Leninin dinə nisbətən həlim münasibətinin əsl səbəblərini də duymaq mümkündür. Bu məqalədə o, dinlə açıq döyüşə girməyin faydasızlığını, bunun lazımsız "siyasi qumar" olduğunu yazırdı. "Ateist olduğumuzu açıq şəkildə bildirməməli və dinə inananları belə cərgələrimizə almalıyıq" deyən Lenin bu taktikanı kommunistlərin hakimiyyətə gəldiyi 1917-ci ilə qədər davam etdirdi. Bu tarixdən sonra isə "qırmızı ordu"nun süngüsü çatan hər yerdə inanclı insanlara qarşı böyük təzyiqlər başlandı.

Hələlik bircə ibrətamiz faktı yada salaq: milyonlarla insanın aclıqdan qırıldığı, insanların bircə parça çörəklə imtahana çəkildiyi 1920-1921-ci illər qıtlığını Lenin "insanların Allaha inamını yox edən faydalı irəliləyiş" sayırdı.

vvv

Amerikalı tarixçi Robert Konkvest "The Harvest of Sorrow" ("Kədər yığımı") adlı kitabında bolşeviklərin din siyasətinin bəzi məqamlarına konkret faktlarla toxunmuşdur: 1918-ci ildə qəbul edilmiş konstitusiyanın 65-ci maddəsində din adamları "burjuaziyanın xidmətçiləri" elan edildi. Onların maaşları kəsildi, övladları ibtidai siniflərdən sonra məktəblərə qəbul olunmadı.

28 yanvar 1918-ci ildə qüvvəyə minən qanunla bütün məktəblərdə dini təhsil qadağan edildi. 1921-ci ilin 13 iyununda daha bir qanunla 18 yaşına çatmamış gənclərə dini təhsilin verilməsinə qadağa qoyuldu. 1929-cu ilin 8 aprelində üzvlərinə yardım paylayan dini qrupların fəaliyyəti məhdudlaşdırıldı. 22 may 1929-cu ildə konstitusiyanın 18-ci maddəsi hazırlanaraq "dini və antidini təbliğat azadlığı" müddəası yeni redaksiyada "ibadət azadlığı və antidini təbliğat azadlığı" kimi dəyişdirildi. Təhsil komissiyası "məktəblərdə antidin təbliğatı"na əmr verdi. Kollektivləşdirmə dövründə bütün regional ibadət yerləri bağlandı.

Mollalar qolçomaqlara bərabər tutularaq həbs edilirdilər. Bədii əsərlərdə, kinoda, teatrda, musiqidə din xadimlərinin mənfi obrazının yaradılması da ayrıca bir vəzifə idi və bununla sosializm realizmi məşğul olurdu. Lenindən sonra hakimiyyətə gəlib bəşəriyyət tarixinin xatırladığı ən qanlı diktaturalardan birini qurmuş İ.V.Stalin də dinin qatı düşməni idi. İstintaqsız, məhkəməsiz güllələnməyə, gedər-gəlməzə göndərilən milyonlarla insanın faciəsi fonunda bu nifrət daha dəhşətli şəkildə təzahür edirdi.

vvv

Azərbaycana "Qırmızı qaranlıqlar" (Əlibəy Hüseynzadə) çökdükdən - 1920-ci ilin 28 aprelində bolşevik-daşnak işğalı başlanandan sonra 24 il Qafqazda şeyxülislam institutu bağlı, müqəddəs dinimiz başsız qaldı. Doğrudur, hələ tarixdə heç bir rejim Allaha məhəbbəti, dinə inamı insanların qəlbindən çıxara bilməmişdir.

Xüsusilə, 1920-1937-ci illərdə Azərbaycanda dinə qarşı total hücum başlandı. Böyük sənət abidəsi olan "Bibiheybət" məscidi, onlarla məbədgah dağıdıldı, dini kitablar yandırıldı. Azərbaycanın Yaxın Şərqlə bütün əlaqələri kəsildi, nəinki dini ayinlərə, mərsiyələrə, habelə, muğama, tara, əruz vəzninə qarşı hücumlar başlandı. Azərbaycanda "Mübariz Allahsızlar İttifaqı" yarandı, Sovet rəhbərləri böyük yazıçı Cəlil Məmmədquluzadədən tələb etdilər ki, "Molla Nəsrəddin" jurnalının adını dəyişib "Mübariz Allahsız" qoysun. Mirzə Cəlil buna razı olmadıqda onu ev dustağı etdilər. Xalqın dini mənəviyyata əsaslanan min illik adət və ənələri təhqir olundu. Çılpaq qızlar və oğlanlar sinələrindən "Daloy stıd!" - "Rədd olsun utanmaq!" şüarı asaraq küçələrdə gəzməyə başladılar. Ta 1937-nin qanlı repressiyalarına qədər milləti sevmək "Pantürkizim", dini sevmək "Panislamizm" kimi siyasi ittiham yarlıqlarına çevrildi.

Böyük məhəbbətlə ucaldılmış qiymətli memarlıq abidələri - məscidlər, kilsələr, sinaqoqlar uçurulur, ən yaxşı halda anbara, mağazaya, kluba, tövləyə çevrilir, Allahın adını aşkar dilə gətirən inanclı insanlar güllə işığında öz qəbirlərini qazır, ya da bəxti azacıq gətiribsə, Sibir çöllərinin qan donduran şaxtasında, Qazaxıstan qumsallarında əzab çəkirdilər.

vvv

1937-ci ildə Stalini və onun əshabələrini heyrətə gətirən maraqlı bir fakt üzə çıxarıldı. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru, tarix elmləri doktoru Andrey Zubovun bu xüsusda məqaləsini oxuyunca, açığı, biz də heyrətimizi gizlədə bilmədik.

Hər şey 1937-ci ildə ikinci Ümumittifaq siyahıyaalınmasının həyata keçirilməsindən başlanmışdı. Sosialist inqilabından sonra ilk Ümumittifaq əhalinin siyahıyaalınmasını 1926-cı ilin dekabrında keçirmişdilər.

1936-cı ilin 5 dekabrında SSRİ-də yeni "Stalin konstitusiyası" qəbul edildikdən sonra Kreml başbilənləri düşündülər ki, əhalinin yeni siyahıya alınmasını daha çox ləngitmək lazım deyil. Stalin bununla ölkə əhalisinin neçə faizinin onun tərəfdarı, neçə faizinin əleyhdarı olduğunu bilmək istəyirdi. Maraqlıdır ki, siyahıyaalmanın tarixini də 1937-ci ilin 6 yanvarına, pravoslav xristianlar üçün müqəddəs hesab edilən bir günə təyin etmişdilər və sorğu vərəqindəki 14 sualdan biri də elə məhz dinlə bağlı idi.

Stalinin göstərişi əsasında bu suala 16 yaşdan yuxarı olan bütün vətəndaşlar cavab verməli idilər.

Stalin ümid edirdi ki, Allaha inam artıq Sovet ölkəsi vətəndaşlarının qəlbindən silinib.

Amma siyahıyaalmanın nəticələri Kreml rəhbərliyinin ovqatını təlx etdi, məlum oldu ki, bəzi yerlərdə insanlar sorğu anketindəki dinlə bağlı sualı cavablandırmaqdan kütləvi şəkildə imtina ediblər. Cavab verənlərin də yarıdan çoxu Allaha inandıqlarını bildirib. Bolşevikləri təəccübləndirən imanlı insanların çoxluğu yox, onların bunu qorxmadan, çəkinmədən etiraf etmələri idi. Dindarların əzildiyi bir ölkədə əhalinin yarıdan çoxu açıq şəkildə Allaha inandığını bildirirdi. Özü də anonim sorğuda yox, hər kəs üçün ayrıca hazırlanmış, adının, soyadının, ünvanının qeyd olunduğu sorğuda.

Sorğunun nəticələri göstərirdi ki, 1937-ci ildə Allahı şüurlu olaraq qəbul edənlərin sayı hətta 1917-ci ildəkindən də xeyli çoxdur. İnqilabdan sonra 20 illik repressiyalar insanları nə qədər sıxıb əzsə də, onların daxilində Allaha inam nəinki ölməmiş, əksinə, artmışdı.

Bolşeviklər şoka düşmüşdülər. Stalinin əmri ilə bu sorğunun nəticələri "qüsurlu" elan edildi və açıqlanması yasaqlandı. Onu təşkil edənlərin, demək olar ki, hamısı güllələndi. Bu hadisədən dərhal sonra 2 iyul 1937-ci ildə siyasi şura ölkədə yeni repressiyalara başlanılmasına start verən qərarı yekdilliklə qəbul etdi. Bu, faktiki olaraq, dindarların, xüsusən də, təşkilatlanmış dindarların qətlinə fərman demək idi.

vvv

Stalin haqqında memuarlarda onun İkinci Dünya müharibəsi illərində mitropolit Sergi və yaxın rəiyyəti ilə Kremldəki görüşündən bəhs edən maraqlı bir epizod var. Söhbət zamanı dini lider ölkədə ruhani kadrların çatışmazlığından şikayətlənir. Stalin "Bəs nə üçün sizdə kadrlar çatışmır? Onlar hara yoxa çıxıb?" soruşduqda mitropolit hazırcavablıqla: "Bir çox səbəblər var - deyir, məsələn, biz ruhani hazırlayırıq, o isə gedib olur Sovet İttifaqı marşalı".

Özü vaxtilə ruhani seminariyasında təhsil alan və hətta kilsə xorunda oxuyan Stalin dini liderin bu sözlərində onu nəzərdə tutmasından məmnun qalaraq görüşün sonunda mitropolitin qoluna girib onu pilləkənlərlə qapıya qədər ötürür və vidalaşarkən deyir: "Hələlik Sizin üçün edə biləcəyim budur".

Görünür, Koba da artıq anlamağa başlamışdı ki, heç bir təzyiqlə Allah sevgisini insanların qəlbindən çıxarmaq mümkün deyil və 24 illik fasilədən sonra Qafqaz Müsəlmanları Ruhani İdarəsinin fəaliyyətinin bərpası, Zaqafqaziya müsəlmanlarının I qurultayının keçirilməsi, növbəti şeyxülislamın seçilməsi də yəqin ki, elə bu "anlayışın" nəticəsi idi.

vvv

Qafqaz Müsəlmanları Ruhani İdarəsinin fəaliyyəti SSRİ Ali Soveti Rəyasət Heyətinin 14 aprel 1944-cü il tarixli 17 saylı qərarı ilə bərpa edilir. 1944-cü il mayın 25-28-də Zaqafqaziya müsəlmanlarının I qurultayı olur, qurultayda Axund Ağa Əlizadə ikinci dəfə şeyxülislam seçilir. O, öz vəzifəsini ömrünün sonuna - 1954-cü ilə kimi yerinə yetirir.

Axund Ağa Əlizadənin vəfatından sonra bölgə müsəlmanlarının həmin ildə çağırılmış 3-cü qurultayında Axund Şeyx Möhsüm Həkimzadə şeyxülislam seçilir. Sosializm quruculuğuna, dini ayinlər haqqında Sovet qanunvericiliyinə real münasibət bəsləyən, sülhsevərlik, əməksevərlik, dindarların öz vətəndaşlıq borclarını namusla yerinə yetirməsini təbliğ edən, yüksək natiqlik bacarığı olan bu din xadimi mömin müsəlmanlar arasında böyük nüfuza malik idi. 1966-cı ildə onun vəfatından sonra şeyxülislam vəzifəsi iki il boş qalır. Yalnız 1968-ci ildə Qafqaz (Zaqafqaziya) müsəlmanlarının IV qurultayında bu vəzifəyə Bakının Təzə pir məscidinin axundu Molla Əliağa Süleymanzadə seçilir. Ömrünün sonuna - 1976-cı ilə kimi bu vəzifəni icra edən Şeyxülislam Molla Əliağa Süleymanzadə Sovet quruluşuna hörmətlə yanaşan, xarici qonaqlarla söhbətlərində, məscidlərdəki moizələrində daim xeyirxahlığı və sülhü təbliğ edən bir din xadimi idi.

Yaşı 90-ı adlamış bu nurani insanın bir xoşbəxtliyi də onda idi ki, onun şeyxülislamlığı dövrünün əsas hissəsi xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf etmişdi və o həmçinin onun timsalında ruhani idarəsi böyük himayədar, qayğıkeş qazanmışdı.

vvv

"Bilirsiniz, mən həyatımda ilk dəfə bir hadisəni sizə danışacağam. Bunu indiyə qədər heç kəsə danışmamışam və rəhmətlik anamdan savayı heç kəs bunu bilmirdi. 1943-cü ildə mənim iyirmi yaşım vardı. Bizim ailədə çətinliklər vardı. Mən də, anam da bir nəzir dedik. Mən onda Bakıda yaşamırdım, Naxçıvanda yaşayırdım. Gəldim Bakıya, getdim İçərişəhərdə Mir Mövsüm Ağanın evinə, onu ziyarət etdim və nəzrimi də verdim. İndi biz onun qəbri üstünə gəlirik, amma mən sağlığında gedib onu ziyarət etmişəm - 1943-cü ildə, 55 il bundan qabaq ziyarət etmişəm. Bacısı da orada idi, evi indi də gözümün qabağındadır.

Mən onda o sistemdə, o dövlətdə işləyirdim. Onda din qadağan idi, bütün bu şeylər qadağan idi, bu işlərin lap kəskin vaxtı idi. Amma mənim qəlbim və rəhmətlik anamın məsləhətləri məni gətirib oraya çıxardı".

 

(Qurban bayramı münasibətilə

 

Mir Mövsüm Ağanın ziyarətgahında keçirilən görüşdə ulu öndər  Heydər

Əliyevin nitqindən - 8 aprel 1998-ci il)

vvv

...Pəncərələri qibləyə sarı açılan, dualar başa varanda "Allaha şükür" sədaları səslənən, bir çətinlik qarşısında Allahdan kömək istənən bir evdə böyümüşdü. Gündə beş vaxt namazının birini qəzaya saxlamayan, oruc tutan, ağzı dualı bir ananın övladı idi Heydər Əliyev.

 "Məni Allah qoruyur"...

Onu hər hansı təhlükədən çəkindirmək istəyənlərə Heydər Əliyev belə deyərdi.

Dilimizdə maraqlı bir ifadə var, hansısa ağır təhlükədən bir sədəmə toxunmadan qurtula bilmiş adamlar haqqında söyləyirlər onu: "Anası namaz üstə imiş".

Heydər Əliyevin Anası həmişə namaz üstə idi və Allaha ünvanlanmış Ana dualarının mistik gücü həyatın bütün dolanbaclarında Onun üstünə qanad sərirdi...

Ona görə də Heydər Əliyev Allahın Onu qoruduğuna bütün qəlbi ilə inanırdı...

vvv

Heydər Əliyevin Azərbaycana rəhbərlik fəaliyyətinə başladığı dövrdə inanclı insanlara qarşı repressiyalar xeyli səngisə də, keçmiş İttifaq məkanında vicdan azadlığı barədə danışmaq hələ çox tez idi. İbadət yerlərindən hələ də anbar, mağaza, klub, rəsm qalereyası kimi istifadə edirdilər. Bəzi məqamlarda din xadimləri yenə də cəmiyyətin tüfeyli ünsürləri kimi təqiblərə məruz qalırdı.

 Heydər Əliyev istər DTK sədri, istərsə də ölkənin rəhbəri olduğu vaxt dindarlara münasibətdə çox dözümlü davranırdı. Belə bir əyyamda Heydər Əliyevin görə biləcəyi yeganə iş yerli məmurların inanclı insanlara qarşı özfəaliyyət xarakterli təzyiqlərinin qarşısını almaq, ibadət yerlərini müxtəlif əsaslarla əsl təyinatına qaytarmaq idi və Heydər Əliyev bunu özünəməxsus müdrikliklə edə bilirdi. Heydər Əliyev o illərdə anbar, dükan, klub kimi istifadə olunan məscidləri boşaldıb camaatı nümayişkəranə şəkildə orada ibadətə səsləyə bilməzdi.

Yüksək vəzifə pillələrində irəlilədiyi və bu irəliləyişlər zamanı şəxsi həyatda ən xırda detalın da nəzərə alınıb əsla bağışlanmadığı illərdə o, hətta öz doğmalarına belə ibadətlə məşğul olmaqda heç bir məhdudiyyət qoymamışdı. Heydər Əliyevin anası kimi, bacısı Sura xanım da oruc tutub namaz qılardı. Bacısının həyat yoldaşı Qulu kişi isə hətta yas məclislərinə ağsaqqallıq edir və el-obada onu molla titulu ilə tanıyar, sevərdilər. Vaxtilə Naxçıvanda ali partiya orqanlarında çalışmış dəyərli deputat həmkarım, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun bununla bağlı xatırladığı maraqlı bir epizod Elmira Axundovanın "Şəxsiyyət və zaman" kitabında da özünə yer alıb:

"Heydər Əliyev DTK sədrinin müavini təyin ediləndən sonra bir məclisdə təsadüfən Qulu əmi ilə rastlaşdıq və mən ona zarafatla dedim:

- Qulu əmi, indi sən daha molla ola bilməyəcəksən.

DTK axı, həmişə dini təzahürlərlə mübarizə aparırdı.

- Ürəyini sıxma - dedi, - Bakıya gedib icazəmi almışam. Mən ondan soruşdum "Heydər, indi neynəyim? Sən desən, mən daha məclislərə gedib Quran oxumaram". O gülümsündü, məni qucaqladı: "Fikir vermə heç kimə! Əvvəlki kimi camaatı düz yola çağır, mən də çalışaram, bu işi burada, Bakıda görüm".

 Uzun illərin repressiyaları Azərbaycanda mükəmməl dini təhsil görmüş ruhanilərin sayını tükətmiş, öz dövrlərinin nüfuzlu din xadimlərinin çoxu yaşa dolaraq dünyadan köçmüşdü.

Sovet İttifaqında islam üzrə cəmi iki təhsil ocağı vardı. Onların ikisi də Özbəkistanda idi: Buxara şəhərindəki məşhur Mir Ərəb mədrəsəsi və Daşkənd İslam İnstitutu.

Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə hər iki təhsil ocağını böyük müvəffəqiyyətlə başa vurub vətənə dönən və ilk günlərdən dövlətin böyük diqqət və qayğısı ilə əhatələnən din xadimlərimizdən biri də gənc Allahşükür Paşazadə idi.

Molla Əliağa Süleymanzadə dünyadan köçdükdən sonra Zaqafqaziya müsəlmanlarının 1977-ci ildə çağırılmış VII qurultayında şeyxülislam vəzifəsinə seçilərək vəfatına qədər (1980) bu vəzifəni yerinə yetirən Mirqəzənfər İbrahimovdan sonra Hacı Allahşükür Paşazadə Azərbaycanın və bütün Qafqazın şeyxülislamlıq tarixinin ən gənc şeyxülislamı oldu: cəmi 31 yaş...

Fikrimizcə, belə əhəmiyyətli bir vəzifəyə 31 yaşlı gəncin seçilməsinə Heydər Əliyevin verdiyi mənəvi dəstək də demokratik dəyərlərin, vicdan azadlığının, dini tolerantlığın aparıcı olacağı istiqlal soraqlı gələcəyə hazırlığın daha bir işarəsi idi...

Aradan cəmi bir onillik keçəcək, 1993-cü ildə müstəqil Azərbaycan dövlətinin Prezidenti kimi ilk andiçmə mərasimində Heydər Əliyev əlini Qurani-Kərimə basaraq Quran hikmətinin Azərbaycan dövlətinin mənəvi istinadgahı olduğunu bütün dünyaya bəyan edəcəkdi...

Vicdan azadlığı keçmiş sovet adamlarının qazandıqları ən önəmli hüquqlardan idi və insanlar bəzən heç mahiyyətinə varmadan bu azadlığı yaşamağa can atırdılar.

Bütün müsbət məziyyətləri ilə bahəm, bu meylin müstəqilliyini yenicə əldə etmiş dövlət, cəmiyyət üçün bəzi çətinlikləri də vardı. Müstəqillik əksər cəmiyyət üzvlərindən ötrü yeni sualların axtarışı idi. Demokratik, hüquqi dövlət, bazar iqtisadiyyatı, vətəndaş cəmiyyəti barədə bu gün hər kəsə aydın olan dəyər və prinsiplər haqqında o zaman bir o qədər də məlumatlı olmayan insanların müəyyən hissəsi öz suallarının cavabını dində axtarmağa başlayırdı.

Süquta uğramış SSRİ-nin başqa müsəlman respublikaları kimi, Azərbaycanda da dinə kütləvi qayıdış müşahidə edilirdi. Hər cür yasaqlar, məhdudiyyətlər aradan qalxır, çoxlu məscid tikilir, dini mərasimlər geniş qeyd olunur, dini təhsilə meyil sürətlənirdi. Amma əfsus ki, bəzi hallarda dinə qayıdışın dəb kimi başa düşülməsi meyilləri də nəzərə çarpırdı. Din insanların ruhi ehtiyacından daha çox, dəb elementi kimi özünü göstərirdi. O illərdə islama kütləvi qayıdışın dərin, əsaslı, səmimi, düzgün təməl üzərində qurulmasına böyük ehtiyac duyulurdu.

***

Heydər Əliyev hakimiyyətə qayıdışının ilk günlərindən cəmiyyətin islama münasibətinin düzgün və sağlam müstəvidə müəyyənləşdirilməsi işinə başladı. Ulu öndərin bu sahədə həyata keçirdiyi siyasət, əsasən aşağıdakı prinsiplərə istinad edirdi: 1) İslam Azərbaycan xalqının dini etiqadı olmaqla milli mənəviyyatının tərkib hissəsidir; 2) Din cəmiyyətin milli, əxlaqi və mənəvi bütövlüyünün önəmli amili kimi çıxış edir; 3) Müasir dövrdə dövlət-din münasibətlərinin düzgün tənzimlənməsinə ehtiyac vardır; 4) Dinlər və xalqlar arasında anlaşma və dialoq yeni beynəlxalq şəraitin əsas tələblərindən biridir.

Bu prinsiplərdə, yeni dünya düzənindəki vəziyyəti nəzərə alaraq Qərb sivilizasiyası ilə sıx təmaslara başlayan Azərbaycanın eyni zamanda, islam dünyasının bir parçası olması amili, təbii ki, nəzərə alınmışdı. Heydər Əliyev Azərbaycanla Şərq ölkələri, xüsusilə, ərəb və islam dünyası arasında çoxsahəli əlaqələrin qurulması, genişlənməsi və möhkəmlənməsi üçün ictimai-siyasi, elmi-mədəni və mənəvi zəmin hazırladı.

***

Ulu öndərin cəmiyyətdə vicdan azadlığının bərqarar olması istiqamətində atdığı addımlar sırasında din və dövlət münasibətlərinin dəqiqləşdirilməsi xüsusi diqqət çəkir.

Onun bilavasitə ideya müəllifliyilə hazırlanaraq 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyasında bu problemlər böyük müdrikliklə tam həllini tapdı. Konstitusiyanın din və dövlət münasibətlərinə dair 18-ci maddəsində deyilirdi:

I. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir.

II. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır.

III. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.

Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinin 1-ci bəndi Azərbaycan cəmiyyətində dinin insanların ruhi ehtiyacı kimi qorunması, mənəvi dəyər qismində mühafizə olunması, bu ali dəyərin dini əldə bayrağa çevirmiş başqa cəmiyyətlərdəki kimi siyasi alətə çevrilib gözdən salınmaması məqsədinə xidmət edir. Bu maddənin şərhindən belə nəticə çıxır ki, müstəqil Azərbaycan dövləti respublikamızda qanun çərçivəsində rəsmi fəaliyyət göstərən Qafqaz Müsəlmanları İdarəsinin, Rus Pravoslav İcmasının və Yəhudi sinaqoqunun daxili işlərinə qarışmır. Adları çəkilən dini qurumlar da dövlətimizin xarici və daxili siyasətinə müdaxilə etmir.

Amma bu, heç də o demək deyil ki, dövlətimiz dinə, dini qurumlara, dindarlara, o cümlədən islam ardıcıllarına qayğı göstərmir. Əsla, belə deyil. Azərbaycan dövləti ölkə ərazisində qanunla fəaliyyət göstərən dini qurumlara maddi və mənəvi dəstəyini heç zaman əsirgəməmişdir və bu gün də əsirgəmir.

***

Heydər Əliyev din xadimləri ilə davamlı göruşür, məscid və ziyarətgahlara baş çəkir, bütün dini mərasim və bayramlarda xalqa müraciət edir, bir sıra mərasimlərdə özü iştirak etməklə camaatla və möminlərlə ünsiyyətə girirdi. Bütün bunlar vicdan azadlığı ilə bağlı bəzi məsələlərin geniş kütlələrə izahı üçün çox vacib idi. Heydər Əliyev dini məsələlərə özünəxas bir maraqla, həssaslıqla yanaşırdı, hadisələrin fəal iştirakçısı olaraq onun əsas istiqamətlərini müəyyənləşdirirdi. O, dinin, daha doğrusu, islamın müasir Azərbaycan cəmiyyətində tutduğu yeri açıb göstərmək, məqsəd və məramını lüzumsuz yad ideoloji cərəyanların, qeyri-ənənəvi dini firqələrin və missioner təşkilatların pozucu fəaliyyəti və təxribatlarının qarşısını almaq üçün ölkədə dini işləri tənzimləmək, dövlət-din, müasirlik-din münasibətlərini sağlam bir müstəvidə qurmaq üçün çalışırdı.

Azərbaycanda bu sahədə mükəmməl qanunvericilik bazasının formalaşdırılması, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması və digər bu kimi mühüm addımlar həyata keçirilən siyasətin tərkib hissələri idi. Ulu öndər təlqin edirdi ki, islam mənəvi cəhətdən sağlam insanların və sağlam cəmiyyətin qaynağıdır. Sağlam cəmiyyət isə güclü və sarsılmaz dövlətçiliyin əsas sütunudur. Sağlam cəmiyyəti və güclü dövləti olan xalq bütün problemləri həll etməyə, öz işıqlı gələcəyini qurmağa, müasir dünyanın inkişaf və tərəqqi karvanına qoşulmağa qadirdir.

***

Heydər Əliyev islam elmləri sahəsində zəngin məlumatlı olmaqla yanaşı, islamın dərin psixoloji təsirlərini də çox gözəl bilirdi. Məhz bu keyfiyyətləri sayəsində o, dünyada baş verən hadisələri bacarıqla təhlil edir, əxlaqi və mənəvi sapmaların səbəblərini özünəməxsus sərrast məntiqlə izah edirdi.

Heydər Əliyevin dini-mənəvi, dini-fəlsəfi baxışlarının, fikir və ideyalarının təhlili belə qənaətə gəlməyə əsas verir ki, ümummilli liderimiz təkcə islam tarixinə, Azərbaycan xalqının islami dəyər və mənəviyyatına deyil, eyni zamanda, başqa səmavi dinlərin tarixinə, onların ehkamlarına və mənəvi dəyərlərinə də dərindən bələd idi.

Ulu öndər hələ 1993-cü ildə deyirdi: "İslam Azərbaycan xalqının, Peyğəmbər əleyhissəlamın və islam aləminə mənsub olan bütün insanların ən ali əxlaq mənbəyidir".

Ulu öndər islami dəyərləri cəmiyyətimizi qloballaşmanın ziyanlı təsirlərindən qoruyan əsas vasitələrdən biri kimi dəyərləndirirdi. Təsadüfi deyil ki, o, respublika gənclərinin I forumundakı çıxışında gənc nəsli müasir biliklərə yiyələnməyə, islami dəyərlərə sahib olmağa, hər bir gənci öz kökünə sadiqlik göstərməyə, vətənini sevməyə və Peyğəmbər əleyhissəlamın "Vətəni sevmək imandandır" kəlamını əldə rəhbər tutmağa çağırırdı.

***

Vətənə sevgi, ilahi nura meyil Heydər Əliyevin mənəvi, siyasi ömrünün davamı, onun ideyalarını reallığa çevirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dinə münasibətinin əsasında dayanır.

Azərbaycan Prezidenti milli-mənəvi dəyərlərimizin hakim olduğu, islam əxlaqının, mənəviyyatının daim uca tutulduğu, eyni zamanda, dünyanın bütün dinlərinə tolerant münasibətin formalaşdığı əsl ziyalı mühitində böyüyüb. Heydər Əliyevin, Zərifə xanımın verdiyi tərbiyə körpəlikdən onun qəlbini, ruhunu Allah ideyasına açıq edib.

Cənab İlham Əliyevin 50 illik yubileyi haqqında çəkilən filmlərdən birində, ötən əsrin 70-ci illərinin sonundan Təzə pir məscidində çalışan Şeyxülislam Hacı Allahşükür Paşazadə maraqlı bir xatirə danışmışdı. Azərbaycan Prezidenti hələ o illərdən müqəddəs günlərdə Təzə pir məscidinə gələr, dualar edərmiş...

***

Bu gün ölkəmizdə dövlət və din arasında uğurlu anlaşmanın mövcud olması Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin ən böyük nailiyyətidir. Bununla yanaşı, dövlət rəhbərimiz hesab edir ki, bu siyasət təkcə Azərbaycan hüdudlarında məhdudlaşmamalıdır: "Azərbaycanda din, vicdan azadlığı tam şəkildə təmin edilmişdir. Biz müqəddəs dinimizə - islam dinimizə sadiq olan xalqıq. Biz islam dəyərlərini dünyada təbliğ etməliyik. Bu məqsədlə Azərbaycan çox böyük işlər görür - həm Azərbaycan dindarları, həm Azərbaycan dövləti. Biz öz dinimizi həm təbliğ etməliyik, həm də əsassız hücumlardan qorumalıyıq".

İslam dininə qarşı ədalətsiz hücumlara, islamofobiya meyillərinə bəzi kütləvi informasiya vasitələrində dinimizə qarşı böhtan kampaniyalarının aparılmasına böyük təəssüf hissi ilə yanaşan cənab İlham Əliyev bu cür xoşagəlməz hallara dərhal reaksiya verilməsini, islam dininin sülh, qardaşlıq, xeyirxahlıq, mərhəmət dini olmasının sübuta yetirilməsini Azərbaycan dövlətinin əsas missiyalarından sayır: "Bizim dini bayramlarımız mərhəmət ideyalarını təcəssüm etdirir. Bizim dini ənənələrimiz ondan ibarətdir ki, kasıblara əl uzadılmalıdır, kömək göstərilməlidir. Bu, ümumbəşəri dəyərlərdir. Bu ümumbəşəri dəyərlərin hamısı islam dinində təmsil edilir. Yəni, islam dini bütün gözəl ümumbəşəri dəyərləri ehtiva edir. Həqiqət bundan ibarətdir. Ancaq, əfsuslar olsun ki, islam dininə qarşı aparılan çirkin təbliğat kampaniyası hələ də davam edir. Biz həm bu yalan və böhtan üzərində qurulmuş kampaniyaları dağıtmalı, həm də öz təbliğat işimizi daha da güclü şəkildə aparmalıyıq, eyni zamanda, bizim, yəni, islam dünyasının birləşməsi bu kampaniyanı aparanlara ən gözəl cavab ola bilər".

***

Bu gün Azərbaycan bütün dünyada tolerantlıq, sivilizasiyalar arasında dialoq məkanı, Qərblə Şərq arasında körpü kimi tanınır. Ölkəmizin uzun illər ərzində bu sahədə formalaşdırdığı zəngin ənənələr dünyanın ən nüfuzlu elmi mərkəzləri tərəfindən diqqətlə öyrənilir. Hər kəs bu qiymətli ənənələrdən bəhrələnməyə çalışır. Bütün bunlar, təbii ki, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, o cümlədən ölkəmizdə mövcud olan vicdan azadlığı ənənələrinin bütün dünyada təbliğinin nəticəsidir. Bu nəticələrin əldə olunmasında öz xeyirxah əməlləri ilə əsl islami dəyərləri təlqin edən, bu dəyərlərin işığında bütün bəşəriyyəti mərhəmətə, qarşılıqlı köməyə, sülhə, bir-birinə qarşı dözümlü olmağa çağıran Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın böyük xidmətləri var.

Bu gün Azərbaycanda gedən böyük tikinti-quruculuq işləri ibadət yerlərimizi, müqəddəs ziyarətgahlarımızı da əhatə edir. Sovet dövründə uçurulub dağıdılmış, diqqətdən kənarda qalmış müqəddəs məkanların - məscidlərin, kilsələrin, sinaqoqların yenidən bərpası, abadlaşdırılması sahəsində ulu öndər Heydər Əliyevin formalaşdırdığı xoş ənənələr davam etdirilir. Bu işlər həm Azərbaycan Prezidentinin daimi diqqət və qayğısı, həm də Mehriban xanım Əliyevanın irəli sürdüyü ictimai təşəbbüslər çərçivəsində uğurla yerinə yetirilir.

Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanda multikulturalizm ideyası müstəvisində aparılan müzakirələr, fikir paylaşmaları da bu istiqamətdə ortaya çıxan sualların aydınlaşdırılmasına, bəşəriyyət üçün daha nizamlı, sabit, qarşılıqlı hörmət ruhunun hakim olduğu dünyanın yaradılması amalına xidmət edir.

***

Allahı sevməyin ən doğru yolu ona şükür etməkdir. "Allaha şükür!" islamda kəlmeyi-şəhadətdən sonra ibadətin ən müqəddəs formasıdır. Azərbaycanın ən dilbər güşələrindən birinin, Lənkəranın Cil kəndinin sakinləri II Cahan savaşının veteranı Hümbət Məhəmməd Əli oğlu və onun xanımı Kafiyə Məhəmməd Cəfər qızı 1949-cu il avqust ayının 26-da dünyaya gəlmiş övladlarına Allaha sevgi ifadə edən Allahşükür adını vermişlər. Bu təsadüf deyildi: Allahşükürün hər iki babasının adı peyğəmbərin adına imam Əli Əleyhissalam və imam Cəfər Sadiqin adlarının birləşməsindən yaranmışdı. Deməli, təbiətən ailənin təməlində müqəddəs soy dayanmışdı. Bu il avqustun 26-da mübarək 65 yaşı tamam olacaq bütün Qafqazın Şeyxülislamı Hacı Allahşükür Paşazadə kökdən gələn bu müqəddəsliyi öz ömür və əməl yolu, insani taleyi, inam və imanla doğrultmağa nail oldu.

Şeyxin zəngin tərcümeyi-halı təkcə Azərbaycanda yox, küllən islam dünyasında məlum və məşhurdur. Bununla belə, onun şəxsiyyətinə və barəsində yazacağımız fikirlərə aydınlıq gətirəcək bəzi məqamları xatırlatmalıyıq.

12-ci şeyxülislam tarix elmləri doktoru (1992) professor Hacı Allahşükür Paşazadə Buxarada "Mir-Ərəb" mədrəsəsində təhsil alıb (1968-1970). İmam Əl-Buxari adına Daşkənd İslam Universitetinin ilahiyyat fakültəsini bitirib (1971-1975), Təzə pir məscidinin axundu və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini işləyib (1978-1980). Şeyxülislam kimi olduqca səmərəli elmi-dini fəaliyyətinə, xalqlar arasında sülh və əmin-amanlığın qorunmasına, Azərbaycan dövlətinin beynəlxalq siyasətinə mənəvi yardımına və ölkəmizdə tolerant mühitin formalaşması sahəsindəki misilsiz xidmətlərinə görə 1994-cü ildə "Şöhrət", 1999-cu ildə "İstiqlal", 2009-cu ildə "Şərəf" ordenləri ilə təltif olunub.

Dünyanın bütün dini təşkilatlarının üzvü, əksər dini tədbirlərinin iştirakçısı olmuş Şeyx 1988-ci ildə keçmiş SSRİ-nin "Xalqlar dostluğu", 1992-ci ildə Misirin I dərəcəli "Əl lam və əməl", 1998-ci ildə Çeçenistanın "Milli qəhrəmanı", 2001-ci ildə Rus Pravoslav kilsəsinin "Müqəddəs Vladimir", 2002-ci ildə Gürcüstanın "Şərəf", 2005-ci ildə Vatikanın "Müqəddəs Qreqori" və digər beynəlxalq ali mükafatlara layiq görülüb. O, 1991-ci ildə "Bakı İslam İnstitutu"nu, 1997-ci ildə isə "Elmi-Dini Şura"nı yaradıb. Böyük Şeyximiz "Qafqazda İslam", "İslamda ümmət və şüubilik", "Quranın təfsiri və tərcüməsi tarixi", "Qurani-Kərimin İlahi hökümləri və öyrənilməsi", "Milli münasibətlər və din", "Qurani-Kərimin ecazkarlığı", "Qurani-Kərimdə insan təbiəti" kimi fundamental elmi əsərlərin müəllifidir. Onun müqəddəs və mübarək fəaliyyəti, həyatı, ömür yolu, taleyi və şəxsiyyəti barəsində "On ikinci Şeyxülislam", "Mərhəmətli və şəfqətli qəlb", "Şeyxülislam: ictimai xadim və alim", "Bizim bir Şeyximiz var", " Müqəddəs ömrün anları", " Şeyxülislam Allahşükür Paşazadə: elm və dinin vəhdəti", "İki əsrin Şeyxülislamı", "Allahın lütfü: 25 il Şeyxülislam", "Nurlu yolun müdrik səyyahı" kimi sanballı kitablar, yüzlərlə məqalə yazılıb. Bütün bu əsərlərdə 65 yaşlı Hacı Allahşükür Paşazadənin şeyxülislam kimi 34 illik fədakar fəaliyyətinin əsas məqamları əksini tapıb. Aydın olur ki, şeyx möhkəm əqidəyə, dərin iman və inama, Allah nuru ilə işiqlanmış qəlbə, möhkəm iradəyə, yenilməz cəsarətə, böyük vətənpərvərlik duyğusuna, ülvi mərama malik dini ziyalı və vətənpərvər bir şəxsiyyətdir.

Fikrimizcə, ona ən böyük qiyməti onun qədrini, müstəqilliyimiz üçün əhəmiyyətini hamıdan yaxşı bilən böyük Heydər Əliyev vermişdi: "Azərbaycanın dini rəhbəri bizim müsəlman dinimizi nəinki Azərbaycanda, bütün Qafqazda təmsil edən ən yüksək vəzifəli şəxsdir. Əgər Azərbaycanın dini rəhbəri bütün Qafqaz müsəlmanlarının şeyxülislamı adını alıbsa, demək, bu bizim üçün böyük iftixar hissidir. Məlumdur ki, cənab Allahşükür Paşazadə tutduğu bu vəzifədə 20 ildən artıqdır xalqa sədaqətlə xidmət edir. Azərbaycanın xarici siyasətində özünəməxsus imkanlardan istifadə edərək iştirak edir və Azərbaycan dövlətçiliyinə xidmət edir".

Şeyxin nüfuz və şəxsiyyəti, onun öz xalqı naminə göstərdiyi cəsarət və fədakarlıq 1990-cı il 20 Yanvar faciəsi zamanı SSRİ-nin rəhbəri M.Qorbaçova göndərdiyi teleqramda öz parlaq əksini tapır: "Dinc, namuslu, hamıya dost münasibət bəsləyən Azərbaycan xalqını kimlərinsə xatirinə qırmaq nə böyük dövlət rəhbərinə, nə də adi bir insana yaraşan hərəkət deyil. Bizi qırmaq olar, əzmək olar, amma sındırmaq olmaz. Mən bütün Azərbaycan xalqının iradəsini ifadə edərək qoşunların Bakıdan təxirə salınmadan çıxarılmasını tələb edirəm. Heç bir xalq ilə, o cümlədən Azərbaycan xalqı ilə silahla danışmaq olmaz. Bu, on gün və ya Əfqanıstanda olduğu kimi, on il davam edə bilər, lakin haqq-ədalət əvvəl-axır qələbə çalacaqdır. Nə olursa-olsun, Allah-Təalanın köməyi ilə ədalət Azərbaycanda da zəfər çalacaqdır, xalqımızın Sovet əsgərlərinin gülləsinə tuş gəlib həlak olmuş oğul və qızları da öz həyatlarını bunun naminə qurban vermişlər".

Xalqına məhəbbət, gələcəyə inam və cəsarət saçan bu sətirlər Şeyxülislam Allahşükür Paşazadəni bütün varlığı ilə səciyyələndirir. Onun kişilik, mərdlik, vətənə böyük sevgi ifadə edən obrazını tamamlayan iki faktı da qeyd etməliyəm. Qurultayda fasilə zamanı M.S.Qorbaçov Şeyxlə üz-üzə gəlir, "Hörmətli Şeyxülislam" - deyərək, ona əl uzadır, Şeyx ona əl vermir - "Mən sizə əl uzadıb görüşə bilmərəm. Sizin əliniz mənim xalqımın qanına batıb" - deyir.

İkinci fakt: Kresloya yayxanmış SSRİ Müdafiə Naziri Yazovun: "Doğrudanmı xalqınızın Sizi eşidəcəyinə inanırsınız?" - sualına Şeyxülislam belə cavab verir: - "Siz nazirsiniz, demək olar ki, marşalsınız, ona görə də başqa hərbçilərlə özünüzü istədiyiniz kimi apara bilərsiniz: onlara qışqırarsız, təhqir edərsiz, təbii ki, oturan yerdə onlara sual da verə bilərsiniz, amma mən hərbçi deyiləm. Bütün Qafqazın Şeyxülislamıyam, ona görə də haqqınız yoxdur ki, mənim yanımda özünüzü istədiyiniz kimi aparasınız. Sizdən soruşuram: Siz özünüzü patriarx Aleksinin yanında belə aparardınızmı? Bilirəm, siz Allahsız adamsınız, amma bilmirdim ki, siz həm də tərbiyəsizsiniz". Bu cəsarətin arxasında təkcə şəxsiyyət, təkcə xalq yox, həm də qadir Allah dayanır. Adama elə gəlir ki, Şeyx bu sözləri deyərkən Allahın nəfəsini, qüdrətini hiss edib.

Deyəsən, elə məhz buna görə də görkəmli müasiri, filosof-şair Bəxtiyar Vahabzadə onun haqqında yazmışdı: "Mən Hacı Allahşükür Paşazadəni hər şeydən əvvəl, xeyirxah, təmiz, olduqca munis bir insan kimi tanıyıram. Unutmaq lazım deyil ki, onun yolu böyükdür və bu yol əbədidir, daimidir. O, millətimizin ruhani rəhbəri, ruhani atasıdır, deməli, mənəvi atasıdır. Hacı Allahşükür Paşazadə böyük şəxsiyyətdir. O, islam dinini, islam elmini mükəmməl bilir. Mən onun həm şəxsiyyətinə, həm də dini etiqadına, mövqeyinə dərin hörmət bəsləyirəm. Onu da deyə bilərəm ki, islam tarixində belə şəxsiyyətlər həmişə hörmətlə yad ediliblər". Türk dünyasının böyük şairi akademik B.Vahabzadənin bu mülahizələri Şeyxin möhtəşəm obrazını əks etdirir.

Məhz son 34 il ərzində Hacı Allahşükür Paşazadənin dolğun və səmərəli fəaliyyəti, Azərbaycan dövlətinin gündən-günə artan iqtisadi qüdrəti, siyasi və beynəlxalq nüfuzu, bütün millətlər arasındakı hörməti sayəsində Qafqaz Müsəlmanları Ruhani İdarəsinin həm Şərqdə, həm də Avropa və Rusiyadakı təsiri qat-qat güclənib. İndi bu qurum sadəcə bir idarə deyil, dünya siyasətinə, insan haqlarına, qloballaşan dünyada mənəvi tarazlığın qorunmasına, islam dininin dünyadakı həlledici mövqeyinə intensiv təsir göstərən institutsial təsisatdır. Bu, elə bir mənəvi güc mənbəyidir ki, dünyadakı heç bir əzilən insan, haqqı tapdalanan fərd, heç bir təriqət ondan kənarda qala bilməz.

***

Bəşər tarixinin ən böyük alimlərindən olan görkəmli fizik Albert Eynşteyn bir zamanlar yazırdı ki, "Elmsiz din topal, dinsiz elm kordur". Yəqin ki, indikindən daha xoşbəxt bir dünyaya doğru aparan yol bu iki dünyagörüşü arasında ortaq nöqtələrin tapılmasından, onların bir araya gətirilməsindən keçir. Həyat və fəaliyyəti ilə buna müvəffəq olub elmi nailiyyətləri inkar yolu tutmayan din xadimlərinin də, dünyəvi elmlə məşğul olsa belə, Allahın varlığını etiraf edən elm sahiblərinin də sayı, etiraf edək ki, çox deyil. Amma belələri həmişə var.

Şeyxülislam Hacı Allahşükür Paşazadənin böyüklüyü ondadır ki, bu iki dünyagörüşünün sintezinə xidmət edən dindar və alim obrazını o öz şəxsiyyətində bir araya gətirə bilib. Onun alimliyi dini məsələlərin təfsirindəki hər hansı xurafat, fanatizm meyillərini tam inkar edir. Eyni zamanda, dindarlığı, imanı elmi yanaşmalarında Allah ideyası ilə ruhi bir ahəng yaradır.

Bu tənasübü Şeyxülislamın başqa dinlərə münasibətində də görə bilərik. Qafqaz müsəlmanlarının dini liderinin dünyanın bütün dinlərinə böyük hörmətlə yanaşması hər kəs tərəfindən təqdir olunur və ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, Azərbaycan Prezidenti İlham Əliyevin əzmlə qoruduğu dini tolerantlıq mühitinə öz töhfələrini verir.

Şeyxülislamın dünyanın tanınmış dini liderləri ilə keçirdiyi görüşlər, 2002-ci ilin 22 mayında Roma Papası II İohan Pavelin Azərbaycana rəsmi səfərə gəlməsi də bu münasibətlərə, bu mühitə sayğılı münasibətin bariz təzahürü idi.

Azərbaycan xalqı Şeyxülislamı həmişə birləşdirici, barışdırıcı obrazda görüb, bu missiya ilə tanıyıb və hörmət bəsləyib. Siyasi təmayülündən asılı olmayaraq Azərbaycanın dövlətçiliyinə hörmətlə yanaşan bütün düşərgələrlə bərabər məsafə saxlamağı bacaran, şəxsiyyətinə hər kəs tərəfindən böyük rəğbət bəslənilən və bu rəğbətin yaratdığı imkanlar çərçivəsində lazımi anlarda hamıya ağsaqqal ərki ilə öz tövsiyələrini çatdıra bilən Şeyxülislam kimi insanların mövcudluğu cəmiyyətdə müəyyən dəyərlərin, barış mühitinin qorunması, milli vəhdətin təmin olunması, ümumi hədəflərin diqqətdən yayınmaması baxımından çox mühümdür.

Şeyxülislam Hacı Allahşükür Paşazadə bu missiyanı təkcə Azərbaycan çevrəsində yerinə yetirmir, dünyanın bir çox ölkələrinin dövlət başçıları yanındakı yüksək şəxsi nüfuzundan faydalanaraq sözü eşidilən hər yerdə dövlətlər, xalqlar, dinlər, mədəniyyətlər arasında sülhün, qarşılıqlı anlaşmanın əldə olunmasına xidmət göstərir.

Şeyxülislam Hacı Allahşükür Paşazadə bütün Qafqazın şeyxi olaraq bu gün dünyanın ən nüfuzlu din xadimlərindən biri kimi tanınaraq qəbul edilir. Azərbaycan hüdudlarından kənarda da onu çox sevirlər. Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində gündən-günə güclənən, qüdrətlənən, bütün dünyada söz sahibinə çevrilən müstəqil Azərbaycan dövlətinin beynəlxalq aləmdəki yerinə, mövqeyinə güclü dəstək verən bu fakt hər birimizdə böyük qürur hissi doğurur.

***

Şəhərə axşam düşmüşdü. Dənizin sinəsini gümüşü zolaqlar bəzəyirdi. Bakının simvoluna çevrilən "Alov qüllələri"nin lazer effekti ilə yaradılan işıq şousu dəniz gəzintisinə çıxanların diqqətini özünə çəkirdi. Buradan ulu keçmişimizdən soraq verən Qız qalası da görünürdü. Dostum Cavanşir Paşazadə ilə söhbət edə-edə Milli parkı gəzirdik. Ona Şeyx həzrətləri haqda yazmaq istədiyimi bildirdim. O, bir az susaraq, təvazökarcasına dedi:

- Bax da...

Sonra aramıza sükut çökdü. Xeyli vaxt danışmadıq. Hərə öz düşüncələrinə qapanmışdı. Yazacağım publisistik oçerkin təsiri altında xəyala dalmışdım.

- Mən həyatımda çətinliklərə sinə gərməyi, dost qazanmağı, ehtiyac içində olan insanlara dayaq olmağı qardaşımdan öyrənmişəm - deyə Cavanşir məni fikir dünyasından ayırdı. İçimdə Şeyx həzrətləri ilə bağlı düşüncələrimə sanki təkan verərək sözünə davam etdi:

- Bu Qadir Allahın bir lütfüdür ki, mənə belə böyük qardaş nəsib edib... Bu mənada böyük Yaradandan çox-çox razıyam. Düzdür, Şeyxlə qardaş olmağım üzərimə böyük məsuliyyət də qoyur. Bəzən elə məclislər olur, orada az adamı tanıyaram, amma Şeyxülislamın qardaşı olduğum üçün məni hamı tanıyır. Buna görə, ən xırda etik normaları gözləməyi özümə borc bilirəm. Və qardaşımın daşıdığı müqqədəs adı daim uca tutmağa çalışıram...

Qafqazın 12-ci şeyxülislamı Allahın mərhəmətinə güvənərək illər öncə olduğu kimi, bu gün də onu ən uca məqamlara yüksəltmiş Azərbaycan dövlətinin yanındadır. Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətə fəal ictimai dəstəyi, şərəfli həyat və fəaliyyət nümunəsi, cəmiyyətə ünvanlanmış nəcib çağırışları ilə, insanlara təlqin etdiyi düzgün yolla dövlətimizin və millətimizin, ən əsası isə Uca Yaradanın xidmətindədir.

Və 190 illik şeyxülislamlıq tarixində bu xidmətin özü də ayrıca bir tarixdir.