Vəkil 2 aprel məhbusuna bəraət istəyir

vekil-2-aprel-mehbusuna-beraet-isteyir
Oxunma sayı: 639

Oktyabrın 10-da Nəsimi Rayon Məhkəməsi Əhəd Məmmədliyə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarıb. O, Cinayət Məcəlləsinin 233 və 315.1-ci maddələri ilə təqsirli bilinib.

“Media forum” saytının məlumatına görə, vəkil Yalçın İmanov apellyasiya şikayətində bunları qeyd edir: “Birinci instansiya məhkəmədə araşdırma zamanı tam şəkildə müəyyən olunub ki, ibtidai istintaq Cinayət Prosessual Məcəllənin tələblərini kobud şəkildə pozub, cinayət təqibi ilə bağlı bütün hallar tam, hərtərəfli və obyektiv araşdırılmayıb, cinayətin törədilməsinə kömək edən səbəb və şərait müəyyən edilməyib, cinayət törətmiş şəxslər ifşa və cinayət məsuliyyətinə cəlb olunmayıb, istintaq tamamilə birtərəfli aparılıb, Əhəd Məmmədliyə qanunsuz və əsassız ittiham verilib”.

Vəkil bildirir ki, Əhəd Məmmədlinin ictimai qaydanı kobud surətdə pozan, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, nəqliyyatın, müəssisə, idarə və təşkilatların normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərdə fəal iştirak etməsi, hər hansı zərərçəkmiş şəxsə ziyan vurması hər hansı sübut növü ilə öz təsdiqini tapmayıb.

Yalçın İmanov apellyasiya şikayətinə Əhəd Məmmədlinin iştirakı ilə və tam məhkəmə istintaqı aparılmaqla baxılmasını istəyir.

Aprelin 2-də müxalif İctimai Palata Bakının mərkəzində - Fəvvarələr meydanı və onun həndəvərində sanksiyalaşdırılmamış etiraz aksiyası keçirib. Bakı Şəhər Prokurorluğu bu işin istintaqını Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə aparıb. 14 aksiyaçı cinayət məsuliyyətinə cəlb olunub və məhkum edilib.