Vəkilin müdafiəsi ilə bağlı bəyanat verildi

vekilin-mudafiesi-ile-bagli-beyanat-verildi
Oxunma sayı: 638

“Qafqazinfo”nun məlumatına görə, institut insidentin tez bir zamanda araşdırılmasını və vəkilin, eləcə də onun müdafiə etdiyi “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının hüquqlarının pozulmasının qarşısının alınmasını, müdafiə hüququnun səmərəli həyata keçirilə bilməsi üçün normal şərait yaradılmasını tələb edib: “ Həbsə atılan, ciddi hüquqi maneələrlə üz-üzə qoyulan tanınmış jurnalistlərin hüquqlarının müdafiəsində Media Hüququ İnstitutu ilə yaxından və sıx əməkdaşlıq edən tanınmış vəkilə qarşı belə qanunsuz davranışlar hədsiz narahatlıq doğurur. Vəkilə qarşı belə qanunsuz addımlar onun müdafiə etdiyi, hüquqi yardıma ehtiyacı olan jurnalistlərin müdafiə hüququnun səmərəsini xeyli aşağı sala bilər”.

MHİ bəyan edib ki, vəkil Elçin Sadıqovun konfidensial saxlamağa haqlı olduğu bilgilərə, sənədlərə, qeydlərə görə çək-çevirə salınması “Vəkillər və Vəkillik Fəaliyyəti Haqqında” Azərbaycan Respublikası Qanununun ciddi pozuntusudur. Həmin qanuna görə, vəkili peşə borcunu həyata keçirməklə əlaqədar ona məlum olan hallar barədə dindirməyə məruz qoymaq olmaz. Peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar vəkillər tərəfindən toplanılan sənədlər və digər sübutlar, vəkil dosyeləri istintaq və məhkəmə orqanları tərəfindən tələb edilə və götürülə bilməz. Həmin qanun həmçinin vurğulayır ki, vəkillərə edilən bütün müraciətlər vəkillər tərəfindən sirr kimi qorunur. Tutulan, həbs edilən və ya məhkum edilən şəxslərə hüquqi yardımın göstərilməsi üçün vəkil ilə təklikdə görüşlər və məsləhətləşmələr üçün lazımi şərait yaradılmalı, konfidensiallıq təmin olunmalıdır. Konfedensial ünsiyyət təkcə söhbətləri yox, eyni zamanda bütün ünsiyyət formalarının, qeydlərin, məlumatların da konfedensial saxlanılmasını özündə ehtiva edir.

Səidə