Vəkillər Kollegiyasından müraciət

Vəkillər Kollegiyasından müraciət
Oxunma sayı: 1566

Vəkillər Kollegiyası pullu hüquqi xidmətlər sahəsində fərdi sahibkar qismində fəaliyyət göstərənlərin namizədliyi ilə bağlı məlumat yayıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, 2017-ci il 31 oktyabr tarixdə Mülki Prosessual, İnzibati Prosessual məcəllələrə və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklərə əsasən, 2018-ci il yanvarın 1-dən etibarən qeyri-vəkillərin məhkəmələrdə təmsilçilik hüquqlarına qanunvericilik səviyyəsində məhdudiyyətlər gətirilib.

Hüquq ictimaiyyəti arasında müzakirələrə səbəb olan bu dəyişikliklərin əsas məqamlarından biri də fərdi sahibkar qismində nümayəndəlik fəaliyyəti ilə məşğul olan hüquqşünasların fəaliyyətlərinin iş stajına bərabər tutulub-tutulmaması ilə bağlı idi. Belə ki, məsələyə birmənalı yanaşmanın mövcud olmamasının səbəbi milli qanunvericilikdə “iş stajı” anlayışına münasibətdə vahid yanaşmanın mövcud olmaması idi. Bu cür vəziyyət hazırda ölkə üzrə fəaliyyət göstərən “nümayəndə”lərin vəkilliyə sənəd qəbulu məsələsində maneə hesab edilirdi.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti qeyd olunan anlaşılmazlığın aradan qaldırılmasının, habelə 2018-ci yanvarın 11-dək vəkilliyə sənəd qəbulunun davam etdirilməsinin zəruriliyini nəzərə alaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ilə müraciət edib.

Sorğuya verilmiş cavabda qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddətləri sosial sığorta stajına daxil edilir. Eyni zamanda, “sosial sığorta stajı” dedikdə, iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) sığorta stajına daxil edilən dövrləri kimi başa düşülür.

Beləliklə, Vəkillər Kollegiyasının Rəyasət Heyəti fərdi sahibkar qismində fəaliyyət göstərən, son üç il ərzində müntəzəm qaydada məcburi dövlət sosial sığorta haqlarını ödəyən ali təhsilli hüquqşünasları Vəkillər Kollegiyasına sənəd verməyə dəvət edir.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi